• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 916
— 15.03.2021 09:53

Prezident İlham Əliyev ATƏT sədrini qəbul edib

KepezTV Player

Prezident İlham Əliyev İsveçin xarici işlər naziri, ATƏT-in fəaliyyətdə olan sədri xanım Ann Lindenin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib. Əvvəlcə dövlət başçısı ilə ATƏT-in fəaliyyətdə olan sədri Ann Lindenin təkbətək görüşü olub. Sonra görüş geniş tərkibdə davam etdirilib. ATƏT-in Ermənistanla Azərbaycan arasındakı münaqişənin həllinə birbaşa cəlb edilmiş təşkilat olduğuna diqqət çəkən Prezident İlham Əliyev vurğulayıb ki, indi münaqişə artıq tarixə qovuşub və biz gələcəyə baxmalıyıq. Müharibədən sonra ötən 4 ay artıq hər iki tərəfin səhifəni bağlamaq və diqqəti gələcəyə yönəltmək iradəsini nümayiş etdirir və bu, çox mühümdür.

İlham Əliyev - Azərbaycan Respublikasının Prezidenti: Bizə gəlincə, biz artıq işğaldan azad edilmiş ərazilərin bərpasına başlamışıq. Yenidənqurma proqramı artıq həyata keçirilir. Çox iş görülməlidir, çünki işğaldan azad edilmiş ərazilərdə hər şey - şəhərlər, kəndlər, mədəni abidələr, bütün infrastruktur dağıdılıb. Həqiqətən də işlərin miqyası böyük olacaq. Tamamilə dağıdılmış ərazi 10 min kvadratkilometrdən çoxdur. Biz artıq Ermənistanla Azərbaycan arasında kommunikasiyaların açılması ilə bağlı danışıqlar prosesinə başlamışıq. Bu, noyabrın 10-da imzalanmış Bəyanatın bir hissəsidir. Danışıqların müxtəlif səviyyələrdə artıq bir neçə mərhələsi olub. Düşünürəm ki, məhz bu məsələ müharibə səhifəsini tamamilə bağlamaq və onu tarixdə qoymaq üçün başlanğıc nöqtəsi ola bilər. Çünki kommunikasiyaların açılması bütün region ölkələrinin xeyrinə olacaq, regional əməkdaşlığa yeni dinamika gətirməklə yeni imkanlar yaradacaq. Bu, bir çox başqa sahələrdə potensial əməkdaşlığa gətirib çıxara bilər. Mən artıq açıq şəkildə demişəm ki, Azərbaycan buna hazırdır. Biz öz vəzifəmizi tamamlamışıq. Əraziləri azad etmişik, BMT Təhlükəsizlik Şurasının qətnamələrini və ATƏT-in qərarlarını icra etmişik. Beləliklə, indi biz diqqəti gələcəyə cəmləşdirməliyik.

Ann Linde - ATƏT-in fəaliyyətdə olan sədri: Bildiyiniz kimi, ATƏT-in sədri olaraq bizim əsas prioritetimiz Avropada təhlükəsizlik sistemini müdafiə etməkdir və təhlükəsizliyi demokratiyaya, insan hüquqlarına və qanunun aliliyinə bağlayan hərtərəfli təhlükəsizlik konsepsiyasına dəstək olmaqdır. Əlbəttə ki, biz ATƏT ərazisində münaqişənin həllinə töhfə vermək üçün nə edə biləcəklərimizi nəzərdən keçirəcəyik. Odur ki, bu kontekstdə, əlbəttə, beynəlxalq hüquq, beynəlxalq insan hüquqları, humanitar qanun, qadınlar, sülh və təhlükəsizlik bizim üçün prioritet məsələlərdir. Hesab edirəm ki, bu məsələlər üzərində birlikdə çalışmaq mümkündür.