• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1134
— 04.03.2021 16:01

Yaponiya işğaldan azad edilmiş ərazilərin bərpasında maraqlıdır

KepezTV Player

Yaponiya höküməti işğaldan azad edilmiş ərazilərin bərpası, yenidən qurulması və inkişafı prosesində maraqlıdır. Yaponiyanın ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Cüniçi Vada Gəncəyə səfəri zamanı regionda sülhün və sabitliyin davamlı olmasını arzuladıqlarını bildirib. Səfir Gəncə ilə qarşılıqlı əməkdaşlığa önəm verdiklərini deyib.

Yaponiya iqtisadi, mədəni və idman sahəsində əməkdaşlığa hazırdır

Azərbaycana səfir təyin olunduqdan sonra regionlara səfər çərçivəsində ilk olaraq Gəncəyə gələn yaponiyalı diplomat Vətən müharibəsi dövründə raket atışları zamanı bombalanan ərazilərə baş çəkib. Səfir Ermənistan Silahlı Qüvvələrinin mülki əhalinin müdafiəsi haqqında müxəlif beynəlxalq konvensiyaları pozaraq münaqişə zonasından xeyli aralıda yerləşən şəhərlərə və rayonlara raket zərbələri endirməsi nəticəsində insanlıq əleyinə yönələn cinayətlərlə yerində tanış olub. Cüniçi Vadaya bildirilib ki, Gəncəyə endirilən zərbələr 26 şəhər sakininin həyatını itirməsi və 100-ə yaxın şəxsin xəsarət alması ilə nəticələnib.

Cüniçi Vada Gəncəyə işgüzar səfəri çərçivəsində İcra Hakimiyyətinin başçısı Niyazi Bayramovla görüşüb. Səfir gələn il Yaponiya ilə Azərbaycan arasında diplomatik münasibətlərin əsasının qoyulmasının 30-cu ildönümünün tamam olacağını bildirərək bu xüsusda Gəncə ilə də əməkdaşlıq əlaqələrinin qurulmasına çalışacaqlarını vurğulayıb. Yaponiya hökumətinin qrant proqramları əsasında Azərbaycanın ikinci böyük şəhərində təhsil və tibb müəssisələrinin bərpası və yenidən qurulmasında iştirak etdiklərini xatırladıb. Yapon şirkətlərindən birinin Gəncədə məişət tullantılarınını emalı və yandırılması ilə enerjinin alınması işində maraqlı olduğunu qeyd edib. Səfir onu da əlavə edib ki, ölkəsi yalnız iqtisadi yox, həm də Nizami ilində mədəni, həmçinin idman əlaqələrinin qurulması sahəsində əməkdaşlığa hazırdır. Yaponiyalı iş adamlarını Gəncəyə dəvət edən Niyazi Bayramov gələcəkdə Nizami yurdunun gündoğar ölkənin şəhərlərindən biri ilə qardaşlaşacağına və bununla da daha geniş əlaqələrin qurula biləcəyinə inamını ifadə edib.

Səfər proqramı çərçivəsində səfir Cüniçi Vada Gənclər Evində Yaponiya döyüş sənətini təmsil edən idman növləri ilə məşğul olan idmançılarla da görüşüb. Şəhər Gənclər və İdman Baş İdarəsinin fəaliyyəti planı ilə tanış olub.