Son 10 ildən çox bir zamanda Azərbaycan bütün sahələrdə mühüm uğurlar qazanaraq insan potensialının inkişafına görə “orta insan inkişafı ölkələri” qrupundan “yüksək insan inkişafı ölkələri” kateqoriyasına daxil olub. Bu prosesdə gənclərlə iş siyasətində çevikliyin artırılması da yeni nəsil üçün yüksək sosial rifah və insan kapitalının inkişafını təmin edib. Azərbaycan gəncliyi öhdəsinə düşən vəzifələri həmişə layiqincə yerinə yetirərək ölkədə gedən proseslərin önündə olub. Gənc nəsil Azərbaycan Respublikasının ictimai-siyasi, sosial-iqtisadi və mədəni həyatında fəal iştirak edib. Minlərlə gənc beynəlxalq miqyaslı tədbirlərdə ölkəmizi uğurla təmsil etmiş, idmançılarımızın qələbələri sayəsində Azərbaycan bayrağı xarici dövlətlərdə yüksəlmişdir. Gənclər mədəniyyətlərarası dialoqun aparılmasında, beynəlxalq əməkdaşlığın inkişafında fəal olmuşlar. Bunun nəticəsində müxtəlif dövlətlərdə və beynəlxalq qurumlarda ölkəmiz daha yaxından tanınaraq onun tarixi, mədəniyyəti və bu günü haqqında geniş məlumatlar çatdırılıb. Gəncliyin inkişafı dövlətin sosial siyasətinin vacib tərkib hissələrindən biridir. Gənclər siyasəti yeni nəslin dinamik inkişafı üçün həyata keçirilən ardıcıl və məqsədyönlü tədbirlər kompleksidir. Gənclərin inkişafını və asudə vaxtını səmərəli təşkil etmək, məlumatlandırma, yönəltmə və sosial dəstəyi təmin etmək üçün respublikanın şəhər və rayonlarında sosial xidmət müəssisələri - gənclər evləri (mərkəzləri) istifadəyə verilmişdir. Və beləliklə də istedadlı və yaradıcı gənclərin üzə çıxarılması və dəstəklənməsi sahəsində əhəmiyyətli addımlar atılmışdır. Artıq bir ilə yaxındır ki, dünyada və ölkəmizdə Koronovirus pandemiyası ilə mübarizənin davam etməsi, bütün sahələrdə olduğu kimi gənclərin də aktivliyinə müəyyən dərəcədə təsir göstərmişdir. Buna baxmayaraq onlar pandemiya dönəmində də boş dayanmayaraq həyatın dinamik axarında məşğuliyyətlərini davam etdirirlər.
- Baxış: 8517