• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1663
— 11.03.2021 20:18

Doğum günündə məzarı önündə yad edildi

KepezTV Player

Elçin Dostuyev... Orta məktəbi bitirib həqiqi hərbi xidmətə yollanan igidimiz. Şəhid ailəsini ziyarətimiz qəhrəmanımızın doğum gününə təsadüf etdi. Ömrünün 19-cu ilində bu dünyadan köçən şəhidimizin onsuz keçən ilk dogum günü.

Bu dəfə yolumuz Samuğun Köbər kəndinədir. Mən ilk dəfədir burda tanımadığım bir ailənin qonağı oluram amma sanki illərdir tanıyıram. Çünki, onlar vətən yoluna oğul qurban veriblər. Yazıram, yazdığımı səsləndirirəm, ekran qarşısında əyləşib izləyirsiz amma gördüklərimi yaşadıqlarımı nə dərəcədə sizlərə çatdırıram onu bilmirəm. Sözlərlə ifadə eləmək çətindir şəhidlik kəlamını. Çünki o ən ali zirvədir. Çünki şəhidlik Vətəni hər şeydən üstün tutmaqdır. Dostuyevlər ailəsi də vətənpərvər oğul boyüdüb, övladdan vətənə pay verənlərdəndir.

Oğul itirən valideyn əgər mövzu Vətəndirsə, onda axan sular dayanar deyir. Oğul itirməsinə baxmayaraq, şəhid atası 10 noyabrda yaşadığı sevinci bizlərlə bölüşür. Çünki, həmin gün nəinki, Elçinin, 30 ildir can verdiyimiz bütün qanların qisası alındı.

Evin son beşik övladı olan Elçindən 10 yaş böyük bacısı var. Hansı ki, ona anası qədər qayğı görsədib. Deyir sanki qardaşım illər sonra vətənə görə dünyaya gəlmişdi. Böyütdük və Torpağa qurban verdik. Vətən sağ olun.

Şəhidimizin döyüş yoldaşıyla da söhbət etdik. Onun necə cəsur, necə igid olduğunu eşitdik ondan. Deyir, şəhidlik elə zirvədir ki, ora ancaq ən yaxşılar, layiq olanlar yetir.

Dostuyevlər ailəsi haqqlı olaraq qəhrəman oğulları ilə fəxr edirlər. Axı onların son beşikləri, Füzulinin azad olunmasına qanı ilə, canı ilə töhvə verib.

Elçin Dostuyev ölümündən sonra Füzulinin azad olunmasına görə, Vətən uğrunda medalları ilə təltif olunub. Elçin şəhid olmaqla ona verilən ömür payını gələcək nəsillərin xöşbəxtliyinə bağışladı.

Nərgiz Əhmədqızı