Vətən səni səsləyirsə, çağırışa “hə” deməlisən. Ölkəmizin dar günündə əlinə silah alıb, döyüşlərə atılan Qalib Əliyev kimi. Tanınmış güləşçi Silahlı Qüvvələrimizin sıralarında Zəfərlə başa çatan 44 günlük müharibənin iştirakçısı olub. Qazi kimi evinə dönüb.
Qalib Əliyev peşəsindən, cəmiyyətdə tutduğu mövqedən asılı olmayaraq ilk günlərdən düşmən təxribatına qarşı əks-hücum əməliyyatına başlayan Müzəffər Azərbaycan Ordusunda xidmət edib. Güləş xalçasını savaş meydanına dəyişib. Şöhrət Ordenli məşqçi Elçin Zeylanovun yetirməsi beynəlxalq arenalarda təmsil etdiyi ölkənin şərəfini bu dəfə döyüşlərdə, hərb meydanında qoruyub.
Elçin Zeynalovun sözlərinə görə, Qalib sağaldıqdan sonra yenidən xidmət üçün ordu sıralarına qayitmaq istəyib amma buna razılıq verilməyib. Yaralanması səbəbindən müharibənin son günlərinə kimi döyüşə bilməsə də qazanılan qələbə onda xoş duyğular yaradıb.
Xəstəxanada müalicə aldığı dövrdə Qalib Əliyev yaralı əsgərlərə baş çəkməyə gələn Ali Baş Komandan, Prezident İlham Əliyevlə görüşüb.
Qalib Əliyev gənclər arasında Avropa çempionu, Qızıl Qran Pri, Yaşar Doğu kimi beynəlxalq səviyyəli nüfuzlu yarışların qalibi olub, hərbçilərin dünya çempionatında qızıl medal qazanıb. O, hazırda Gəncə şəhər 1 nömrəli Uşaq-Gənclər İdman-Şahmat Məktəbində məşqçi müəllim kimi çalışır.
- Baxış: 298