• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 2079
— 22.02.2021 19:07

Azərbaycan cinayətləri törədənləri ədalət mühakiməsi qarşısına çıxarmaq üçün qərarlıdır

KepezTV Player

"2021-ci il Beynəlxalq Sülh və Etimad İli Azərbaycan üçün əlamətdar olacaq, ölkəmiz ərazilərinin təxminən 30 il davam edən işğaldan azad olunmasından sonra münaqişə-sonrası bərpa və reabilitasiya mərhələsinə qədəm qoyur". Xarici işlər naziri Ceyhun Bayramov BMT İnsan Hüquqları Şurasının 46-cı sessiyasının Yüksək Səviyyəli Seqmentində çıxışında işğalın davam etdiyi illər ərzində Ermənistan tərəfindən Azərbaycanın mülki əhalisinə, habelə, mədəni irsinə və infrastrukturuna qarşı ağır cinayətlər silsiləsi törətdiyini bildirib. 27 sentyabr 2020-ci il tarixində başlamış son təcavüzün istisna olmadığını vurğulayan nazir Azərbaycanın müvafiq ikitərəfli və çoxtərəfli mexanizmlər çərçivəsində öz hüquqlarından istifadə edərək bu cinayətləri törədənləri ədalət mühakiməsi qarşısına çıxarmaq üçün bütün tədbirləri görməyə qərarlı olduğunu deyib. "Azərbaycan torpaqlarının işğaldan azad olunması yüz minlərlə köçkünün öz yurdlarına təhlükəsiz və ləyaqətli şəkildə qayıtma hüququnun icrasına şərait yaradır. Bununla yanaşı, münaqişədən zərər çəkmiş ərazilərdə ictimai və özəl mülkiyyətin, zəruri mülki infrastukturun, o cümlədən təhsil və tibb müəssisələrinin, habelə, tarixi və mədəni irsin və ətraf mühitin məruz qaldığı ziyan və dağıntıların görünməmiş miqyası bu ərazilərin bərpası və yenidən qurulması üçün Azərbaycan Hökuməti qarşısında böyük vəzifə qoyur. Hökumət artıq köçkün əhalinin təhlükəsiz və ləyaqətli qayıdışını və Azərbaycanın ərazi bütövlüyü və suverenliyi çərçivəsində dinc birgəyaşayışı təmin etmək üçün praktiki tədbirlərə başlayıb" - deyə Ceyhun Bayramov əlavə edib.