• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 2057
— 26.09.2020 20:47

İnternet olmayan kəndlərdə distant təhsil

KepezTV Player

Sentyabrın 15-dən fərqli formatda başlayan tədris ili təbiib çətinliklərin yaşanması ilə yadda qalır. Xüsusilə də əyani təhsilin əksi olan distnt formada dərslər zamanı. Bu isə özünü əsasən şəhər və rayon mərkəzlərindən uzaqda, kəndlərdə daha qabarıq biruzə verir. Söhbət məsafədən təhsilin reallaşmasına imkan verən internet təminatından gedir. Əməkdaşımız Natiq Hüseyn həftə ərzində qərb bölgəsinin müxtəlif rayonlarında bu sahədə mövcud problemlə maraqlanıb. Sujetdə daha ətraflı təqdim edirik.

Goranboy rayonunda yaşayan bu sakinlər bu günədək stasionar telafonun nə olduğunu bilmirlər. Çünki yaşadıqları kənddə ümumiyyətlə ATS yoxdur.  Hazırda sözügedən kənddə müəllim və şagirdlər onlayn dərslərə müxtəlif mobil operatorların intenet paketlərindən istifadə etməklə qoşulurlar. Bu isə hər ailənin maddi imkanı daxilində deyil.  

Fatma Musayeva müəllim: Mən yüklədim 25 manata meqabaytı. Ancaq uşaqların onu almağa gücü çatmır. Qalırsan belə mən necə keçim ki, o uşaqlar onu başa düşsün.

Zülfiyyə Əliyeva valideyn: Mən nə qədər kontur yükləyim, internet yükləyim ki, uşaqlar dərs keçə bilsin. Məcburuq ətraf kəndlərə gedib orada internet axtaraq.

Vüsalə Əliyeva müəllim: Müəllimlərimiz yalnız əyani formada dərsləri keçilir. Distantdan istifadə bilmirik. Müəllimlərimiz meqabayt yükləyib internet açsalar da uşaqlarla təmsada ola bilmirlər. Hər bir valideyn internetdən istifadə edə bilmir. Elə kasib ailələr var ki, onların telefon və yaxud da noutbuk almağa imkanları çatmır.

Cahangir Əliabbasov məktəb direktoru: Heç bir valideynin evində internet yoxdur ki, o şagirldər qoşula bilsinlər. Demək olar ki, bizdə o üç gün distant təhsil ümumiyyətlə keçilmir.

Analoji vəziiyyət Goranboyla qonşuluqda olan Samux rayonunda da yaşanır. Müəllimlər rayonda sürətli internetin yoxluğundan əziyyət çəkir.

Səlminə Məmmədova müəllim: Mən tarix fənnini tədris  edirəm. Düzdür distant təhsildən istifadə edirik. Ancaq internet zəifdi, sürətli deyildi. Deyək bir evdə üç uşaq var. Biri qoşula bilirsə, o biriləri qoşula bilmir. İndi mən özüm distant dərsdən çıxıram. Görürəm 15 uşaqdan 10 nəfəri oturub. Valideynə zəng edirik, deyir vallah internetə qoşula bilmirik.

Nurlana Həsənova məktəb direktoru: İnternetə qoşulma bu Samux rayonu ərazsində çox zəifdir. Düzdür müəllimlərimiz müxtəlif mobil operatorlardan istifadə edərək internetə qoşulurlar. Dərslərimiz virtual məktəb platformasında keçilir. Lakin əksər şagirdlərimizin evində qoşulmaya şərait olmadığı üçün çətinlik çəkirik.

Vüsal Cəfərov Samux Rayon Təhsil Şöbəsinin müdir müavini: Daha çox ucqar kəndlərdə belə problemlərlə qarşılaşırıq. Ancaq əlimizdən gələn bütün imkanlardan istifadə edərək çalışırıq şagirdlər tədris prosesindən kənarda qalmasın.

Qərb bölgəsinin ən iri rayonlarından olan Şəmkirdə də onlayn dərslərə cəlb olunan şagirdlər çoxluq təşkil etsə də onlar da internetsizlikdən dərsləri normal keçə bilmirlər.

Əli Qafarov şagird: Məktəbdə 2, 4, 6-cı günlər dərs keçə bilirik. Ancaq evdə WiFi olmadığına görə keçə bilmirik.

Xədicə Bağırova şagird: 2, 4, 6-cı günlər məktəbdə dərs keçirik. Amma evimizdə WiFi olsa da internetimiz zəif olduğundan dərs keçə bilmirik.

Təhminə Xəlilova müəllim: Burada da çox aşağıdır. Demək olar uşaqlar internetdən istifadə edə bilmir. Çox zəifdir internet, distant təhsilin kefiyyəti yoxdur. Uşaqlar üçün çox narahatam. Çox uşaq qoşulur, internet zəif olduğu üçün çıxırlar. Dərsimiz yarımçıq qalır.

Flora Qurbanova məktəb direktoru:  İnternet sürətli olsa təbii yaxşı olar. Bizim işimiz də asan olar. Biz də əziyyət çəkmərik. İnternetin zəif olması bizdə də hansısa çətinliklər yaradır.

Şəmkirin istər rayon mərkəzi, istərsə də ucqar yaşayış məntəqələrində internetdən normal istifadə üçün mobil operatorlara müraciət olunur. İnternet şəbəkəsi olmayan kəndlərdə isə müəllimlər və valideynlər distantdan çox əyani tədrisin tərəfdarıdırlar.  

Qaralar kəndi rayon mərkəzindən 42 kilometr aralıda yerləşir. Kəndin yeganə təhsil ocağı bu məktəb binasıdır. Hazırda burada 140-a yaxın şagird təhsil alır. Şagirdlərin dərsə davamiyyəti ürəkaçan olsada distant təhsillə bağlı müəyən çətinliklər var. Belə ki internet şəbəkəsindən sürət aşağı olduğundan şagirdlər dərslərdən istifadə edə bilmir.

Cəmalə Cəfərova valideyn: Əsasən WiFi üzərində çətinliklərimiz var. Sürət zəif olur. Bir də görürsən girmək olmur. Alındıra bilmirik əlaqə kəsilir. Bu cəhətdən bizim çətinliklərimiz var. Yəqin ki, bu çətinliklər aradan qalxarsa bizdə də təhsil yaxşı olar.

Nurlana Məmmədova valideyn: Kənd yeridir, bizdə də internet çox zəifdir. Yəni uşağın birinə telefon çatdıra bilirsən birinə yox. Bizim üçün əyani dərslər olsa daha yaxşı olar. Amma vacib olduğuna görə intetnetimizi gücləndirsələr lap yaxşı olar.

Tovuzda da bu sahədə vəziyyət ürəkaçan deyil. Rayonun elə yaşayış məntəəqləri var ki, orada ümumiyyətlə telefon xətti yoxdur. Məsələn Qovlar şəhərinin Yanıq Pəyə adlanan ərazisində sakinlər internetin köklü problem olduğunu deyirlər.

Əli Bayramov valideyn: WiFi xətti yoxdur. WiFi karobkası qoyulub. Cəmi üç evə xidmət göstərir. O da üç gündən bir tutar, ya tutmaz. Bu küçədə ümumiyyətlə yoxdur. Uşaqlar təhsili necə keçsin. Deyəndə tələb edəndə deyir bizlik deyil.  Bəs kimə deyək.

Simuzər Nəsibova valideyn: Onlaynla dərs keç deyirlər. İki uşağım məktəbə gedir. Çatdıra bilmirəm. İnternetim WiFi-ım yoxdur. Üç gün uşağım evdə oturub. Axırı əlacım kəsilib müəllimlərə yalvarmışam, üç gün aparın evdə məşğələ keçin.

Mafurə Qasımova müəllim: Bu kəndin, bu məktəbin ən böyük bəlası internet problemidir. Şagirdlər bir tərəfə, heç mənim özüm müəlliməm, mənim evimdə internet yoxdur. Mən dəfələrlə getmişəm, müraciət etmişəm. Bizdə internet kutusu balacadır, deyirlər çəkmirlər. Mən mart ayında dörd ay onlaynla dərsi başqa bir adamın evində keçdim. Çox da gözəldi, asandı, maraqlıdı, ancaq bizdə o şərait yoxdu. Mən buradan xahiş edirəm aidiyyatı orqanlara, bizim internet məsələmizə kömək etsinlər.

Tovuz Rayon Təhsil Şöbəsində vəziyyətdən hali olsalar da mövcud durumla barışırlar. Bununla bağlı məktəb rəhbərlərinə müvafiq tövsiyyələr də verilib.

Fikrət Tağıyev Tovuz Rayon Təhsil Şöbəsinin nümayəndəsi: Rayonun çoğrafi relyefi ondan ibarətdir ki, bəzi kəndlərimiz dağlıq ərazidə yerləşir. Eyni zamanda bəzi şəhər tabeli kənd yaşayış məntəqələrində olan məktəblərimiz var ki, onlarda da internet şəbəkəsi bəzən zəif olur. Bu məqsədlə Təhsil Nazirliyi teledərslər layihəsi hazırlayıb. Həmin teledərslər respublikanın ən təcrübəli müəllimləri tərəfindən həyata keçirilir. Direktor və müəllimlərə tövsiyyə edilib ki, həmin şagirdlər teledərslərdən istifadə etsinlər və buna nəzarət olunur.

Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyindən də mövzuya münasibət bildirilib. Vəziyyət pandemiya ilə əlaqədar olaraq internetə tələbatın kəskin artması ilə əlaqələndirilir.

Günel Gözəlova  NRYTN-nin Mətbuat Xidmətinin rəhbəri: Regionlarda telekommunikasiya xidmətlərinə olan təlabatın ödənilməsi məqsədi ilə Aztelekom Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən mərhələli şəkildə infrastruktur layihələr həyata keçirilir. Həm magistral, həm də paylayıcı şəbəkələr müasirləşdirilir. Magistral xəttlərinin ötürülmə qabiliyyətinin yüz qat artırılması məqsədi ilə yüksək texnologiyalar tətbiq edilir. Eyni zamanda paylayıcı şəbəkənin yenidən quurlması layihəsi də hazırdır. Hal-hazırda layihənin ilkin mərhələsində Abşeron və Masallı rayonlarında, eyni zamanda Sumqayıt və Gəncə şəhərlərində işlər görülür. Sözügedən layihə çərçivəsində mis xəttlər optik kabellərlə əvəzlənir. “Gepon” texnologiyası tətbiq edilir. Vətəndaşlara göstərilən xidmətlərin kefiyyət və çeşidinin artırılması istiqamətində mərhələli işlər digər regionlarda da həyata keçirilir və keçiriləcək.

Koronovirus pandemiyası alternativ təhsil formasının tətbiqində çətinliklərin olduğunu ortaya çıxartdı. Distant təhsilin texniki təchizat üzərindən təşkili, bütün kənd və qəsəbələrdə yaşayanların bu imkandan faydalana bilməsi dərslərin hazırkı vəziyyətində olduqca əhəmiyyətlidir. Axı təhsil millətin gələcəyidir.

Natiq Hüseyn