• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1901
— 06.03.2021 20:43

"Yeni bir vəziyyət yaranmışdır, bu vəziyyəti biz yaratmışıq"

KepezTV Player

Yeni Azərbaycan Partiyasının növbədənkənar VII qurultayında partiyanın 40 nəfərdən ibarət İdarə Heyəti formalaşıb, yeni Nizamnaməsi qəbul edilib. 6 partiya YAP-a qoşulub. Partiyanın Siyasi Şurası ləğv edilib, Arif Rəhimzadə Veteranlar Şurasının, Bahar Muradova Qadınlar Şurasının sədri seçilib. Yeni Azərbaycan Partiyasının yeni Nizamnaməsinə uyğun olaraq, Partiyanın Sədri İlham Əliyevin Sərəncamı ilə Mehriban Əliyeva partiya sədrinin birinci müavini, Əli Əhmədov sədrin müavini, Tahir Budaqov sədrin müavini – Mərkəzi Aparatın rəhbəri təyin edilib. Prezident qurultayda çıxışı zamanı bir çox nüanslara toxunub.

Prezident diqqətə çatdırıb ki, ötən qurultaydan keçən üç il ərzində ölkə həyatında bir çox önəmli hadisələr baş verib. Onların arasında ən önəmlisi ərazi bütövlüyümüzün bərpa edilməsi, Vətən müharibəsində parlaq Qələbənin qazanılmasıdır. Azərbaycan öz ərazi bütövlüyünü bərpa etdi, işğalçıları əzəli torpaqlarımızdan qovdu. Qələbəmiz dünyanın aparıcı ölkələrinin aparıcı ali məktəblərində öyrənilir.

İlham Əliyev Azərbaycan Respublikasının Prezidenti:Yeni bir vəziyyət yaranmışdır, bu vəziyyəti biz yaratmışıq. Biz reallıqları yaradan ölkəyik. Bundan əvvəlki dövrlərdə də bizim təşəbbüslərimizlə reallaşan bir çox layihələr bölgəyə yenilik gətirdi, əməkdaşlığın yeni formatlarını şərtləndirdi. Bizim uğurlu enerji siyasətimiz, nəqliyyat siyasətimiz nəinki enerji və nəqliyyat dəhlizlərinin yaranmasına gətirib çıxardı, eyni zamanda, bölgədə və geniş mənada Avrasiya məkanında yeni əməkdaşlıq formatlarını yaratdı. Bu gün bu layihələr ətrafında birləşən və bu layihələri bizimlə bərabər icra edən ölkələrin sayı artmaqdadır. Bu, istər-istəməz həmin ölkələr arasında, hətta əvvəlki dövrlərdə bir-biri ilə o qədər isti münasibətləri olmayan ölkələr arasında da əməkdaşlığı labüd edir.

Yeni Azərbaycan Partiyasının yaranmasının tarixi zərurəti

Dövlət başçısı ermənilərin Naxçıvanda öz istəklərinə nail ola bilməməsindən, uğursuz cəhdlərindən də danışıb. Vurğulayıb ki, Qarabağdan sonra onların növbəti hücum hədəfi Naxçıvan idi. Heydər Əliyev və onun ətrafında birləşmiş insanlar Naxçıvanı qoruya bildilər, düşməni yerinə oturtdular və orada sərhəddə gedən şiddətli döyüşlərdə qalib gəldilər. Bütün bu amillər Heydər Əliyevin xalq qarşısında olan hörmətini daha da artırıb.

İlham Əliyev Azərbaycan Respublikasının Prezidenti: Ölkə daxilində gedən xoşagəlməz proseslər, siyasi çəkişmələr, hakimiyyət uğrunda mübarizə ölkəmizin müstəqil yaşamasını sual altına qoymuşdur. O günləri, o ayları təsəvvür etmək üçün, bu gün Ermənistanda baş verən hadisələrə nəzər yetirmək kifayətdir. Faktiki olaraq onun əksidir, ümidsizlik, cəmiyyətdə hökm sürən total apatiya, depressiya, heç bir siyasi qüvvəyə inamın olmaması, iqtidara inamın olmaması, müxalifətə inamın olmaması, bax, bu, idi o vaxt gənc müstəqil Azərbaycanın mənzərəsi. Belə olan vəziyyətdə ölkə necə inkişaf edə bilərdi?! Eynən 2018-ci ildə Ermənistanda hakimiyyətə gəlmiş adamlar kimi, onlar da ölkəni dağıdırdılar və nəticə etibarı ilə bizi gətirib uçurum kənarına qoydular. Azərbaycan xalqı buna dözə bilərdimi? Əlbəttə ki, yox. Məhz bu idi Yeni Azərbaycan Partiyasının yaranmasının tarixi zərurəti.

Prezident Ermənistanla əməkdaşlıq məsələlərindən danışıb

Biz bu tarixi bilməliyik, bilirik və bundan sonra öz fəaliyyətimizi bu möhkəm təməl üzərində quracağıq deyən Preizdent Ermənistanla əməkdaşlıq məsələlərinə də toxunub və bildirib ki, düşmən torpaqlarımızdan özü çıxmayıb biz onu rədd eləmişik, qovmuşuq, eyni zamanda, əməkdaşlığa da hazırıq.

İlham Əliyev Azərbaycan Respublikasının Prezidenti: Azərbaycan-Ermənistan-Rusiya Baş nazirlərinin müavinləri artıq neçə dəfə artıq görüşüblər. Nə barədə danışırlar? Əməkdaşlıq barəsində. Biz əməkdaşlığın əleyhinəyikmi? Yox! İndi Ermənistan əməkdaşlıqdan boyun qaçırır. İndi Ermənistan Zəngəzur dəhlizinin icrasına əngəl törətmək istəyir. Amma nail ola bilməyəcək. Məcbur edəcəyik onları, məcbur edəcəyik. Necə ki, qovmuşuq torpaqlarımızdan, bütün istədiyimizə nail olacağıq. Amma o vaxt Ermənistanla əməkdaşlıq etmək bizim işimizə gələrdimi? Əlbəttə ki, yox. Nə qədər deyirdilər ki, qoy, vətəndaş cəmiyyətinin nümayəndələri gəlsinlər, görüşsünlər. Bir müddət belə görüşlər var idi. Amma biz gördük ki, burada əsas mahiyyət kənarda qalır. Sanki müharibə olmayıb. Xocalı soyqırımı olmayıb. Bizim qaçqınlarımız, köçkünlərimiz sanki öz torpaqlarından ermənilər tərəfindən qovulmayıb. Binalarımız, məscidlərimiz dağıdılmayıb. Biz bunu necə unuda bilərik? Nə qədər çalışdılar bizi inandırsınlar ki, neft kəmərlərimiz Ermənistan ərazisindən keçsin. Mən buna rədd cavabı verəndə ondan sonra Bakı-Tbilisi-Ceyhan neft kəmərinin maliyyələşməsini bir il yubatdılar. O vaxt biz kreditlərə möhtac idik. Aparıcı beynəlxalq maliyyə qurumları bir il kredit vermədilər ki, bizi məcbur etsinlər buna. Dedim ki, vermirlər, necə deyərlər, cəhənnəmə verməsinlər, özümüz vəsait taparıq.

"Hökumətə xarici kreditləri götürməyi qadağan etmişəm"

Bu gün Azərbaycan istənilən meyar üzrə heç kimdən asılı deyil.

İlham Əliyev Azərbaycan Respublikasının Prezidenti:Biz bu il təqribən 400-500 milyon dollarlıq ancaq xarici investisiyaları bərpa olunan enerji növlərinə gətirmişik. Artıq bir müqavilə bağlanıb, bir müqavilə də bu ay, ya gələn ay bağlanacaq. Onlar özləri bunu təklif etmişdilər. Yeddi aparıcı şirkət bu layihələr uğrunda mübarizə aparırdı. Onlardan ikisi bizə ən sərf edən təkliflər irəli sürdü. Onlar 440 meqavat gücündə günəş və külək elektrik stansiyalarını öz vəsaiti hesabına inşa edəcək. Azərbaycanlılar həm inşaat dövründə orada işləyəcək, həm də istismar dövründə və bizə nə qədər xeyir gətirəcək. Azad edilmiş torpaqlara indi nə qədər təkliflər var? Biz indi onları cəmləşdiririk. Biz gərək onların arasında ən yaxşılarını seçək. İndi vəziyyət elə deyil ki, biz gedib kiminsə qapısını döyək, yaxud da, hansısa bankdan kredit istəyək. Mən, ümumiyyətlə, hökumətə xarici kreditləri götürməyi qadağan etmişəm. Biz ancaq yüksək texnoloji layihələrə kredit götürməliyik ki, oraya texnologiyalar gətiririk. Yoxsa yol çəkirik, asfalt bizim, bitum bizim, çınqıl bizim, niyə biz xarici kredit götürməliyik? Yaxud da ki, buna oxşar layihələr. Bu proses davam etdirilir.

"Antimilli ünsürlərlə heç vaxt bir masa arxasında otura bilmərik"

Dövlət başçısı deyib ki, ölkə daxilində heç bir siyasi qurumla problemimiz yoxdur. Antimilli ünsürlərlə əlbəttə ki, biz heç vaxt bir masa arxasında otura bilmərik, çünki onlar satqınlardır, xaindirlər. Onlar təlimatları xaricdən alırlar. Onların emissarları xarici paytaxtlarda oturublar. Oradan pul alırlar bura göndərirlər, camaatı çaşdırmaq üçün, onlar bizim şanlı Qələbəmizə kölgə salmaq istəyirlər.

İlham Əliyev Azərbaycan Respublikasının Prezidenti:Onlar Paşinyanı bizə nümunə gətirirdilər, onu təmiz adam adlandırırdılar, onu demokrat adlandırırdılar. Deyirdilər ki, kaş ki, Azərbaycanda da belə bir lider olaydı. Həmin bu demokrat bütün müxalifəti həbs etdirdi. Əgər 27-si sentyabrda müharibə başlamasaydı o, onları heç buraxmazdı. Əsas müxalifət partiyasının liderini müharibədən bir neçə gün əvvəl həbs etdi. Cinayət işləri. İndi özünü orada bir müxalifət lideri adlandıran bir adam var, o da keçmişdən qalan naftalindən çıxarıblar onu, onu da indi çağırıblar, ona da ölkədən çıxmağa qadağa qoyublar. Budurmu demokratiya? İndi Qərb buna göz yumur o öz yerində. Qərb artıq bu demokratiya məsələləri ilə bağlı özünü tam ifşa edib. Yəni, artıq heç bir ikinci fikir ola bilməz. Ona göz yumur, o təbiidir. Amma bizim bu dırnaqarası “demokratlar” indi niyə susurlar? İndi niyə demirlər ki, Paşinyan bizə nümunə olmalıdır. Gəlsin desin. Öz zibilini yalasın. Adam qalmayıb Ermənistanda ki, onu lağa qoymasın. Hansısa adlar veriblər indi özləri bilərlər. Bunu bizə nümunə gətirirdilər. Nə üçün? Çünki oradan, mərkəzdən, onların mərkəzindən təlimat almışdılar. Məqsəd nə idi? Məqsəd Azərbaycanı qarışdırmaq, Azərbaycanı çökdürmək, Azərbaycan rəhbərliyini hörmətdən salmaq, çirkin uydurmalar, iftiralar, yalançı məqalələr yazdırmaq - hamısı bizim gözümüzün qabağındadır. Biz bunları unutmamışıq.

"Beynəlxalq hüquq işləmədiyi yerdə ancaq güc amili həlledici ola bilər"

Prezident Qarabağda bərpa işlərinin başlanmasından və bunun vəsait tələb etməsindən danışıb. Xarici investorlarun azad edilmiş torpaqlara böyük həvəslə gələcəyinə əminliyini ifadə edib.  Hərbi sahədə müharibəni şanlı səhifəmiz adlandırıb.

İlham Əliyev Azərbaycan Respublikasının Prezidenti: Müharibə dövründə önəmli qərarlar qəbul edilmişdir. Bundan sonra əlbəttə ki, bu təcrübə bizim üçün əsas olacaq, olmalıdır. Göstərişlər verildi ki, daha müasir ordu yaradaq. Çünki indi hərbi ekspertlər, beynəlxalq hərbi ekspertlər deyirlər ki, Azərbaycan XXI əsrin müharibəsini aparıbdır. Biz yəqin ki, elə planlaşdırmalıyıq ki, bəlkə də əlli ildən sonra biz XXII əsrin müharibəsinə də hazır olmalıyıq. Çünki güc hər şeyi həll edir. Əfsuslar olsun ki, bu belədir. Beynəlxalq hüquq işləmədiyi yerdə ancaq güc amili həlledici ola bilər.

"Şəhid ailələrinə qayğı mənzillərin, avtomobillərin verilməsi ilə bitmir"

Şəhid ailələrinə və qazilərə göstərilən dəstəyi qeyd edən dövlət başçısı Yeni Azərbaycan Partiyasının nümayəndələrinə tapşırıq da verib.

İlham Əliyev Azərbaycan Respublikasının Prezidenti: Keçən il şəhid ailələrinə verilən mənzillərin sayı 1572 idi, bu, rekord göstəricidir. Bu il isə 3 minə yaxın şəhid ailəsi və müharibə əlili yeni mənzillər alacaq. Bildirməliyəm ki, beləliklə, Bakı, Sumqayıt şəhərlərində və Abşeron rayonunda növbədə dayanan, o cümlədən ilk növbədə Birinci Qarabağ müharibəsinin şəhid ailələrinin nümayəndələrinə tam şəkildə mənzillər, evlər veriləcəkdir. Növbəti illər ərzində bu gün növbədə dayanan Birinci və İkinci Qarabağ müharibəsinin şəhidlərinin yaxınlarına mənzillər veriləcəkdir. Ancaq şəhid ailələrimizə qayğımız mənzillərin, yaxud da ki, avtomobillərin verilməsi ilə bitmir. Yeni Azərbaycan Partiyasının nümayəndələri bu kateqoriyadan olan insanlara daim qayğı, diqqət göstərməlidirlər. Eyni zamanda, qazilərimiz də dövlət tərəfindən bütün lazımi müalicə vasitələri ilə təmin edilir, ən müasir protezlər sifariş olunubdur.

Böyük Qayıdışda ən ağır vəziyyətdə yaşayan köçkünlərə üstünlük veriləcək

Böyük Qayıdış proqramı icra olunmağa başlayanda məcburi köçkünlərin öz doğma torpaqlarına qaytarılması prosesinə də start verəcəyik. Bu proses müəyyən zaman kəsiyində baş verəcək. Biz bir gündə, yaxud da ki, bir il, ya iki ildə dağılmış bütün şəhər və kəndlərimizi bərpa edə bilmərik. Ona görə burada ardıcıllıq, əlbəttə ki, gözləniləcək. Bu ardıcıllıqla bağlı, əlbəttə, hesab edirəm ki, ilk növbədə, ən ağır vəziyyətdə yaşayan məcburi köçkünlərə üstünlük verilməlidir - deyə prezident İlham Əliyev yekun nitqində bildirib.