• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 2272
— 25.01.2021 19:10

“Keşikçidağ”da arxeoloji tapıntılar

KepezTV Player

“Keşikçidağ” Dövlət Tarix-Mədəniyyət Qoruğu ərazisində ötən il dekabrından aparılan arxeoloji qazıntılar nəticəsində tarixi abidələr aşkarlanıb. Tapıntılardan analizlər üçün nümunələr seçilərək Mədəniyyət Nazirliyin müvafiq laboratoriyasına göndərilib.

 “Keşikçidağ” Dövlət Tarix-Mədəniyyət Qoruğunun ərazisində müvafiq infrastrukturun yaradılması məqsədilə Ağstafa rayonunun Soyuqbulaq qəsəbəsindən qoruğa avtomobil yolunun çəkilişi zamanı arxeoloji abidələrin ehtimal edildiyi ərazilərdə arxeoloji xilasetmə, kəşfiyyat və arxeoloji tədqiqat işləri aparılıb. Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzə Dövlət Xidmətinin məlumatına görə, yolun üzərində və ona bitişik ərazidə 5 daş örtüklü kurqan aşkar edilib. “Qaltan dərəsi” adlanan ərazidə tədqiq edilmiş kurqanların birində daş örtük altında 4 daş qutu qəbir aşkarlanıb. İkinci kurqanda daş örtüyü altında, təqribən 1.2 m dərinlikdə son tunc dövrü üçün xarakterik olan dəfn adəti qeydə alınıb. “Karvandərəsi” adlanan ərazidə yol üzərində olan və müxtəlif dövrlərdə daş örtükləri zədələnmiş üç kurqan tipli abidədə xilasetmə işləri aparılıb. Kurqanların birinin dəfn kamerasında qədim dövrlərdə baş vermiş talanın izlərinə rast gəlinib. Digər iki kurqanda isə dəfni müşayiət edən müxtəlif tipli keramik məmulat,tuncdan az ölçülü nizə ucluğu, azuqə qalıqları qeyd olunub.

Ərazidən tapılan maddi mədəniyyət nümunələrinin əksəriyyəti gələcəkdə “Keşikçidağ” Dövlət Tarix-Mədəniyyət Qoruğu ərazisində yaradılacaq muzeydə sərgilənəcək. Hazırda “Karvandərəsi” və “Qaltandərəsi” adlanan ərazilərdə kurqanların tədqiqi davam edir. Əldə olunan nəticələr göstərir ki, “Keşikçidağ kurqanlar vadisi” qarşıdakı illər üçün mütəmadi elmi tədqiqatlar perspektivinə və turizmin inkişafı üçün böyük potensiala malikdir.