• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1755
— 05.11.2020 20:53

Ermənistanın Baş Nazirinə tələb

KepezTV Player

Atəşkəslərin işləməməsinin səbəblərindən biri ondan ibarət idi ki, Ermənistan artıq bizim tərəfimizdən azad edilmiş əraziləri geri almağa cəhd göstərirdi. İspaniyanın EFE informasiya agentliyinə müsahibə verən Prezident İlham Əliyev 30 ildir işğal altında olan ərazilərin böyük hissəsinin azad edildiyinə və hazırda Paşinyanla danışıqların mənasız olduğuna diqqət çəkib.

Prezident İlham Əliyev deyib ki, Ermənistan tərəfdən dəqiq kompromis olmalıdır. İşğal altında olan Ağdamın bir hissəsini, Kəlbəcər və Laçını boşaltmaq üçün vaxt cədvəli təqdim edilməlidir. Nə qədər ki, Ermənistanın baş naziri bunu şəxsən bəyan etməyib Azərbaycanın məsələni masadan cəbhəyə aparmaqdan başqa yolu yoxdur.

İlham Əliyev Azərbaycan Respublikasının Prezidenti: Sentyabrın 27-dən bu yana bütün bu vaxt ərzində Ermənistanın hərbi-siyasi rəhbərliyi ərazilərin boşaldılacağı barədə heç vaxt heç nə deməyib. Belə olan halda, onlar 7 rayonun qaytarılmasını təmin etmək üçün bu prinsipləri işləyib hazırlamış Minsk qrupunun həmsədrlərinə faktiki olaraq hörmətsizlik nümayiş etdirirlər və faktiki olaraq daha çox eskalasiyaya gətirib çıxarırlar. Beləliklə, biz Ermənistanın baş nazirinin Kəlbəcər, Laçın və Ağdamın qalan hissəsini boşaldacaqlarını açıq şəkildə deməyini gözləyirik.

Paşinyanla görüşün mənası yoxdur

Danışıqlar üçün Paşinyanla bir masa arxasında oturmağa gəldikdə isə ölkə başçısı bunun heç bir mənasının olmadığını bildirib.

İlham Əliyev Azərbaycan Respublikasının Prezidenti: Son iki il ərzində mənim onunla çoxsaylı görüşlərim olub, lakin onların hamısı tamamilə səmərəsiz və mənasız olub, ilk görüşlər istisna olmaqla. O, mənə söz vermişdi ki, əgər Azərbaycan dırnaqarası “inqilab”dan sonra ona vaxt versə, o, yaxşı hazırlaşacaq, Ermənistanda siyasi cəhətdən öz mövqeyini gücləndirəcək və sonra əsas prinsipləri yerinə yetirmək üçün konstruktiv şəkildə işləməyə hazır olacaq. Lakin bir ildən sonra o, tamamilə fərqli sözlər dedi.Ona görə də hazırda mən onunla görüşməkdə bir məna görmürəm. Bu yaxınlarda bizim xarici işlər nazirlərimiz Cenevrədə görüşüblər və mən düşünürəm ki, hazırda bu, təmaslar üçün doğru formatdır.

Münaqişə beynəlxalq müstəviyə keçməməlidir

“Əgər Azərbaycan, əgər istənilən ölkə Ermənistana hücum etsə, onda Rusiya öhdəliyini yerinə yetirməlidir. Lakin döyüş bizim torpağımızda gedir" deyən Prezident İlham Əliyev Türkiyə və İranla bağlı sualı da cavablandırıb.

İlham Əliyev Azərbaycan Respublikasının Prezidenti: Bu yaxınlarda İranın Ali Rəhbəri Ermənistanın Azərbaycanın beynəlxalq səviyyədə tanınan ərazilərini boşaltmalı olduğu ilə bağlı bəyanat vermişdir. Türkiyənin mövqeyi yaxşı bəllidir. Türkiyə həmişə beynəlxalq hüququ və BMT Təhlükəsizlik Şurasının qətnamələrini dəstəkləyir. Həmçinin Gürcüstan da dəfələrlə Azərbaycanın ərazi bütövlüyünü dəstəkləmişdir. Bu, bizim qonşuların mövqeyidir. Ermənistan təcrid olunub.

Ermənistan öhtəliklərini icra etməlidir

Prezident İlham Əliyev regionun muxtariyyəti ilə bağlı məsələyə də münasibət bildirib. Deyib ki, ermənilərə Azərbaycan daxilində təklif edilən muxtariyyət rədd edilib.

İlham Əliyev Azərbaycan Respublikasının Prezidenti: Onlar yalnız müstəqillik tələb edirdilər və istəyirdilər ki, biz bu müstəqilliyi tanıyaq. Bununla münaqişəni dondurmaq üçün hər şeyi edirdilər. Mən bilirəm, biz birincisi münaqişənin bu qaynar fazasını bitirməliyik, danışıqlar masasına qayıtmalıyıq, Ermənistan mənim artıq dediyim öhdəlikləri üzərinə götürməlidir və sonra biz gələcəkdə nə baş verəcək onun haqqında danışa bilərik. “

Dövlət başçısı Ermənistanın Dağlıq Qarabağın müstəqilliyini tanıyacağı təqdirdə nə sülh, nə əsas prinsiplər, nə də gələcək tənzimləmə ilə bağlı danışmağın yersiz olduğuna diqqət çəkib. Ölkə başçısı düşmənin qorxaq olduğunu, yalnız dinc vətəndaşlara qarşı vuruşa bildiyini və gücümüzü, birliyimizi görüb qaçdıqlarını bir daha vurğulayıb.