• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 740
— 11.03.2021 20:29

"Kəpəz"in oyununda şəhid futbolçusu anılıb

KepezTV Player

Zəfərlə başa çatan Vətən müharibəsi şəhidi İlqar Bürcəliyevin bu gün anadan olmasının 20-ci ildönümüdür. Vaxtilə “Kəpəz”in 16 yaşlılardan ibarət komandasında da forma geyinmiş qəhrəmanın əziz xatirəsi Gəncə klubunun I Divizionda XVII turun oyunları çərçivəsində “Neftçi-2” ilə keçirdiyi oyundan öncə anılıb. Şəhidin qardaşı Tamerlan və atası Vüqar Bürcəliyevlərə “Kəpəz”in üzərində İlqarın adı və yaşı yazılan 20 nömrəli forması təqdim edilib. İlqar Bürcəliyev Vətən müharibəsi zamanı Suqovuşan istiqamətində gedən döyüşlərdə savaşıb və Talışda şəhid olub. Ölümündən sonra "Vətən uğrunda" və "Laçının azad olunmasına görə" medalları ilə təltif olunub.

"Kəpəz" yenə məğlub oldu

"Kəpəz" - "Neftçi-2" matçının nəticəsinə gəlincə, gəncəlilər doğma meydan amilini boşa verərək məğlubiyyətə düçar olublar. Çempionatın ikinci dövrəsi başlayandan əsas rəqibləri ilə görüşdə ardıcıl olaraq uğursuz nəticələrə imza atan "sarı-göylər" bu dəfə böyük hesabla yeniliblər. Gəncə futbolunun yetirməsi Mahmud Qurbanovun çalışdırdığı qonaqlar ilk yarıda Nazim Məmmədzadə ilə hesabı açıblar. Fasilədən sonra "Kəpəz" vəziyyəti düzəltməyə çalışsa da, bir şey alınmayıb. Əvəzində rəqib iki dəqiq zərbə ilə hesabı artırıb. Əvvəlcə 77-ci dəqiqədə Seymur Əliyev fərqi iki topa çatdırıb. Əsas vaxta əlavə olunan 1-ci artırma dəqiqəsində isə Vüsal Əsgərov əllə oyuna görə təyin edilən 11 metrlik cərimə zərbəsini qola çevirib - 0:3. "Kəpəz"in qələbəsiz oyunlar seriyası davam edir.