• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1970
— 08.03.2021 19:38

Cəmiyyətimizin etibarlı mənəvi dayağı olan Azərbaycan qadını

KepezTV Player

Qadın kimdir deyə sual etsən asan və sadə cavab verə bilməzsən. İlk növbədə qadın həyat bəxş edən, həyatın özüdür. Qadın - anadır, bacıdır, qadın - namusdur, ismətdir. Səməd Vurğunun təbirincə desək, adın şərəflidir sənin ey qadın, dahilər anası çağrılır adın.

Azərbaycan qadını hər şeydən əvvəl 44 günlük Vətən müharibəsinin Zəfər ilə başa çatmasında rol oynayan qəhrəman igidlərin anasıdır. Onları dünyaya gətirən, boya-başa çatdıran, qollarına güc, qəlbinə Vətən sevgisi gətirən, Azərbaycanımız üçün layiqli övladlar böyüdən simadır.

Yurdumuzun hər qarışını canından əziz bilən bir nəsil yetişdirən analar oğullarını dualarla cəbhəyə göndərib qələbə xəbəri ilə yollarını gözlədilər. Ümumiyyətlə, Vətən müharibəsi günlərində Azərbaycan qadını misli görünməmiş mətanət, fədakarlıq və möhkəm iradə nümayiş etdirməsi ilə yadda qaldı.

Nüşabə Məmmədli bildirir ki, Azərbaycan qadını üçün ən böyük hədiyyə torpaqlarımızın işğaldan azad olunması, Qarabağın uzun həsrətdən sonra Ana Vətənə qovuşması, otuz ilə yaxın müddətdə didərginlik həyatı yaşamış məcburi köçkünlərin tezliklə doğma-yurd yuvalarına geriyə dönməsidir.

Azərbaycanda cəmiyyətin inkişafının bütün mərhələlərində qadınlar kişilərlə bərabər dövlət quruculuğunda, siyasi qərarların verilməsində fəal iştirak edirlər. Azərbaycanda ilk dəfə olaraq müsəlman Şərqində qadına seçmək və seçilmək hüququnun verilməsi tarixi nailiyyət hesab olunur. Gender bərabərliyinin təmin edilməsi daim respublikamızda dövlət siyasətinin prioritet istiqamətlərindən biri olub.

Azərbaycan qadınları milli varlığımızı özündə əks etdirən mədəni dəyərlərimizin əsrlərdən bəri bir bütöv halında qorunub saxlanılmasında misilsiz xidmətlər göstərib və həmişə cəmiyyətimizin etibarlı mənəvi dayağı olublar. Onların cəmiyyətdə yeri, nüfuzu və ona münasibət çox ucadır. Müasir Azərbaycan qadını öz soykökünə, xalqının mənəvi dəyərlərinə, adətlərinə sadiq, nəsillərin varisliyini təmin edən, tarixi ənənələri qoruyan, onu daha da zənginləşdirərək sabaha ötürmək iqtidarında olan bir insandır.