• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 966
— 14.04.2021 12:08

Ermənilərin məhv etdiyi təbiət bərpa olunur

KepezTV Player

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin təşkilatçılığı ilə yerli kütləvi informasiya vastələrinin nümayəndələri üçün işğaldan azad edilən Cəbrayıl və Qubadlı rayonlarına mediatur təşkil olunub. Əməkdaşlarımızın da iştirak etdikləri mediatur çərçivəsində bir sıra ekoloji aksiyalar keçirilib. Ətraflı Elnur Vahidoğlunun videomaterialında.

Üz tutduğumuz ilk istiqamət Cəbrayıl rayonu idi. Yol boyu müşahidə etdiyimiz əsrarəngiz təbiət öz gözəlliyi ilə bizi valeh etməyə bilməzdi. Bu gözəlliyin verdiyi zövq və bu qədim torpaqların yenidən doğma sahiblərinə qayıtmasının sevinci ilə yanaşı, erməni qəsbkarlarının törətdikləri vəhşilikləri ürək ağrısı ilə izləyirdik. Hər kəsin qəlbində isə bir arzu var: bu yerləri yenidən abad, firavan görmək.

Bu gün bizim üçün sevincli bir gündür. İşğaldan azad olunan torpaqlarımıza ilk dəfə ayaq basırıq. Gördüyünüz o zirvə isə Lələtəpədir. Aprel döyüşlərində ordumuz tərəfindən ermənilərdən azad edilibdir. Biz bu zirvəni ziyarət etdikdən sonra işğaldan azad olunan torpaqlarımıza doğru hərəkət edirik.

Mina təhlükəsizliyi ilə bağlı xəbərdar edildikdən sonra, Cəbrayıl rayonunun Əmirvarlı kəndinə yol aldıq. Çox təəsüf ki, hər yerdə olduğu kimi, burada da erməni vandallığının şahidi olduq. Uçub-dağılmış evlər, ekoloji terrora məruz qalmış ərazilər, məhv edilmiş yaşıllıqlar ürəyimizi göynətməyə bilməzdi.

Biz hazırda Cəbrayıl rayonun Əmirvarlı kəndindəyik. Bu kənddə təbii yolla yəni heç bir əkilmə olmadan bu şərq çinarı bitib. Bu çinar erməni işğalçıları tərəfindən yandırılıb. Sonradan yenidən pöhrə verib. İlkin məlumata görə, bu çinarın təxminən 800 ilə yaxın yaşı var.

Cəbrayıldan sonra bizi öz azadlığına qovuşan daha bir rayon - Qubadlı qarşıladı. Səfər çərçivəsində burada məhv edilən təbiətin bərpası üçün ekoloji aksiyalar təşkil edildi.

Hazırda Qubadlı rayonun Bərgüşad və Həkəri çaylarının birləşdiyi ərazidəyik. Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən farel balıqları həmin çaylara buraxılır.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mütəmadi olaraq hər il keçirdiyi daxili su hövzələrinə balıq körpələrinin buraxılması prosesi bu ildən daha geniş miqyas alıb. Çünki həmin tədbirlər artıq işğaldan azad olunan ərazilərdə də reallaşdırılır.

Səfər IDEA İctimai Birliyi, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin təşkilatçılığı ilə “Ümumrespublika Yaşıllaşdırma Marafonu” çərçivəsində Qubadlı rayonunun Muğanlı kəndində ağacəkmə aksiyası ilə davam etdi. Ermənilər tərəfindən işğal vaxtı yaşıllıqların məhv edildiyi 2 hektara yaxın ərazidə ağacəkmə aksiyası keçirildi. Çalalar qazıldı, ərazi üçün xarakterik olan ağaclar əkildi, toxumlar səpildi.

Qubadlı rayonun Muğanlı kəndində keçirilən ağacəkmə aksiyasında biz də iştirak etdik. Kəpəz Müstəqil Teleradio şirkətinin kollektivi adından Gəncədən gətirdiyimiz xan çinarı əkdik. Bununla da Gəncə ilə Qubadlı arasında olan simvolik əlaqələrin daha da möhkəmlənməsi istədik.

Daha sonra Muğanlı kəndi ərazisində ermənilər tərəfindən dağılan tut tingçiliyi sahəsinə baxış keçirildi. Ümumiyyətlə, bu diyar Azərbaycanda ipəkçiliyin, baramaçılığın inkişafı ilə bağlı çox münbit şəraitə malikdir. Bu ərazidə vaxtilə 100 tona yaxın barama istehsal olunurdu. Burada əkilən tut ağacları da baramaçılığın inkişafına xidmət edirdi. Mənfur qonşularımız həmin ağacları da məhv ediblər.

Elnur Vahidoğlu