• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 2163
— 01.12.2020 20:49

Özünə Kəlbəcərdə toy etmək istəyən şəhid

KepezTV Player

Qəlbi yurd həsrəti ilə döyünən şəhidimiz Daşqın Şəfiyev. Kəlbəcəri 4 yaşı olanda tərk edən şəhidimizin arzusu idi doğma yurd-yuvasına qayıtmaq, orada özünə toy eləmək. Amma qismət olmadı, Laçın uğrunda gedən döyüşlərdə şəhidlik zirvəsinə ucaldı.

Bu videosu ilə sosial şəbəkələrdə də özündən ad etdirmişdi Daşqın. Ümidləndirmişdi ailəsini, yolunu gözləyən xanımı bu çağırışı ilə. Ən böyük arzusu isə Kəlbəcərdə toy çaldırmaq idi. Özü də şənlik evində yox, qapılarında qurulan çadırda şənlik təşkil etmək istəyirdi.

Atası deyir ki, Daşqının yadına gəlmirdi ata-baba yurdu, ancaq torpağından danışardı, azad olunmasını istəyərdi. Elə müharibəyə də könüllü yazılmışdı. Döyüşlər gedən zaman da bir neçə dəfə telefonla danışmışdı Daşqınla. Hər şeyin yaxşı olduğunu eşidib qürurlanırdı, şəhid atası. Elə müharibəyə yollananadək də atasının qüruru idi Daşqın.

Şəhid övladlarını vətən uğrunda canından keçən oğullardan seçmir Şəfiyevlər ailəsi. Tək təsəlli, şəhid qanının yerdə qalmaması, torpaqların işğaldan azad olunmasıdır. Daşqının anası oğlunun şəhid olduğu Laçına gedib, o torpağı ziyarət etmək arzusundadır.

Unudulmaz şəhidimiz Daşqın Səfiyev digər silahdaşları kimi tarix yazdı, həm də qəhrəmanlıq dastanı yaratdılar. Məzarında rahat uyu şəhidim, uğrunda canından keçdiyin vətən, işğaldan azaddir.

Nərgiz Əhməqızı