• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1228
— 20.03.2021 20:07

Novruzu Şuşada qeyd etmək böyük xoşbəxtlikdir

KepezTV Player

Azərbaycan xalqı qədim-qayım bayramı – Novruzu qeyd edir. Bu gün Bakı vaxtı ilə saat 13:37-də Bahar ölkəmizə qədəm qoyub. Prezident İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və qızları Leyla Əliyeva Şuşada Cıdır düzündə bayram tonqalı alovlandırıblar.

İlham Əliyev Azərbaycan Respublikasının Prezidenti: Əziz bacılar və qardaşlar, mən sizin hamınızı Novruz bayramı münasibətilə ürəkdən təbrik edirəm! Bütün Azərbaycan xalqına cansağlığı, xoşbəxtlik arzulayıram! Biz bu il Novruz bayramını Şuşada, Cıdır düzündə qeyd edirik. Bu, tarixi hadisədir. 2004-cü ildən başlayaraq, hər il mən Azərbaycan xalqını Novruz bayramı münasibətilə təbrik edərkən deyirdim ki, biz öz doğma torpaqlarımıza qayıdacağıq. Deyirdim ki, biz ölkəmizin ərazi bütövlüyünü bərpa edəcəyik. Deyirdim ki, biz Novruz bayramını torpaqlarımız işğaldan azad olunandan sonra Qarabağda qeyd edəcəyik və bu gün gəldi. Bu gün biz Novruz bayramını qədim şəhərimizdə, Azərbaycanın mədəniyyət paytaxtı Şuşada qeyd edirik. Bu, tarixi hadisədir. Bu, böyük xoşbəxtlikdir. Allah Azərbaycan xalqının dualarını eşitdi. Hər il Novruz bayramı ərəfəsində hamımız yəqin ki, fikirləşirdik, bir-birimizə deyirdik, inşallah, gələn il Novruz bayramını Qarabağda qeyd edək, gələn il Novruz bayramını Şuşada qeyd edək və bu gün gəldi. 28 ildən sonra biz Şuşaya qayıtdıq. Novruz bayramını Cıdır düzündə qeyd edirik, tarixi ədaləti bərpa etmişik.

"Şuşa Azərbaycan xalqının ruhunu qoruya bildi"

Prezident İlham Əliyev deyib ki, Şuşa 28 il mənfur düşmən tərəfindən dağıdılırdı, məhv edilirdi. Tarixi siması dağıntılara məruz qalırdı. Düşmən Şuşanı erməniləşdirmək istəyirdi. Şuşada Azərbaycan xalqının irsini silmək istəyirdi. Ancaq buna nail ola bilmədi.

İlham Əliyev Azərbaycan Respublikasının Prezidenti: Şuşa Azərbaycan xalqının ruhunu qoruya bildi və bizi gözləyirdi. Biz də gəlməli idik və gəlmişik. Ancaq gəlmək üçün güc toplamalı idik, gəlmək üçün hazırlıq işləri aparılmalı idi. Bütün istiqamətlər üzrə hazırlıq işləri aparılmalı idi və aparılırdı. Biz ölkəmizin inkişafını təmin etməli idik. Xalqımızın birliyini təmin etməli idik. Vətəndaş müharibəsindən çıxmış ölkə üçün, xalq üçün bu, o qədər də asan məsələ deyildi. Vətəndaş müharibəsindən sonra bu günə qədər ölkədə gedən proseslər xalqımızı vahid ideya uğrunda, vahid amal uğrunda, torpaqlarımızın azad edilməsi amalı uğrunda birləşdirdi. Biz bu milli birliyi, milli həmrəyliyi təmin edə bildik. Bu, olmasa idi, bu Qələbə də olmayacaqdı.

"Hərbçilərimiz ən yüksək qiymətə layiqdirlər"

Azərbaycanın Qarabağ münaqişəsi ilə bağlı həqiqətləri beynəlxalq müstəvidə dünya ictimaiyyətinə çatdırdığını, beynəlxalq hüququ əks etdirən, ona əsaslanan vacib qərar-qətnamələri qəbul etdirdiyini diqqətə çatdıran dövlət başçısı vurğulayıb ki, son illər ərzində Azərbaycan qədər sürətlə inkişaf edən ölkə bəlkə də dünyada yoxdur.

İlham Əliyev Azərbaycan Respublikasının Prezidenti: Biz güclü ordu yaratmışıq. Peşəkar ordu yaratmışıq. Qəhrəman ordu yaratmışıq. Hərbçilərimiz ən yüksək qiymətə layiqdirlər. Biz müharibə dövründə şəhidlər vermişik. Allah bütün şəhidlərimizə rəhmət eləsin. Allah onların yaxınlarına səbir versin. Biz Şuşanı qan tökərək azad etmişik, Şuşa uğrunda ciddi döyüşlər gedirdi. Laçın dəhlizi boyunca işğalçıların qalıqları səpələnmişdi, yüzlərlə, bəlkə də minə qədər işğalçı Şuşa döyüşlərində məhv edildi. Hərbçilərimiz sıldırım qayalardan qalxaraq, dərədən-təpədən, Xocavənd meşələrindən, cığırlardan keçərək yüngül silahlarla Şuşaya gəldilər. Yüngül silahlarla, tapançalarla, süngü-bıçaqla mübarizə apardıq. Amma bizə qarşı burada toplardan, tanklardan istifadə olundu. Amma düşmən bizim gücümüzü gördü, iradəmizi gördü, milli ruhumuzu gördü və məğlub oldu.

"Heç kim bundan sonra bizi buradan çıxara bilməz"

Dövlət başçısı qeyd edib ki, Şuşanın azad edilməsi Vətən müharibəsində xüsusi yerə malik olan hadisədir. Şuşa bizim hədəfimiz idi və biz bu hədəfə doğru gedirdik. Azad edilmiş bütün torpaqlarda Azərbaycan Ordusunun yerləşməsi Şuşanın azad olunmasını da şərtləndirmişdi. Müharibənin ilk günlərindən düşməndən torpaqlarımızdan çıxmaq üçün tarix verməsini tələb etdiyini xatırladan Prezident İlham Əliyev vurğulayıb ki, tarix verilən kimi, kapitulyasiya aktı imzalanan kimi müharibə dayandı və biz bir güllə atmadan, bir itki vermədən Ağdam, Kəlbəcər və Laçın rayonlarına da qayıtmışıq.

İlham Əliyev Azərbaycan Respublikasının Prezidenti: Beləliklə, ərazi bütövlüyümüzü bərpa etdik. Yenə də deyirəm, biz hazırlaşmalı idik, Şuşa bizi gözləyirdi. Amma biz elə gəlməli idik ki, bu məsələni birdəfəlik həll edək. Son illər ərzində mən həm çıxışlarda, həm müsahibələrdə dəfələrlə demişəm ki, bizə məsələnin yarımçıq həlli lazım deyil. Bu, nə deməkdir, Azərbaycan xalqı yəqin ki, gözəl başa düşür. Mən demişdim ki, hər şeyi vaxtında etmək lazımdır. Nəyi, nə vaxt, necə etmək lazımdır, bilirəm. Mənim üçün torpaqların azad edilməsindən daha ümdə vəzifə heç vaxt olmamışdır. Bütün prezidentlik dövrümü mən buna həsr etmişəm. Hər bir qərarın arxasında bu məqsəd, bu hədəf dayanmışdı - bu addım bizi qələbəyə yaxınlaşdıracaqmı, yoxsa yox. Deyirdim ki, hər birimiz hər gün qələbəni yaxınlaşdırmalıyıq. Mənim çıxışlarım var, onlar tarixdə qalır. Hər gün hər birimiz qələbəni yaxınlaşdırmalıyıq. Yaxınlaşdırdıq, hazırlaşdıq, gəldik düşməni məğlub etdik, məhv etdik. Gəlmişik və burada dayanmışıq. Müzəffər Ordunun Ali Baş Komandanı kimi dayanmışam qədim Azərbaycan torpağında və heç kim bundan sonra bizi buradan çıxara bilməz.

Şuşada ermənilərin tarixi yoxdur

“Şuşa bizim qədim şəhərimizdir. Erməni təbliğatı, saxta alimlər, fırıldaqçı siyasətçilər, beynəlxalq dairələr nə qədər desələr də, xeyri yoxdur, tarix var. Pənahəli xan Şuşanın təməlini qoydu, Şuşanı tikdi, qurdu. Biz isə Şuşanı əsarətdən çıxardıq və xalqımıza, dövlətimizə qaytardıq”, - deyən İlham Əliyev bildirib ki, son 28 il ərzində mənfur düşmən nə qədər çalışsa da, Şuşanın Azərbaycan ruhunu, Azərbaycan görkəmini dəyişdirə bilməyib.

İlham Əliyev Azərbaycan Respublikasının Prezidenti: Bəli, evlər sökülüb, tarixi abidələr sökülüb, məscidlər sökülüb, bir neçə eybəcər bina tikilib. Faktiki olaraq burada heç bir tikinti aparılmamışdır. Ancaq sovet vaxtından qalan o “xruşşovkalarda” məskunlaşmış 2 minə yaxın erməni yaşayırdı, onların da böyük hissəsi hərbçilər idi, onların ailələri idi. Əgər bu, erməni şəhəri idisə, niyə ermənilər gəlib burada yaşamadılar? Çünki ermənilərin tarixi yoxdur burada. Əgər erməni şəhəridirsə, niyə belə bərbad günə qoyublar? Niyə talayıblar Şuşanı, niyə 28 il ərzində bərpa etməyiblər? Bəs, hanı bunların xeyriyyəçiləri? Deyirdilər ki, xeyriyyəçilər bunu etdilər, onu etdilər, ora pul verdilər, bura pul verdilər. Hər il marafonlar keçirirdilər, on milyonlarla dollar pul yığırdılar. İndi bilinir ki, o pullar keçmiş rəhbərliyin cibinə gedirdi. Mən azad edilmiş torpaqlara dəfələrlə gəlmişəm. Burada olan səfalət bəlkə də dünyanın heç bir yerində yoxdur. Bəs, nə ediblər onlar? Hamısı yalan idi, saxta idi, tarixi necə saxtalaşdırıblar, reallığı da elə saxtalaşdırıblar.

"Bu torpaqları bərpa edəcəyik, çünki sahibləri bizik"

Dövlət başçısı diqqətə çatdırıb ki, artıq Şuşada bərpa işlərinə start verilib. Biz nəinki Şuşanı, azad edilmiş bütün torpaqları bərpa edəcəyik. Quruculuq işləri başlayıb, infrastruktur layihələrinə start verilib. Həmçinin ziyanın hesablanması aparılır, şəhərlərin baş planları hazırlanır. Artıq Ağdam rayonunun baş planının ilkin versiyası Prezidentə təqdim edilib.

İlham Əliyev Azərbaycan Respublikasının Prezidenti: Ermənilər 30 il bizim torpaqlarımızı dağıdıblar. Biz isə bu torpaqları bərpa edəcəyik, çünki bu torpaqların sahibləri bizik - Azərbaycan xalqıdır… Bizim müharibəmiz - İkinci Qarabağ müharibəsi bu gün dünyanın aparıcı ölkələrinin hərbi məktəblərində öyrənilir. Biz XXI əsrin müharibəsini aparmışıq, düşməni məhv etmişik. Erməni ordusu yoxdur, biz onu məhv etmişik. Bu gün Novruz bayramını Cıdır düzündə qeyd edərkən qürur hissi ilə deyirəm: “Şuşa sən azadsan!”, “Şuşa Azərbaycandır!”, “Qarabağ Azərbaycandır!”