• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1555
— 16.01.2021 13:00

Sərt karantin rejimi yumşaldılır

KepezTV Player

Ölkə ərazisində sərt karantin rejimi yumşaldılır, xüsusi karantin rejiminin müddəti isə aprelin 1-i səhər saat 6-dək uzadılıb. Nazirlər Kabineti yanında Operativ Qərargahın qəbul etdiyi qərarla tətbiq edilən yeniliklərlə bağlı indi tanış olacaqsınız.

Sərtləşdirilmiş xüsusi karantin rejimi çərçivəsindəki məhdudiyyətlərin bir qismi yanvarın 18-dən yumşaldırılır. Bu tarixdən etibarən Bakı, Sumqayıt, Gəncə, Mingəçevir, Şirvan şəhərlərinin və Abşeron rayonunun ərazisində, eləcə də Lənkəran, Masallı, Cəlilabad, Şəki, Zaqatala, Quba, Xaçmaz, Yevlax, Bərdə, Biləsuvar və İsmayıllı rayon mərkəzlərində yaşayış yerini və olduğu yeri “SMS” icazə, “icaze.e-gov.az” portalı və xidməti vəsiqə əsasında tərk etmək sistemi ləğv olunur. Yanvarın 25-dən etibarən ölkə ərazisində ictimai iaşə obyektləri, kafe, çay evləri və bu kimi məkanlarda müştərilərə yerində xidmət və iri ticarət mərkəzləri, “Mall”lar istisna olmaqla ticarət obyektləri fəaliyyət göstərəcək. Həmçinin bərbərxanalar, gözəllik salonları, kosmetik xidmətlər, muzey və sərgi zalları, şəhərlərarası və rayonlararası hərəkət yanvarın 25-dən bərpa olunacaq. Fevralın 1-dən isə ölkədə ictimai iaşə obyektləri, eləcə də restoran, kafe və çay evləri və bu kimi digər məkanlarda müştərilərə səhər saat 6-dan gecə 12-dək yerində xidmətlər göstəriləcək. Yanvarın 18-dən 25-dək Bakı, Sumqayıt, Gəncə, Mingəçevir, Şirvan şəhərlərinin və Abşeron rayonunun ərazisinə, eləcə də Lənkəran, Masallı, Cəlilabad, Şəki, Zaqatala, Quba, Xaçmaz, Yevlax, Bərdə, Biləsuvar və İsmayıllı rayon mərkəzlərinin ərazilərinə giriş-çıxışa müvafiq təşkilatların əməkdaşlarına xidməti vəsiqə, ezamiyyə vərəqəsi, diplomatik nümayəndəliklərin və beynəlxalq təşkilatların əməkdaşlarına isə müvafiq akkreditasiya kartları əsasında, digər şəxslərin giriş-çıxışına isə onlar haqqında məlumatlar “icazə.e-gov.az” portalına daxil edildikdən sonra ezamiyyə vərəqəsi əsasında icazə veriləcək. Yaxın qohumunun dəfnində iştirakla əlaqədar “102” Xidməti – Zəng Mərkəzi vasitəsilə alınmış icazə əsasında hərəkət etmək olar. Yanvarın 18-dən 25-dək beynəlxalq və ölkədaxili uçuşlara müvafiq reys üçün bileti olan şəxslərin sərt karantin rejimi tətbiq olunan ərazilərə hərəkətinə onların biletləri əsasında, dövlət sərhədindən müvafiq qaydada ölkəyə daxil olan şəxslərin həmin ərazilərə gəlməsinə isə onların pasportuna vurulmuş ştamp əsasında icazə verilir. Bakı metropolitenində sərnişindaşımanın fəaliyyətinə tətbiq olunan məhdudiyyət qüvvədə qalır. Bütün ölkə ərazisində şənbə və bazar günləri ictimai nəqliyyatın fəaliyyətinə tətbiq olunan məhdudiyyət, eləcə də digər qadağalar isə xüsusi karantin rejiminin sonunadək tətbiq olunacaq. Ölkə üzrə bütün qapalı və açıq məkanlarda müvafiq qaydada tibbi maskalardan istifadə məcburidir. Həmçinin sosial məsafə, tibbi maska və digər qoruyucu vasitələrdən istifadə etmək zəruridir.