• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 2055
— 08.04.2021 18:05

Ermənilər Azıx mağarasında qanunsuz fəaliyyətləri ilə beynəlxalq konvensiyaları pozublar

KepezTV Player

Ermənilər 30 ilə yaxın müddətdə işğal altında saxladıqları ərazilərdə təkcə şəhər və kəndlərimizi, təbii sərvətlərimizi talayıb dağıtmayıblar, həm də Azərbaycanın tarixi-mədəni irsinə qarşı görünməmiş vandalizm həyata keçiriblər. Xalqımıza məxsus yüzlərlə daşınmaz tarixi, mədəni və dini abidələr dağıdılıb, təhqir edilib, saxtalaşmaya və mənimsənilməyə məruz qalıb.

Qarabağda ermənilərin ziyan vurduqları tarixi irsimizdən biri də nəinki Azərbaycanın, eləcə də dünyanın nadir mədəni sərvətlərindən olan Azıx mağarasıdır. Xocavənd rayonu ərazisində, dəniz səviyyəsindən 900 metr yüksəklikdə, Quruçay yatağında yerləşən Azıx mağarası dünyanın ən qədim yaşayış məskənlərindən biridir. Azərbaycan alimlərinin 1960-cı ildən başlayaraq burada apardığı tədqiqatlar nəticəsində mağaranın qədim yaşayış məskənlərindən biri olduğu üzə çıxıb. Burada aşkar olunan qədim insana məxsus alt çənə sümüyünün 350-400 min il yaşı var. Azıx mağarasında çənə sümüyündən başqa qədim insanlara məxsus müxtəlif alətlər və ocaq izləri də aşkar olunub. Bu alətlərin 1-1,5 milyon il əvvələ aid olduğu təsdiqlənib.

Erməni işğalçıları bir müddət Azıx mağarasını silah anbarına çevirib, sonra isə xarici alimləri də cəlb etməklə burada qanunsuz arxeoloji qazıntılar aparıblar. Bu kimi fəaliyyətləri ilə onlar beynəlxalq humanitar hüququ, UNESCO–nun “Silahlı münaqişələr zamanı mədəni mülkiyyətin mühafizəsi” və “Mədəni mülkiyyətin qanunsuz idxalı, ixracı və onun üzərində sahiblik hüququnun ötürülməsinin qadağan edilməsi vasitələri” haqqında Konvensiyaların müddəalarını da kobud şəkildə pozublar.

Millət vəkilinin sözlərinə görə, hələ Sovet dövründə ermənilər Azıx mağarasını - Azərbaycana məxsus olan bu qədim sərvəti özününküləşdirmək, tarixi mənimsəmək üçün təxribatçı fəaliyyətlərlə məşğul olublar.

Ermənilər Azıx mağarasında qanunsuz qazıntılar aparmaqla düşərgənin stratiqrafiyasını, onun planını tamamilə korlayıblar. Mədəni təbəqələri pozub, dağıntılar aparıblar. Bu isə dünya arxeologiyasına vurulmuş böyük zərbədir.