• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 2456
— 25.03.2021 17:49

Qarabağda yeni həyat başlayır

KepezTV Player

Müzəffər Ordumuz 44 günlük Vətən müharibəsini zəfərlə bitirdikdən dərhal sonra Ali Baş Komandanın işğaldan azad edilən ərazilərimizə səfərlər etməsi artıq ənənə halını alıb. Ölkə başçısı İlham Əliyevin bu səfərləri erməni vandallarının illərdir daşı-daş üstə qoymadıqları torpaqlarımıza yenidən həyat qaytarılacağını, dağıdılmış şəhər, rayon, qəsəbə və kəndlərin abadlaşacağından xəbər verir.

Hazırda qarşıda duran əsas məsələ Qarabağ torpaqlarına qayıdışı uğurla və qısa müddətdə həyata keçirməkdir. Prezident İlham Əliyevin də müsahibələrində, açıqlamalarında əsas xətti tezliklə insanları işğaldan azad olunan torpaqlara, doğma yurd yuvalarına qaytarmaq təşkil edir.

Ölkə başçısının Qarabağa ardıcıl səfərləri zamanı avtomobil yollarının təməlinin qoyulması bir daha göstərir ki, ən ümdə vəzifə bərpa, quruculuq işlərinin görülməsidir. Prezident İlham Əliyevin siyasi iradəsi, Ordumuzun gücü, milli birliyimiz ilə azadlığına qovuşan bölgələrimizə doğru uzanan yollar, infrastruktur yenidən qurulur, həyat yenidən canlanır.

Azərbaycanın mədəni paytaxtı və bütün Qafqazın incisi hesab olunan Şuşada Prezidentinn tapşırığına əsasən və dövlət başçısının bilavasitə nəzarəti altında qədim tarixi və memarlıq üslubu qorunub saxlanılmaqla tarixi və dini abidələrin, muzeylərin planlı şəkildə bərpa olunması istiqamətində məqsədyönlü tədbirlər görülür. Yenidənqurma işləri nəticəsində Şuşa dünyanın ən gözəl şəhərləri siyahısında öz layiqli yerini tutacaq.

Tarixi ədalətin bərpa edilməsi nəticəsində əsl sahibinə qaytarılan Qarabağda qarşıdakı yaxın zamanda aparılacaq quruculuq işləri sayəsində bölgənin həyatında yeni mərhələ başlayacaq, Prezident İlham Əliyevin vurğuladığı kimi “Böyük Qayıdış” keyfiyyətcə yeni bir həyata qayıdış olacaq.