• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1687
— 06.12.2020 20:20

Qalib dövlətin qalib əsgəri

KepezTV Player

Biz qalib dövlətin qalib vətəndaşlarıyıq. Biz bütöv Vətənin məğrur övladlarıyıq. Bu gün alnımız açıq, üzümüz ağ, başımız dikdir. Bunun üçün isə ilk növbədə qətiyyətli Ali Baş Komandanımıza, şanlı Ordumuza, qəhrəman oğullarımıza - şəhidlərimizə, qazilərimizə borcluyuq. Onların Vətən müharibəsində göstərdikləri şücaət, keçdikləri döyüş yolları gələcək nəsillərimiz üçün qəhrəmanlıq nümunəsidir. İndi bu cür igidlərimizdən biri ilə tanış edəcəyik sizi. Qazi Sərxan Yolçuyevi yaxından tanıyacağıq.

Sərxan Yolçuyev qazi: Mən Tovuz döyüşlərində Vətən haqqında şeir yazmışdım. Həmin şeirdə yazdığım misralar bu qələbədən sonra əks olundu. Bir arada görmək üçün fəda edərdim canımı,Cənubi qərbi olmaqla bütöv Azərbaycanımı! Qarabağın gülşəninə qoy çiləsinlər qanımı.Təki qanım dəyən yerlər çiçək açsın çəmən olsun.Təki vətən yarımçıq yox, bütövlüklə vətən olsun! Bu torpaqların azad olunmasında o torpaqda mənimdə qanım var. Bunun özü məndən ötrü qürurvericidir.

Sərxan Yolçuyev hələ iyulda Ermənilərin dövlət sərhədinin Tovuz istiqamətində törədikləri təxribatlar zamanı Vətənin müdafiəsi üçün könüllü olaraq orduya yazılıb. Sentyabrın 27-də düşmənin növbəti hücum cəhdinə cavab olaraq başlayan Vətən müharibəsinin ilk günlərindən Vətənin çoxsaylı igid oğulları ilə bərabər Sərxan da döyüşlərə atılır. Murov yüksəkliyinin azad olunmasında böyüş şücaət göstərir. Qəhrəmanlığı, qorxmazlığı ilə hərbçi yoldaşlarında ruh yüksəkliyi yaradır. Çətin döyüşlərin birində yanında partlayan mərmi Sərxan Yolçuyevi ağır yaralayır.

Sərxan Yolçuyev qazi: Biz hamımız bu Ordunun əsgəri idik, istər zabiti olsun, istərsə də əsgəri olsun. Orada birlik günü idi, bir idik. Birimiz yaralananda o birisinin də ürəyi yaralanırdı. Bu vətən var olmaq üçün şəhidləri də olmalıdır. Allah hamısına rəhmət etsin. Mən öz yaxın dostumu da bu döyüşlərdə şəhid verdim. Şuşa istiqamətində şəhid oldu

Sücayət Abbasova qazinin bibisi:Sərxan mənim üç qardaşımın bir oğludur. Bizim ailədə hamımız - nəslimiz, kökümüz Abbasov gedir. Təkcə Sərxan Yolçuyev gedir. O mənim atamın adını soyad kimi özündə daşıyır. Çox sevinirəm ki, torpaqlarımız işğaldan azad olunub. İşğaldan azad olunan torpaqlarda az da olsa, bizim soy kökümüzün - Sərxanın da qanı o torpağa tökülüb.

Natəvan Abbasova qazinin anası: Sərxanı səhər işə yola salırdım. Bir də gördüm bir oğlan ona kağız verdi. Sərxan o kağızı əlinə alan kimi Allah şükür etdi. Mən soruşdum ki, Sərxan o kağız nədi? Dedi mən arzuma çatdım. Səfərbərliyə yazılmışdı məni çağırdılar. Dedi ana niya ana vətən bir yerdə deyilir. Mən torpaqlarımı, vətənimi qoruyum ki, anam, bacım üstündə rahat gəzsin.

İndi hamıdan çox atası Rəfael Abbasov fəxr edir qazi oğlu ilə. Deyir ki, ümid yeri olan oğlu etimadı doğruldaraq başını uca edib.

Rəfael Abbasov qazinin atası: Dövlətimizlə fəxr edirik. Ali baş komandanımıza minnətdaram. Ordumuza, zabitlərimizə minnətdaram. Allah həmişə onları qorusun. Şəhidlərimizə Allah rəhmət etsin, qazilərimizə şəfa versin. Şəhidlərimizin valideynlərinin qarşısında baş əyirəm. Onlar ölməyib və həmişə də yaşıyacaq.

Qəhrəman Abbasov qazinin bibisi oğlu: Ali baş komandanımız, cənab, möhtərəm prezidentimiz var olsun, sağ olsun. Onun rəhbərliyi altında rəşadətli, müzəffər ordumuz bu gün bizi qalib bir xalq elədi, sevindirdi. Sevincimizin həddi-hidudu yoxdur. Şəhidlərimizə Allah rəhmət eləsin.

27 yaşlı qazinin indi tək bir arzusu var. Qalib ölkənin qalib əsgəri kimi, nəslin yeganə varisi olaraq azad Qarabağımızda, bütöv Azərbaycanda xoşbəxt ömür sürmək.

Elnur Vahidoğlu