• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 2031
— 08.12.2020 16:23

Ölkədə yenidən sərt karantin rejimi tətbiq olunacaq

KepezTV Player

Azərbaycanda sutka ərazində koronavirusa 4 387 yeni yoluxma qeydə alınıb, 3 133 nəfər sağalıb və evə buraxılıb. 38 nəfər vəfat edib. Hazırda ölkədə aktiv xəstə sayı 59028 nəfərdir. Ölkədə xüsusi karantin rejiminin müddəti gələn il yanvarın 31-dək uzadılıb. Nazirlər Kabinetinin qərarı ilə dekabrın 14-dən yanvarın 18-dək isə bütün ölkə üzrə sərt karantin rejimi tətbiq olunacaq.

Sərt karantin rejimi müddətində - yəni dekabrın 14-dən gələn il yanvarın 18-dək müəyyən edilmiş sahələr istisna olmaqla digər sahələrdə iş və xidmətlər dayandırılır. Bütün ticarət, ictimai iaşə obyektlərinə, o cümlədən restoran, kafe və çay evlərinə müştərilərə yalnız çatdırma xidmətləri və ya onlayn satışa icazə verilir. Dekabrın 14-dən yanvarın 18-dək operativ və xüsusi təyinatlı nəqliyyat vasitələrinin, habelə yükdaşıyan avtomobillərin və ANAMA-nın nəqliyyat vasitələrinin hərəkəti istisna olmaqla, Bakı, Sumqayıt, Gəncə, Mingəçevir, Şirvan şəhərlərinin və Abşeron rayonunun ərazisinə, eləcə də Lənkəran, Masallı, Cəlilabad, Şəki, Zaqatala, Quba, Xaçmaz, Yevlax, Bərdə, Biləsuvar və İsmayıllı rayon mərkəzlərinə giriş-çıxış dayandırılır, hərəkət məhdudiyyəti tətbiq edilir. Fəaliyyətinə icazə verilən iş və xidmət sahələrində çalışanlara “icaze.e-gov.az” portalı vasitəsilə icazə verilir. Məlumatlar portala 9 dekabr saat 10:00-dan etibarən daxil edilməlidir. Sərt karantin rejimi müddətində Bakı, Sumqayıt, Gəncə, Mingəçevir, Şirvan şəhərlərinin və Abşeron rayonunun ərazisində, eləcə də Lənkəran, Masallı, Cəlilabad, Şəki, Zaqatala, Quba, Xaçmaz, Yevlax, Bərdə, Biləsuvar və İsmayıllı rayon mərkəzlərində bütün digər şəxslərin yaşayış yerini və olduğu yeri tərk etmələrinə 8103 SMS-icazə sistemi və ya DİN-in 102 Xidməti – Zəng Mərkəzi vasitəsilə ilə, həmçinin “E-Təbib” mobil tətbiqi vasitəsilə icazə verilir. SMS-icazənin müddəti 3 saatdır.Bütün ölkə ərazisində şənbə və bazar günləri ictimai nəqliyyatın fəaliyyətinə tətbiq olunan məhdudiyyət gələn il yanvarın 31-dək uzadılır. Ölkə üzrə bütün qapalı və açıq məkanlarda müvafiq qaydada tibbi maskalardan istifadə məcburidir. Prezidentin köməkçisi, Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Operativ Qərargahın brifinqində qeyd edib ki, yoluxma o həddə çata bilər ki, tibbi ehtiyacı olan insanlar kənarda qalar.

Bəzi koronavirus xəstələrinin məsuliyyətsizliyinə diqqət çəkən Hikmət Hacıyev indiyədək qaydaları pozanlara qarşı görülən cəza tədbirləri barədə məlumat verib.