• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1688
— 20.03.2021 20:23

Baharı qürurla qarşıladan şəhidlərimiz ziyarət olunub

KepezTV Player

Vətənimizin müstəqilliyi, torpaqlarımızın azad olunması naminə ölümü gözə alan igidlərimiz müqəddəs bir amal uğrunda şəhid olublar. Şəhidlik ünvanı əbədiyyət olan zirvədir. Onlar o zirəyə ucaldığı üçün  biz  bu gün bayramı evlərimizdə rahat qeyd edə bilirik. Kəpəz TV-nin əməkdaşları da bu gün Şəhidlər Xiyabanında igidlərin xatirəsini yad ediblər.

Bu gün torpaqlarımızın azadlığını, bütövlüyünü, bu vətəndə firavan yaşamağımızı şəhidlərimizə və qazilərimizə borcluyuq. Ona görə də Azərbaycanın qədim bayramı olan Novruzda bu müqəddəs məkanı ziyarət etməyi özümüzə borc bildik.

Azərbaycan Vətən müharibəsində göstərilən igidliklə adını dünyanın hərb tarixinə qızıl hərflərlə yazdırdı. Şəhid verdik, Vətən uğrunda sağlamlığını itirdi oğullarımız. Heç nə yaddan çıxmır, heç kim unudulmur. Kəpəz Televiziyasının əməkdaşları arasında da müharibənin iştirakçısı olanlar oldu. 6 nəfər Vətən savaşında rəşadətlə vuruşub.

Orxan Cəfərzadə  Kəpəz TV-nin əməkdaşı, müharibə iştirakçısı:Bu gün bizim şəhidlərimizi ziyarət etməyimiz mənəvi borcumuzdur. Çünki bizim bayram gününü qeyd etməyimizi şəhidlərimizə borcluyuq. Mən də müharibəni görmüş müharibə iştirakçısı kimi deyə bilərəm ki, bizim də əsgər yoldaşlarımız yaralandı, şəhid oldu. Bu gün bizim ən böyük fəxr yerimiz şəhidlər xiyabanıdır. Biz televiziya işçiləri olaraq da buranı ziyarət etməyi qarşımızda məqsəq qoymuşduq. Və onu deyə bilərəm ki,  bu gün ölkənin, Azərbaycanın dünyaya tanıdılmasında, Azərbaycanın gücünün göstərilməsində şəhidlərimizin əvəzsiz rolu olub.

Elnur Şabanzadə Kəpəz TV-nin əməkdaşı, müharibə iştirakçısı: Müharibə iştirakçısı olaraq bizim əsas vəzifə borclarımızdan biridir ki, vətən uğrunda canından qanından keçmiş şəhidlərimizi ziyarət etmək borcumuzdur. Biz onlar sayəsində ayaqdayıq.Və ona görə də həmişə diqqət mərkəzində saxlayırıq şəhidləri və mənəvi borcumuzdur bura gəlmək.

Zaur Nağıyev  Kəpəz TV-nin əməkdaşı, müharibə iştirakçısı: Kəpəz tv kollektivi olaraq gəlmişik şəhidlərimizi ziyarət etməyə. Vətən uğrunda vətən yolunda gedən şəhidlərimizin ziyarətinə. Bu bayram günündə biz gəlib ziyarət edə biliriksə, biz bu şəhidlərimizə qazilərimizə borcluyuq. Mənim öz xalam oğlu Hikmət də şəhid olub Murov dağ istiqamətində gedən döyüşlərdə. Onun timsalında da bütün şəhidlərimizə rəhmət diləyirəm.

Bu Xiyaban hər gün ziyarətçilərlə dolub-boşalır. Vətən torpağında vətən üçün uyuyanlar qarşısında əbədi borcu yerinə yetirmək üçün. Çünki şəhidlərimiz hər bir azərbaycanlının qəlbində ən gözəl zirvəyə ucalıblar.

Alimə Hüseynova  ziyarətçi: Gəlmişik bu gün bayram günüdü deyə onları ziyarət edək. Allah ailələrinə səbr versin. Allah bütün şəhidlərimizə rəhmət eləsin.

Onlar öz ölümləri ilə əbədiyyəti, ölməzliyi qazandılar. Geridə valideyn, yar, övlad qoydular. Hər birinin yeganə amalı var idi – Bütöv Azərbaycan. Nə xoş bizə ki, artıq ürəklə Qarabağlı Azərbaycanın vətəndaşıyıq deyə bilirik. Artıq bayramlarda “gələn ili Qarabağda, Şuşada, Cıdır düzündə qeyd edərik” deməyəcəyik. Çünki o arzumuz bu igidlərin sayəsində reallaşdı. Məkanınız Cənnət, ruhunuz şad olsun Vətən oğulları.