• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 824
— 04.03.2021 20:45

"Müharibə başlayan kimi bizi dəstəkləyən ilk ölkə Türkiyə oldu"

KepezTV Player

Türkiyə geniş regionda təhlükəsizlik və sabitliyin təmin olunmasında çox önəmli rol oynayır. Türkiyənin güclü olması Azərbaycan və bütün digər müttəfiqlərin də güclü olması deməkdir. Ermənistan özünü normal apararsa bölgədə nəqliyyat layihələrindən faydalana bilər. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev İqtisadi Əməkdaşlıq Təşkilatının XIV onlayn Zirvə toplantısında belə deyib. Toplantıda İqtisadi Əməkdaşlıq Təşkilatının Baş katibi Hadi Suleymanpur, Pakistanın Baş naziri İmran Xan,Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan,Əfqanıstan Prezidenti Məhəmməd Əşrəf Qani,Türkmənistan Prezidenti Qurbanqulu Berdiməhəmmədov, İranın dövlət başçısı Həsən Ruhani, Qazaxıstan rəhbəri Kasım-Jomart Tokayev, Qırğızıstan Prezidenti Sadır Japarov, Tacikistan Prezidenti Emoməli Rahmon, Özbəkistan rəhbəri Şavkat Mirziyoyev, Türk Şurasının Baş katibi Bağdad Amreyev, Şimali Kiprin Prezidenti Ersin Tatar və Beynəlxalq Enerji Xartiyasının Baş katibi Urban Rusnak çıxış ediblər.Zirvə toplantısına sədrlik Pakistandan Türkiyəyə keçib.

İlham Əliyev Azərbaycan Respublikasının Prezidenti: Müharibə başlayan kimi bizi dəstəkləyən ilk ölkə qardaş Türkiyə oldu. Əziz qardaşım, Türkiyə Prezidenti Rəcəb Tayyip Ərdoğanın açıqlamalarını və onun siyasi və mənəvi dəstəyini yüksək qiymətləndiririk. 27 və 28 sentyabr tarixlərində qardaş Pakistan və Əfqanıstan Ermənistanı işğala son qoymağa, BMT Təhlükəsizlik Şurasının müvafiq qətnamələrini icra etməyə çağırmış və Azərbaycanın ərazi bütövlüyünə öz dəstəklərini ifadə etmişlər.

İşğal zamanı Ermənistan işğal etdiyi ərazilərdə Azərbaycanın kənd və şəhərlərini, bütün mədəni və dini abidələrini qəsdən dağıtmışdır. Bizim məscidlər donuz və inək saxlanılan yerlərə çevrilmişdir. Bütün bunların foto və videoları internetdə var. Bu bütün İslam dünyasına qarşı olan düşmənçilikdir. Azərbaycan xalqının mədəni və dini irsinin qəsdən dağıdılması və təhqir edilməsi faktları beynəlxalq media nümayəndələri tərəfindən əks etdirilmişdir.

"Ermənistan özünü normal apararsa, bölgədə nəqliyyat layihələrindən faydalana bilər"

Prezident bildirib ki, bütün müsəlmanların hisslərini təhqir edən Ermənistanın müsəlman ölkələri ilə əlaqələrini genişləndirmək cəhdləri riyakarlıqdan başqa bir şey deyil. Hazırda Azərbaycanın qarşısında azad olunmuş ərazilərin yenidən qurulması kimi nəhəng vəzifə dayanır. Biz azad olunmuş ərazilərdə şəhər və kəndlərimizi yenidən quracağıq, mədəni və dini abidələrimizi bərpa edəcəyik deyə dövlət başçısı vurğulayıb. Azərbaycan Şərq-Qərb, Şimal-Cənub və Şimal-Qərb nəqliyyat dəhlizləri kimi regional bağlantı layihələrində fəal iştirak edir və Avrasiyanın əsas və etibarlı nəqliyyat və logistika mərkəzlərindən birinə çevrilib.

İlham Əliyev Azərbaycan Respublikasının Prezidenti: Biz indi gələcək haqqında düşünürük. Biz bölgədə sülh və sabitliyi təmin etmək üçün bir çox ölkələri birləşdirən nəqliyyat layihələrini müzakirə etməyə başlamışıq. Azərbaycan, Türkiyə və İran bölgədə nəqliyyat layihələrinin icrası ilə bağlı vahid mövqe sərgiləyir. Ermənistan da özünü normal apararsa, bu prosesdən faydalana bilər. Bu xüsusda qeyd etmək istərdim ki, Azərbaycanın tarixi ərazisi olan Zəngəzurdan keçəcək və Azərbaycanın əsas hissəsi ilə ölkəmizin ayrılmaz hissəsi Naxçıvan Muxtar Respublikasını və Türkiyəni birləşdirəcək yeni bağlantı dəhlizi regionda nəqliyyat sektorunda yeni imkanlar yaradacaq. Biz İqtisadi Əməkdaşlıq Təşkilatının üzv dövlətlərini Zəngəzur dəhlizindən faydalanmağa dəvət edirik.

Azərbaycanın pandemiya ilə bağlı səyləri

Diqqətə çatdırılıb ki, Azərbaycan COVID-19 pandemiyası ilə mübarizədə qlobal səyləri səfərbər edən ilk ölkələrdən olub.

İlham Əliyev Azərbaycan Respublikasının Prezidenti: Azərbaycan yanvar ayının 18-dən peyvəndləmə prosesinə başlayıb. Biz regionda peyvəndləməyə start vermiş ilk ölkələrdən biriyik.Biz vaksinlərin inkişaf etmiş və inkişaf etməkdə olan dövlətlər arasında qeyri-bərabər və ədalətsiz şəkildə bölünməsini pisləyirik. Bəzi ölkələr özlərinin ehtiyacları ilə müqayisədə bir neçə dəfə çox həcmdə vaksin alır. Aydındır ki, belə olduğu təqdirdə, bəzi ölkələrə peyvənd çatmayacaq. Azərbaycan bu məsələ ilə bağlı BMT-nin İnsan Hüquqları Şurasında Qoşulmama Hərəkatı adından qətnamə layihəsi ilə çıxış etməyi planlaşdırır və mən İqtisadi Əməkdaşlıq Təşkilatının üzv dövlətlərini həmin təşəbbüsü dəstəkləməyə dəvət edirəm.