• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1148
— 17.03.2021 19:39

Şəhidlərin xatirəsinə bulaq kompleksi inşa olunub

KepezTV Player

Goranboyun Sarov kəndində torpaqlarımızın bütövlüyü uğrunda şəhid olan vətən oğullarının əziz xatirəsinin əbədiləşdirilməsi üçün bulaq kompleksi inşa olunub. Bulaq kompleksində kəndin və rayonun şəhidləri, qaziləri haqda məlumatları əks etdirən löhvə də qoyulub.

Sarov kəndi Goranboyda vətənpərvər, mərd oğulların yurdu kimi tanınır. Təsadüfi deyil ki, kəndin sakinləri həm I, həm də II Qarabağ müharibəsində vuruşaraq igidlik göstərib, qəhrəmanlıq salmanəsi yazıblar. I Qarabağ müharibəsində Sarovdan 75 nəfər iştirak edib. Onlardan 5-i şəhid olub, 3-ü sağlamlığını itirərək qazi adını alıb. Ölümündən sonra Azərbaycanın Milli Qəhrəmanı adına layiq görülən Ənvər Fərəcov və “Azərbaycan Bayrağı” ordeni ilə təltif olunan Qahir Hüseynov da bu kənddə anadan olub.

Zəfərlə yekunlaşan 44 günlük Vətən müharibəsində Sarov kəndinin 15 sakini döyüşlərə qatılaraq Qarabağın azadlığı yolunda canını qoyub, müxtəlif medallara layiq görülüb. Bu gün kənd camaatı onlarla fəxr edir, qürrələnir. Şəhidlərin daim xatirələrinin əziz tutulacağını, belə oğulların qəlblərdə yaşayacağını bildirir. Qəhrəmanları əbədiləşdirmək məqsədilə adlarının küçələrə, parklara, məktəblərə verilməsi, ehsan bulaqların tikilməsi bunun sübutudur. Elə Sarovda şəhidlərin xatirəsinə inşa olunan bulaq kompleksi də bu işin tərkib hissəsi kimi kənd gənclərinin təşəbbüsü və sakinlərin şəxsi vəsaiti hesabına ərsəyə gəlib. Bu addım uşaqdan-böyüyə hər kəsdə qürur hissi oyadıb.