• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1731
— 20.01.2021 09:27

Qanla yazılan şanlı tarix - 20 Yanvar!

KepezTV Player

1990-cı ilin yanvar hadisələrinə aparan yol azərbaycanlıların Ermənistandakı tarixi torpaqlarından növbəti kütləvi deportasiyasının, Dağlıq Qarabağın Ermənistana birləşdirilməsi cəhdlərinin geniş vüsət aldığı 1987-ci ildən başlayıb. Artan xətt üzrə davam edən gərginliyin qarşısını almaq əvəzinə, Sovet rəhbərliyi Azərbaycan xalqına qarşı dəhşətli cinayət törədib. 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə qoşun hissələri Bakıya və Azərbaycanın bir neçə rayonuna yeridilib, dinc əhali ağır texnikadan və müxtəlif tipli silahlardan atəşə tutularaq kütləvi qətlə yetirilib. Qoşunların qanunsuz yeridilməsi nəticəsində Bakıda və ətraf rayonlarda 131 nəfər öldürülüb, 744 nəfər yaralanıb. Ümumilikdə, Azərbaycanın 150 nəfər “20 Yanvar şəhidi” var. Hadisədən dərhal sonra – 1990-cı il yanvarın 21-də ümummilli lider Heydər Əliyev ailə üzvləri ilə birlikdə Azərbaycanın Moskvadakı daimi nümayəndəliyinə gələrək doğma xalqı ilə həmrəy olduğunu nümayiş etdirib, SSRİ rəhbərliyinin törətdiyi bu qanlı əməliyyata kəskin etirazını bildirib. Yanvar faciəsi ümumxalq hüznü olmaqla yanaşı, həm də Azərbaycan xalqının iradəsinin sarsılmazlığını, mətinliyini göstərdi. Bu hadisə Azərbaycan milli kimliyinin formalaşmasına həlledici təsir göstərib, dövlət müstəqilliyinin bərpa edilməsində dönüş nöqtəsi olub. Məhz bu hadisədən sonra milli azadlıq hərəkatı tam siyasi reallığa çevrilib, dönməz xarakter alıb, xalq öz gələcəyini yalnız müstəqil Azərbaycanda görüb. 1994-cü il martın 29-da ümummilli lider Heydər Əliyevin təşəbbüsü ilə 20 Yanvar faciəsinə Milli Məclis səviyyəsində ilk dəfə hüquqi-siyasi qiymət verilib. Müstəqilliyin əldə edilməsindən ötən müddət ərzində, xüsusən də son 17 ildə güclü dövlət quruculuğu, siyasi və iqtisadi nəaliyyətlər özünü hərbi imkanların artırılması və müzəffər ordunun formalaşdırılması ilə büruzə verdi. Və Vətən müharibəsində 1987-ci ildən başlayan və ötən əsrin 90-cı illərinin əvvəlində aktiv fazaya keçən Qarabağ savaşı nəticəsində işğal altındakı torpaqların azad edilməsi, şəhidlərinin qanının yerdə qalmaması ilə yekunlaşdı.