İllər keçsə də, gələcək nəsillər şəhidlərimizi hər zaman böyük minnətdarlıq hissi ilə yad edəcəklər. Düşmənlə mübarizədə vətənimizi, torpaqlarımızı qoruyarkən canlarından keçən igidlərin biri haqqında danışacayıq.
Hər gün çəkiliş qrupumuzla birlikdə bir şəhid ailəsini ziyarət etməyi özümüzə borc bilirik. Onlar bizim üçün, vətən torpağı uğrunda canlarını fəda edənlərdir. Bu gün isə yollanırıq Gəncədən olan şəhid Samir Abdullayevin yaşadığı, böyüyüb boya başa çatdığı evə...
2 bacının bir qardaşı olan Samirin 22 yaşı var idi. Anasının fəxri, atasının qüruru idi Samir.
Əslən Qarabağlı olan Samirin ürəyində ana yurdunun yeri xüsusi idi. Qarabağdan danışanda boynu bükülən, sanki utanan şəhidimizin indi ruhu şaddır. Axı ən çox getmək, görmək istədiyi Cəbrayılda ay ulduzlu hilalımız dalğalanır, uğrunda canından keçdiyi Füzulidə Himnimiz səslənir, Qarabağ torpağında azan eşidilir.
Hər bir nənənin, bir az seçdiyi, gözünün nuru bir nəvəsi olur. Xanım nənəmizində ürəyində, şəhidimizin yeri başqa idi. Artıq o otağında tək yatır, gecə oyananda durub Samirin üzərini də örtmür. Tək təsəllisi torpaqlarımızın mənfur ermənilərdən təmizlənməsi, minnətdarlığı isə Ali Baş Komandanımızadır.
Özü ali təhsil ala bilməsə də ən böyük arzusu idi bacısını oxutmaq. Bəlkə onun bir tarixçi olmasına istəyirdi, nə bilərdi ki, elə özü tarix olacaq, qəhrəmanlıq tarixində adı qalacaq.
Bu gün bütün Azərbaycan Samirin timsalında şəhidlərimizlə fəxr edir, qürur duyur. Bizdə, qohumlarıda, dostlarıda...
Yarımçıq qalan ümidlər, gerçəkləşməyən xəyallar, nakam məhəbbət. Samir özü ilə bütün bunları apardı, geridə isə suveren vətən qaldı.
Nərgiz Əhmədqızı
- Baxış: 120