• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 805
— 03.12.2020 10:11

“Qələbəmiz bir almaz qədər safdır”

KepezTV Player

44 günlük Vətən müharibəsini  geridə qoyduq. Bu meddətin hər anı, hər saniyəsi tarixin ən şanlı günlərinin şahidinə çevrildi. Ali Baş Komandanımızın, Müdafiə Nazirliyinin qələbə xəbərlərini oxuduqca, paylaşdıqca ürəyimiz titrədi, əllərimiz əsdi. Azad olunan torpaqların görüntülərini bəlkə də min yol izlədik.

QARABAĞA qayıdışın min dəfə xəyalını qursaq da, o xəyallar gerçəyindən daha gözəl deyildi. Azərbaycan əsgəri  bayrağımızı səmaya ucaltdı. Dualar bir ağızdan yüksəldi: Şükür sənə İlahi, Sən bu xalqı məğlub damğasından, qaçqın, köçkün kimliyindən qurtarmağa möhlət verdin.

Qafqazdakı sakitliyi Azərbaycan ordusunun ayaq səsləri, qələbə xəbərləri pozdu. Dünya, necə deyərlər, “əli üzündə” Azərbaycan əsgərinin qələbəsini izlədi. Azərbaycan isə döyüşdu, cəbhədə, siyasət meydanında, informasiya məkanında. Və artıq hər üç müharibənin qalibi sayılır.

Azərbaycan döyüşdü... Döyüşdə istifadə olunan ən müasir silahlar öz yerində, bu  otuz ildə heç bir texnologiyanın istehsal edə bilmədiyi, nə erməninin, nə onun riyakar havadarlarının sahib olmayacağı bir silahla döyüşə girdi. Cəsarətdən, milli qeyrətdən, illərin basdırılmış vətən həsrətindən boy alan silahla nişan alır hədəfləri. Azərbaycan əsgəri o silahı barmağı ilə deyil, ürəyi ilə çəkir.

Aparılan döyüşləri analiz edən hərbi ekspertlər heyrət icindədirlər: “Sanki XX əsrlə XXI əsrin orduları üz-üzə gəlib.”  Bu üzləşmənin üstün tərəfi bizik, mənfur düşmən  də bunun fərqindədir. Elə olmasaydı, havadarlarından dilənib ərsəyə gətirdikləri silah-sursatı  cəbhə bölgəsində əsgərlərimizə “təhvil verib”  qaçmazdılar. Erməni ordusunda özbaşınalıq hökm sürür, döyüş ruhu aşağı düşüb və yeni nəsil mənasız müharibədə vuruşub ölmək istəmir. Və haqq- ədalət  öz yerini tapır.

Ötən 30 ilin acı həqiqəti isə belədir: Dünya haqlının tərəfində olmur. Ədaləti özün bərpa edəcəksən, Azərbaycan əsgəri. Bu sənin haqq mübarizən idi və qalib sən oldun...! Biz çox saydıq təqvimin qaraya bürünmüş günlərini. 10 il keçdi, 15 il keçdi, 25 il keçdi... Öz evindən, öz elindən didərgin düşənlər dillərindən düşürmədilər Qarabağı. Yanıb külə dönmüş evinin açarını əlindən yerə qoymayan nənənin ümidindən güc aldı, şəhid dostunun  cənazəsinə bürünmüş bayrağa  and içdi Vətən Oğlu. İndi bütöv Azərbaycan saatını Şuşanın, Xankəndinin saatlarına kökləyib. Daha işğal illərini deyil, Qələbə günləri qeyd edəcəyik...  Eşq olsun Ali Baş Komandanımıza! Eşq olsun müzəffər Azərbaycan Ordusuna! Qarabağ Azərbaycandır!

 

.