• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 2241
— 16.01.2021 13:05

Koronavirusa qarşı ilk kimlər peyvənd olunacaqlar?

KepezTV Player

Ümumi olaraq bu günə qədər ölkədə 226 549 nəfərdə koronavirus infeksiyası aşkarlanıb. Aparılan testlərdə pozitiv çıxanların faiz əmsalı isə 5 faizə enib. TƏBİB-in departament rəhbəri Yaqut Qarayeva bu gün keçirilən brifinqdə bunu ölkədə tətbiq olunan sərt karantin rejiminin nəticəsi kimi dəyərləndirib və vətəndaşların qaydalara ciddi əməl etməsi ilə əlaqələndirib. Ölkədə koronavirusa qarşı vaksinasiya prosesi isə yanvarın 18-dən başlayacaq. İlk növbədə risk qrupuna daxil olan şəxlər peyvənd olunacaqlar. Vaksinasiya könüllülük prinsipi əsasında aparılacaq.

Azərbaycan 4 milyon doza vaksin sifariş verib

Vaksinlərin alınması Koronavirusla Mübarizəyə Dəstək Fonduna toplanmış vəsait hesabına həyata keçirilir. Peyvənd preparatlarının təhlükəsizliyi və effektivliyi meyarları nəzərə alınaraq ikitərəfli danışıqlarda əldə olunmuş razılığa əsasən, Azərbaycana bu proses üçün "Sinovac" şirkətinin vaksinləri gətiriləcək. Sifariş olunmuş 4 milyon doza vaksin əvvəlcə Türkiyəyə çatdırılacaq. Qonşu ölkədə laboratoriyada standartlara uyğunluğu yoxlanılacaq, qablaşdırılacaq və bir neçə partiya ilə Azərbaycan gətiriləcək. "Sinovac" şirkətinin vaksinlərinin Türkiyədə klinik sınaqlarının nəticələri peyvəndin effektivliyinin 91.25 faiz təşkil etdiyini göstərib. Azərbaycanda vaksinlərin ölkə üzrə saxlanma məntəqələri, demək olar ki, bütün rayonlarda mövcuddur. İnfrastruktur vaksinasiya prosesi üçün tam hazır vəziyyətdədir. Artıq Şuşa şəhərində də belə məntəqə qurulmaqdadır və fəaliyyət göstərəcək.