• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 2207
— 09.10.2020 23:08

Təxribata baxmayaraq təmir davam edir

KepezTV Player

Dinc sakinlər arasında qorxu, xof yaratmaq.. Tək bu cümlə kifayət edir ki, işğalçı dövlətin nə kimi çirkin niyyətlərinin olduğunu anlayasan. Düşmən tərəfin mülki əhalini hədəf seçməsi hər dəfəsində tənqid obyektinə çevrilsə də, Ermənistan öz riyakarlığını davam etdirir. Amma sözügedən situasiya vətəndaşlarımızı qorxutmur və hər kəs öz işinin-gücünün başındadır. Evində təmir işləri aparan Gəncə sakini Rafiq Mustafayev kimi...

Ermənilərin Gəncədə törətdiyi təxribatlar digər sakinlər kimi Rafiq dayıda da təşviş yaratmır. Təxminən bir həftə əvvəl başlanan təmir işlərini təqaüdçü bu gün də yüksək əhval-ruhiyyə ilə davam etdirir.

Rafiq Mustayev sakin: Erməni-müsəlman davasının bu qızğın vaxtında harasa getmək, qaçmaq fikrim yoxdur. Özüm evimizi təmir etdirirəm ki, günüm, güzaranım bundan da yaxşı olsun. Onlar kimdir biz onlardan qorxaq? Onlar bizdən qorxsunlar. Onlar milyon yarımdır, biz on milyonuq. Ona görə qorxmaq lazım deyil. Hərə öz işində-gücündədir. Qonum-qonşum, qohum-əqrəbam hamısı buradadır. Firavan həyat sürürük.

Gəncənin ermənilər tərəfindən raket atəşinə tutulması həyət evində yaşayan Rafiq Mustafayevin təmir işləri apardığı dövrə təsadüf edib. Amma işlər yarımçıq dayandırılmayıb. Ustalar öz işinin başında olmaqla nikbinlik baxımından heç də ev sahibindən geri qalmır.

Fəxrəddin Hüseynov usta:Gəncə şəhərinə neçə dəfə top atəşi atdılar. Yenə biz öz işimizdən qalmadıq, dayanmamışıq. Hal-hazırda da işləyirik. Gördüyünüz kimi təmir işi gedir. Ailəmizin içindəyik, ailəmiz də bizimlədir. Lazım olarsa biz də Qarabağa gedəcəyik, vuruşmağa hazırıq. Baxmayaraq ki, bu gün usta işləyirik. Silaha sarılıb döyüşə getməyə, Vətəni qorumağa həmişə hazırıq.

Rafiq Mustafayevin timsalında tikinti bazarındakı hazırki vəziyyəti təxmin etmək heç də çətin deyil. Sözügedən sektorda işlərin tam qaydasında getdiyini fəhlədən tutmuş alıcıyadək hər kəs təsdiq edir.

Gəncədə fəaliyyət göstərən inşaat və tikinti materialları mağazalarında durğunluq yaşanmır. İnsanlar özlərinə lazım olan məhsulları əvvəlki qaydada  gəlib buradan əldə edib gedirlər.

Eldəniz Rəhimov sürücü:Heç bir tikintidə axsaqlıq yoxdur. Hər bir şey öz qaydasında gedir. Müştərilər də gəlir. Həyat əvvəlki qayda-qanuni ilə davam edir.

Fərhad Məhərrəmov alıcı:İnşaat malları almağa gəlmişik. Sement malları aparırıq. Gəncə şəhərində heç bir panika yoxdur. Gəncə camaatı qaçan deyil. Biz 1988-ci ildə düşmənə əliyalın cavab vermişik. İndi texnikamız, hər şeyimiz var.

Samir Gözəlov fəhlə:Əlbəttə ki, bizim xalqımız dözümlü və iradəlidir. Biz indiyənədək ermənilər heç nəyindən qorxmamışıq. İndi də heç nədən qorxmuruq. Həmişəki kimi öz yerimizdəyik. Əvvəlki kimi hamı öz işinin başındadır. İnşallah ordumuz nailiyyətlər əldə edər. Mən də könüllü kimi yazılmışam. Lazım gələrsə canımın son damla qanına qədər döyüşə getməyə hazıram.

Görünən odur ki, qətiyyətli Gəncə sakinləri o cümlədən, azərbaycanlılar Vətən üçün xidmətə hər zaman hazırdır. Özü də düşməndən fərqli olaraq, yaşından, peşəsindən və sosial statusundan asılı olmayaraq..