• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1973
— 01.12.2020 20:57

Laçın rayonu işğaldan azad edildi

KepezTV Player

Qartal olum göylərində uçum mən

Bulaq olum torpağında sürünürəm.

Yağış olub düzlərinə çillənnəm

Yağıb yandıran Laçınım mənim! Həsrəti bizləri yandırsa da bu gün 28 ildən sonra yenə bizimdir Laçın. Laçın xalqımızın ən əsası isə laçınlılarındı. Biz də Laçının işğaldan azad olunmasına sevinən Gəncədə yaşıyan laçınlıların sevincinə şərik olduq.

Gözlərə də həsrət, ürəklər də çırpıntı. Hər kəs səbirsizliklə ali baş komandan, prezident İlham Əliyevin Laçın rayonunun işğaldan azad edilməsi xəbərini eşitməyə səbirsizlənir. Budur vaxt çatdı, dövlət başçısı xalqa müraciət edir.

Raya Mahmudlu Laçın rayon sakini:

Ağzımda bəhər, sünbülümdə dən,

Halalca süfrəmdə çörəksən vətən.

Gözümün nurusan ağzımın dadı

Sinəmdə çırpınan ürəksən vətən!

Şahnur Şükürlü Laçın rayon sakini:

Qoruyur sərhədi milli ordumuz

Düşmənə baş əyməz ana yurdumuz

Sultanbəyin nəslidir bizim ordumuz

Laçında döyüşən vətən oğullar!

Çoban Şükürov Laçın rayon sakini: Prezidentimizə öz minnətdarlığımızı bildiririk. Allah onun canını sağ eləsin, ömürlük prezident olsun. Ordumuza, xalqımıza minnətdarıq. Laçının alınması bizim üçün fəxrdir. Laçının azad olunması xəbərini ömürümüz boyu yaddan çıxarmayacağıq. Elə Laçını görsəm mənə bəsdir. Gedib torpaqlarımızı, ərazilərimizi, keçmişlərimizi görsəm mənə bəs edir.

81 yaşlı Laçın rayon Ərikli kənd sakini Çoban Şükürovun indi tək arzusu budur. 7 övladı ilə öz doğma yurdundan, elindən, obasından çıxan ağsaqqal indi 40-a yaxın ailə üzvü ilə qayıdacaq Laçınına. Elə yaxınları, qohumları da laçına qayıdacaqları günü səbrsizliklə gözləyir, ürəkdən arzulayır.

Əmir Şükürov Laçın rayon sakini: Mən həmişə oturub gözümü yumub sanki o dağlara getmişəm. Sanki elə bilmişəm ki, kəndimin güneylərində, quzeylərində Qarğış dağında, Qaraqayada olmuşam. Hissi dilə gətirmək olmaz. Bu gün çox şadam, Allah dövlətimizi var eləsin. Ordumuza qüvvət versin, prezidentimizi sağ eləsin.

Məhəmməd Mahmudov Laçın rayon sakini: Erməni mənfurları bu qədər dağıntıya yol veriblər. Mən yenə inanmıram. O gözəllik gözümün qarşısındadır. Allahın köməkliyi ilə, prezidentimizin şücayəti ilə biz ora getsək bizim ömrümüz xeyli uzanacaq. Məhəbbət Kazımov kimi yoldaşlarımın, dostlarımın ruhu şad olacaq. Bizdə çalışarıq ki, belə insanların ruhu qarşısında öz əməllərimizlə Laçının başını uca edək.

Sözlə ifadə ediləsi hisslər deyil Laçının işğaldan azad edilməsi xəbərinin yaşatdığı sevinc. Laçınlılar sona çatan həsrətin, doğma yurda dönməyin, bütöv Azərbaycanın sevincini yaşayır bu qayıdışla. Azadlığın mübarək Laçın!

Elnur Vahidoğlu