• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1206
— 17.03.2021 19:05

Prezident İlham Əliyev Şuşa şəhərində olub

KepezTV Player

Prezident İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və qızları Leyla Əliyeva Şuşa şəhərində olublar. Dövlət başçısı Şuşada Vaqifin məqbərəsinin bərpası işləri ilə tanış olub, reallaşdırılacaq layihələr barədə danışıb. Qeyd edib ki, məscidlərin bərpası ilə bağlı göstərişlər verilib, ermənilərin 30 il ərzində qurutduğu bulaqlar, Şuşa rəsm qalereyası da bərpa olunacaq.

Şuşada Azərbaycanın böyük şairi Molla Pənah Vaqifin məqbərəsinin bərpası layihəsini Heydər Əliyev Fondu öz vəsaiti hesabına, Fonda xas olan zövqlə, Mehriban Əliyevanın rəhbərliyi ilə həyata keçirir. Layihənin icrası zamanı məqbərənin əvvəlki vəziyyətinin bərpasına xüsusi diqqət yetiriləcək. 1992-ci ildə ermənilər Şuşanı işğal edərkən bu abidəni də vəhşicəsinə dağıdıblar. 

İlham Əliyev - Azərbaycan Respublikasının Prezidenti: Mən bu şəkilləri arxivdən tapmışdım. Vaqif poeziya günləri keçirilir, 1982-ci ilin yay ayında. Məqbərənin önündə ulu öndər Heydər Əliyev. İnsanlar da bax, burada, bu tədbirdə iştirak edirdilər. Keçən dəfə burada olarkən bu yerə fikir verdim və dedim ki, arxivdən şəkillər tapılsın, burada nə olub və bu şəkil tapıldı. Görürsünüz, Vaqifin təsviri bax, bu divarda olmuşdur. Mənfur düşmən bunu da sökdü, bu mərməri də sökdü. Bu da qəbirin üstündə sinə daşı idi. Vandal erməni bunu da söküb. Bunu bərpa edəcəyik. Ulu Öndərin o vaxt Şuşaya səfəri ilə əlaqədar daha bir neçə şəkil tapmışam arxivdən, mən də buradayam. Bu da Cıdır düzündə. Bunu bir dəfə göstərmişdim, Natəvan bulağının önündə. Bir şəkil də var, onu da göstərməliyəm. Burada Vaqifin büstü də var idi. Keçən dəfə Şuşada olarkən mən göstərdim ki, ermənilər büstü söküb dükan tikiblər. Bax, budur. Vaqifin büstü, Ulu Öndər də baxır. Bu büstü də bərpa edəcəyik.

Prezident İlham Əliyev, Mehriban Əliyeva və Leyla Əliyeva Pənahəli xanın sarayının qalıqlarına baxıblar. Bu tikili Şuşa şəhərinin tarixi mərkəzində yerləşir və Qarabağ xanlığının banisi Pənahəli xanın iqamətgahı olmuş tarixi saray idi. Erməni vandalları işğal zamanı bu tarixi binanı da dağıdıblar. 
İlham Əliyev - Azərbaycan Respublikasının Prezidenti: Bura Pənahəli xanın sarayı olub. Şuşanı quran, Şuşanı salan Pənahəli xan özü üçün burada saray tikdirib. İndi görün, ermənilər nə günə salıblar bu sarayı. Tarixi abidə idi. Mənfur düşmən gəlib bizim torpağımızı zəbt edib, insanları qovub, tarixi abidələrimizi dağıdıb, söküb, vandallıq edib, barbarlıq edib. Bütün beynəlxalq təşkilatlar gəlsinlər, görsünlər bunu. Erməniləri müdafiə edən, onları dəstəkləyən, onlara həmişə arxa, dayaq olan dairələr gəlsinlər, görsünlər bu vəhşilər nə ediblər. Azad edilmiş torpaqlar erməni vəhşiliyinin şahididir. Dünya tarixində buna oxşar vəhşilik bəlkə də olmamışdır. Gələsən, başqasının torpağında yaşayasan, sonra fürsətdən istifadə edib buradan yerli əhalini qovasan, öldürəsən, yandırasan, soyqırımı törədəsən. Sonra da o xalq ki, sənə qucaq açıb, səni qəbul edib, sənə burada yaşamağa imkan verib, onun tarixi abidəsini bax, bu günə qoyasan. Vəhşilik. Mən deyəndə ki, sanki vəhşi qəbilə keçib buradan, bax, bu mənzərəni nəzərdə tuturam”. 

Dövlət başçısı, birinci xanım və Leyla Əliyeva Molla Pənah Vaqifin büstünün qoyulacağı əraziyə gəliblər. Vaqifin büstünün bərpası layihəsi də Heydər Əliyev Fondu tərəfindən icra olunacaq. 
Bu, postamentin bünövrəsidir. Ermənilər dağıdıblar, biz bərpa edəcəyik. Erməni vandalları işğal zamanı Şuşa şəhərinin mərkəzi meydanında yerləşən, XIX əsrə aid Karvansaray tarix-memarlıq kompleksini də dağıdıblar. 
Karvansaray tarix-memarlıq kompleksində olarkən dövlət başçısına burada görüləcək işlərlə bağlı məlumat verilib. 
Şəhərdə erməni vəhşiliyi ilə üz-üzə qalan tikililərdən biri də Şuşa Dövlət Rəsm Qalereyasının binasıdır. Qalereya 1982-ci ildə yaradılıb və işğal dövrünədək - 1992-ci ilədək fəaliyyət göstərib. 

İlham Əliyev - Azərbaycan Respublikasının Prezidenti: Bura Şuşa şəhərinin rəsm qalereyası olub. Azərbaycan hökuməti burada qalereya təşkil etmişdi. İşğal zamanı düşmənlər buradan öz məqsədləri üçün istifadə etmişlər. İndi tamamilə yenidən bərpa ediləcək və yenə də rəsm qalereyası kimi fəaliyyət göstərəcək.
İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və qızları Leyla Əliyeva “Qarabağ” mehmanxanasında aparılacaq təmir-bərpa işləri ilə tanış olublar. Mehmanxana ötən əsrin 80-ci illərinin əvvəllərində inşa edilib. Bina baxımsızlıqdan tamamilə yararsız vəziyyətə düşüb. Burada görüləcək işlər nəticəsində mehmanxana müasir səviyyəyə çatdırılacaq və Şuşa şəhərinə səfər edəcək qonaqların rahatlığı üçün bütün şərait yaradılacaq. 

İlham Əliyev - Azərbaycan Respublikasının Prezidenti: Otelin otaqları belə olacaq. İşğal dövründə oteli də demək olar ki, dağıdıblar, burada cəmi bir mərtəbə işləyib. Pis vəziyyətdə idi, qısa müddət ərzində şourum kimi hazırlanıb. Otelin bütün otaqları bu stildə olacaq. …“Qarabağ” otelində gedən yenidənqurma işləri ilə tanış olduq. İşğal dövründə otel faktiki olaraq fəaliyyət göstərmirdi, cəmi bir, ya iki mərtəbə fəaliyyət göstərirdi. Bu otel də sovet dövründə Azərbaycanın büdcəsi hesabına tikilmişdir və ona “Qarabağ” adı verilmişdir. Sonra mənfur düşmən otelin adını dəyişdirib “Şuşi palace” qoyub. “Şuşi” adlı bir şəhər yoxdur, olmayıb və heç vaxt olmayacaq. 
Prezident İlham Əliyev, birinci xanım Mehriban və qızları Leyla Əliyeva Şuşa Xalça Muzeyində də olublar. Qarabağ xalçaçılıq sənəti ənənələrinin öyrənilməsi, qorunması və yaşadılması məqsədilə yaradılan bu muzey də işğal zamanı ciddi ziyan görüb. Dövlət başçısı həmçinin Şuşada Park otelin yerləşəcəyi binaya da baxıb. Yenidənqurmadan sonra otel qonaqlarını müasir səviyyədə qarşılaya biləcək. 

İlham Əliyev - Azərbaycan Respublikasının Prezidenti: Burada keçmiş sanatoriya korpusu olub. İşğal dövründə buradan kiçik otel kimi istifadə etmişlər, amma çox primitiv qaydada. Çox biabırçı bir şərait var idi. İndi yenidən bərpa edilir. Bu da şourumdur, otelin otaqları bax belə olacaq və bu il otel artıq istifadəyə veriləcəkdir. Şuşa sanatoriyasına da baxış keçirdik. Orada da korpusların bir çoxu ermənilər tərəfindən dağıdılıb. Amma bəzi korpuslardan istifadə etmək mümkün olacaq. Burada da kiçik otellərin yaradılması nəzərdə tutulur. Nəzərə almalıyıq ki, Şuşaya çox böyük turist axını olacaq, ona görə burada “beş”, “dörd” və “üç” ulduzlu otellər olmalıdır.

Buradan da şəhərə, şəhərin ətrafında yerləşən dağlara gözəl mənzərə açılır. Amma bir daha görürük, ermənilər burada demək olar ki, bir dənə də bina tikməyiblər. Bəlkə bu binanı tikiblər, bu da eybəcər bir tikilidir. Ancaq sovet vaxtında Azərbaycan tərəfindən tikilmiş binalardan istifadə etmişlər, azərbaycanlıların evlərində yerləşmişlər. Bütün bu evlər sovet vaxtından qalan evlərdir, “xruşşovka”lardır. Bunlar da öz müddətini çoxdan bitiriblər. Bu binaların vəziyyətinə indi diqqət yetirilməlidir. Şuşada işğal dövründə təxminən 2000 adam yaşayırdı, onların da böyük hissəsi hərbçilər və onların ailə üzvləri idi. Ona görə də bu binaların böyük hissəsi boş qalmışdır. Baxın, burada bir dənə normal vəziyyətdə bina var, yoxsa yox? Ermənilər Şuşanı erməni şəhəri kimi qələmə vermək istəyirlər. Halbuki, Şuşanın təməlini qoyan Pənahəli xan olub və həmişə burada azərbaycanlılar yaşayıb. Yaxşı, erməni şəhəri idisə, niyə əl gəzdirməmisiniz?. Şuşa kimi mənzərəsi, təbiəti olan şəhəri belə günə salmaq vəhşilikdir. Azərbaycanlıların evlərini dağıdıblar və hesab edirdilər ki, bu işğal əbədi olacaq. Biz işğala son qoyduq. Mən demişəm ki, Şuşa nəinki Azərbaycanın, dünyanın ən gözəl şəhərlərindən birinə çevriləcəkdir və buna nail olacağıq, 100 faiz. Bu da Realni məktəbin dağılmış binasıdır, görün, ermənilər bu binanı nə günə salıblar. Sol tərəfdə də mənə verilən məlumata görə, internat məktəbi olub. Bunu da dağıdıblar, ancaq fasad hissəsi qalıb. Biz artıq Şuşadan ayrılırıq, ancaq yenə də ayrılmaq istəmirik. Şuşa insanı özünə o qədər cəlb edir ki, buraya gələnlər qayıtmaq, getmək istəmirlər.

Erməni qəsbkarlar tərəfindən 1992-ci ildə işğal olunan Daşaltı kəndi də hərtərəfli terrora məruz qalıb. Prezident İlham Əliyev kəndin bərpası ilə bağlı tapşırıqlarını verib.