• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 2615
— 06.04.2021 20:34

İƏT-in nümayəndələri Ağdam və Gəncəyə səfər ediblər

KepezTV Player

İslam Əməkdaşlıq Təşkilatının Ermənistanın Azərbaycana qarşı təcavüzünə dair Təmas Qrupuna daxil olan ölkələrin daimi nümayəndələri işğaldan azad olunan Ağdam şəhərinə səfər ediblər.

Diplomatlar şəhərin mərkəzində yerləşən Ağdam Mərkəzi Bankı, Mədəniyyət evi, Dövlət Dram Teatrı, regionda yeganə olan "Müdriklər parkı"nın dağıntılarına baxıblar. Təşkilatın təmsilçilərinə erməni işğalı, törədilən vandalizm aktları barədə məlumat verilib. Qeyd olunub ki, Ağdam işğaldan əvvəl inkişaf etmiş və sosial rifahın ən yüksək səviyyədə olduğu rayonlardan biri olub.1993-cü ildə Ermənistan tərəfindən işğal olunan rayon erməni duldurları tərəfindən tamamilə dağıdılıb.

Əhməd Kavesa Senqendo İƏT-in Baş katibinin İqtisadi məsələlər üzrə köməkçisi: “İndiyə kimi gördüyümüz mənzərə çox ürəkağrıdıcıdır. Təəssüf hissi ilə qeyd etmək istəyirəm ki, bizimlə eyni bəşəriyyəti bölüşən insan məxluqları belə vəhşiliklər törədiblər. İslam Əməkdaşlıq Təşkilatının hər zaman Azərbaycanın torpaqlarını azad etmək hüququnu tanıyır və bunu ədalətli mövqe kimi qəbul edir. Öz qətnamələrində də bunu Azərbaycanın haqqı olaraq tanıyıb. Quruma üzv olan ölkələr Azərbaycana hər zaman siyasi dəstək göstərib. İndi biz bu ərazilərin azad olduğunu görürük. Təşkilata üzv olan dövlətləri də bu ərazilərin yenidən qurulmasına və bərpa işlərinə qatılmağa çağırıram. Ümidvaram ki, onlar dəstəyə davam edəcək. Ərazidə kifayət qədər görüləsi işlər var. Bu işlərdə hər zaman İslam Əməkdaşlıq Təşkilatı Azərbaycanın yanında olacaq”.

Rizvan Səid Şeyx Pakistanın İƏT-də nümayəndəliyinin rəhbəri:“İslam Əməkdaşlıq Təşkilatının Kontakt Qrupunun üzvləri olaraq 44 günlük müharibədən sonra ilk dəfədir bu ərazilərə səfər edirik. Təxminən 30 il ərzində ermənilər tərəfindən kifayət qədər dağıntılar törədilib. Biz artıq öz gözümüzlə görürük ki, ərazilər hansı vəziyyətdədir. Onu da qeyd edim ki, əməkdaşlıq təşkilatı hər zaman Ermənistanın əleyhinə olaraq Azərbaycana siyasi dəstək verib. Pakistan da dövlət olaraq Azərbaycana öz dəstəyini göstərib. Ümidvaram ki, artıq sülh bərpa olunur. Bundan sonra yenidənqurma işlərinə start veriləcək. Gələn il İslamabadda İslam Əməkdaşlıq Təşkilatının xarici işlər nazirlərinin görüşü keçiriləcək. Həmin görüşdə biz də kontakt qrupun üzvləri olaraq gördüklərimiz barədə məruzə ilə çıxış edəcəyik. Belə bir çağırış etmək niyyətindəyik ki, quruma üzv olan bütün ölkələr Azərbaycanın işğaldan azad olunmuş ərazilərinin iqtisadi cəhətdən bərpasına kömək etsinlər”.

İƏT nümayəndələri Gəncəyə səfər edib

İslam Əməkdaşlıq Təşkilatının Ermənistanın Azərbaycana qarşı təcavüzünə dair Təmas Qrupuna daxil olan ölkələrin daimi nümayəndələri Ağdamdan sonra Gəncə şəhərinə səfər ediblər. Nizami yurduna təşkilatın 9 ölkəsindən olan 15 nəfərdən ibarət nümayəndə heyəti  təşrif buyurub. Səfərin məqsədi İkinci Qarabağ müharibəsi dövründə Ermənistanın Gəncədə törətdiyi müharibə cinayətləri ilə yerində tanış olmaqdır. Burada qonaqlara şəhərə atılan raketlər nəticəsində dağılan evlər və həlak olanlar barəsində ətraflı məlumat verilib.

Əhməd Kavesa Senqendo İƏT-in Baş katibinin İqtisadi məsələlər üzrə köməkçisi: Biz Azərbaycan təşəkkür edirik ki, bizə fürsət yaradıldı ki, Gəncədə ermənilər tərəfindən törədilən bu terror hadisələrini öz gözlərimizlə görək. Həm Azərbaycan hökumətini, həm də Azərbaycan xalqını zəfərə nail olduqları üçün ürəkdən təbrik edirəm. Biz bu müharibədə şəhid olan hərbçilərə və mülki şəxslərə görə dua edirik. Onların qanı yerdə qalmayıb, torpaqlar işğaldan azad olunub. Biz İƏT olaraq siyasi müstəvidə Azərbaycana hər zaman qətnamələr vasitəsilə dəstək olmağa çalışmışıq. Həmçinin BMT-nin Azərbaycan lehinə qətnamələr qəbul etməsi üçün əlimizdən gələni etmişik. Sülh məsələsi daimi olmalıdır və köçkünlər öz torpaqlarına  qayıtmalıdır. Arzu edirəm ki, növbəti səfərimiz zamanı bu dağıdılan əraziləri bərpa edilmiş formada görərik.

Abubakr Cah Qambiyanın İƏT-dəki nümayəndəsinin müavini: Əvvəlcə onu deyim ki, burada gördüyümüz mənzərə çox ürəkağırıdıcıdır. Biz kifayət qədər böyük dağıntıların şahidi olduq. Allaha dua edirəm ki, belə faciə bir daha yaşanmasın. Bizim burada gördüklərimiz onu deməyə əsas verir ki, Azərbaycanın mülki əhalisinə qarşı ermənilər bu cür genişmiqyaslı vəhşilik törədiblər. Biz bütün baş verən bu hadisələri dünya ictimaiyyəti, eyni zamanda  İslam Əməkdaşlıq Təşkilatının üzv dövlətləri olaraq qınayırıq və pisləyirik. Gəncədə dinc insanlara qarşı törədilən bu cinayət böyük bir terror nümunəsidir. Mən bu səfərə Azərbaycana həmrəylik nümayiş etdirmək üçün qatılmışam. Biz siyasi dəstəyimizi göstərmişik. İndi isə yenidənqurma və bərpa işlərində əlimizdən gələni edəcəyik.