• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1580
— 04.11.2020 21:09

Qripəm yoxsa koronavirus?

KepezTV Player

Yüksək temperatur, quru öskürək, bəzən isə sadəcə süstlük. İndi çoxları bu əlamətləri hiss edən zaman koronavirusa yoluxduğunu düşünür. Çünki pandemiyanın bir sıra simptomları mövsümi xəstəliklərlə müəyyən qədər üst-üstə düşür. Belə olan vəziyyət isə təbiidir ki, insanlarda həm çaşqınlıq, həm də narahatlıq yaradır.

Mövsümün aktual xəstəlikləri arasında zökəm və qrip xüsusi yer tutur.  Hər birinin fərdi simptomları olsa da, əksəriyyət onları ayırd etməkdə çətinlik çəkir. Əslində isə sözügedən xəstəlikləri oxşar edən məqam sadəcə yuxarı tənəffüs yollarının iltihabı əlamətləridir. Bəzi hallarda ağırlaşmalarla nəticələndiyi üçün zökəmlə müqayisədə qrip daha təhlükəli hesab olunur.

​Şəhla Verdiyeva terapevt: Vaxtilə qrip anlayışı bir neçə viral xəstəliyin cəmini əks etdirirdi. Hər burun axıntısı olan qripə yoluxdum deyə müalicə olunurdu. Səhiyyə Nazirliyi hər il çağırışlar edirdi ki, ariqpə qarşı peyvənd olmaq lazımdır. Bəzən peyvənd də özünün doğrultmurdu. Çünki hər il qripə yeni ştamlarla yoluxurduq. İnfluenza B, A və sairə.. Onunla müqayisədə Covid daha tez aşağı tənəffüs yollarına enən bir virusdur. Bu virusun təhlükəli tərəfi də elə aşağı tənəffüs yollarında daha sıx-sıx infeksiyalar törətməsidir.

Qrip və zökəmdən fərqli olaraq, covid-19 həm yuxarı, həm də aşağı tənəffüs yollarını zədələyə bilir. Elə bu səbəbdən də koronavirus daha təhlükəli pandemiya hesab olunur. Yüksək temperatur və quru öskürək qriplə covid-19-un hardasa ortaq simptomları sayılsa da, koronavirusu spesifik edən yanaşı əlamətlər də mövcuddur.

Şəhla Verdiyeva terapevt: Covid çox az hallarda özünü qripəbənzər əlamətlərlə göstərir. Düzdü, 2-ci dalğada xəstələri daha çox qripəbənzər əlamətlərlə görürük. Amma Covid-19-da normalda burun axıntısı, asqırma, qırtlaqda yanğı olmur. Əksər hallarda uzun müddət davam edən dirəncli, yüksək temperatur, əzələ və oynaqlarda ciddi ağrılarla özünü göstərir.

Əfsuslar olsun ki, hazırda ölkəmizdə Covid-19 testi müsbət çıxanların sayı günü-gündən artır. Bu hal həm də pandemiyaya yoluxanlar arasında müəyyən əlamətləri gizlədən və koronavirusun simptomlarına başqa ad qoyanların varlığından irəli gəlir. Odur ki, hər bir halda özünüqoruma tədbirlərinə riayət etmək, qoruyucu vasitələrdən istifadə etmək vacib sayılır.