• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 674
— 15.03.2021 19:59

Oğlunun ilk doğum gününü görə bilməyən şəhidimiz

KepezTV Player

Vətən müharibəsində torpaqların azadlığı uğrunda döyüşən igidlərdən biri də Hikmət Həsənov olub. O, gözünü qırpmadan canını bu Vətənə fəda edib.

Gəncədə anadan olan şəhid 16 nömrəli tam orta məktəbi bitirdikdən sonra hərbi xidmətə yollanaraq snayper kimi fəaliyyət göstərib. Hərbi xidməti başa vurduqdan bir neçə il sonra hərbçi olmaq arzusu onu yenidən ordu sıralarında qulluğa sövq edib. 34 yaşlı Hikmət 2018-ci ildə müddətdən artıq hərbi qulluqçu kimi xidmətə başlayıb. Ailəsinə xidməti ilə bağlı heç nə danışmayan Həsənovun həmlə bölüyündə kəşfiyyatçı olduğu da sonradan bilinib. Tovuz döyüşlərindən təsirlənən şəhid II Qarabağ müharibəsi başlayan andan Murovdağ istiqamətində döyüşlərə qatılıb və ilk günlərdəcə şəhidlik zirvəsinə ucalıb.

Bibisinin himayəsində böyüyən Hikmət Həsənov qohuma, qonşuya, dosta, tanışa mehriban münasibəti ilə seçilib. Şəhidin ailəsinə məhəbbətindən isə hamı ağızdolusu danışır.

Hikmət Həsənov həkim olmaq arzusu ilə yaşayıb. Ancaq buna nail ola bilməyən şəhid son vəsiyyətində övladlarının həkim olmasını istəyib. 2012-ci ildə ailə həyatı quran və iki övladı olan qəhrəman oğlunun 1-ci doğum gününə bir neçə gün qalmış şəhid olub.

Torpaq uğrunda canından keçən Hikmət Həsənov göstərdiyi şücaətə görə Vətən uğrunda medalına layiq görülüb.