• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1519
— 12.04.2021 19:58

5 ay komada qalan şəhidimiz

KepezTV Player

Biz Babək deyəndə igid, ər, cəsur oğulu canlandırırıq gözümüzdə. Və bu adı sevə-sevə övladlarımıza da veririk. Deyirlər, ad insanların həyatına müəyyən mənada təsir edir. Bəlkə də elə onun da taleyi adı ilə bağlı idi. Bəlkə də onun igidliyi elə doğulan andan agah idi. Söhbət Babək Cəfərovdan gedir. O Babək ki, Vətən müharibəsində düşmənə qan uddurub, ağır yaralanmışdı. 5 ay komada qalan bu igidin sağalması üçün nə qədər dua etsək də onun qədərində şəhid olmaq, ən uca məqama yetmək var idi.

Daha bir şəhidimizdən geriyə qalan iki gül bala, xalqımıza əmanət olunan yadigarlar. Ailənin qonağı olanda babasının adını daşıyan balaca Məxsus mənə şəhidimizin şəkillərini görsətərib, "Atam burda Moskvadadır", "Burda işdədir" deyib məlumat verirdi. Cümlə qurmaqda, sözləri bir birinin ardınca qoyub söyləməkdə çətinlik çəkirdim. Bircə kəlmə "Vətən sağolsun, başını dik tut" dedim. Şəhidimizin qızı isə nisbətən sakit idi. Söhbət əsnasında anladım ki, atasının yolunu gözləyib. Babək komada olanda nənəsinə " atamı mənim əvəzimdən öp" deyirmiş.

1991-ci il avqust ayının 15-də dünyaya göz açmışdı. Ailənin sevimli övladı olan Babək, uşaq yaşlarından zəhmətkeş, çalışıb öz pulunu özü qazanan oğul idi. Hətta bir müddət Rusiyada yaşayıb, çalışsa da vətən sevgisi onu geri gəlməyə məcbur etdi. Döyüş yoldaşları isə onu " Qoca" deyə çağırarmış.

Şəkillərdən gülümsəyən şəhidimiz.... Hər şəhid ailəsinin qonağı olanda bir daha anlayıram ki, bu məqama ən yaxşılar, layiq olanlar yetir. Sanki Azərbaycanın ən seçilmiş övladları şəhidliyə ucaldılar.

Şəhidimiz ölümündən sonra, "vətən uğrunda", Hərbi xidmətdə fərqləndiyinə görə" və "Füzulinin azad olunmasına görə" medallarına layiq görülüb.