• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 2194
— 07.09.2020 19:30

"Baron Eyvaz" və ortaqları saxlanıldı

KepezTV Player

Balakən Rayon Polis Şöbəsi narkotik vasitələrin kultivasiyası ilə məşğul olanlara qarşı uğurlu əməliyyat keçirib. Keçmiş məhkum olan narkobaron saxlanılıb.

Balakən polisinin Kortala kəndi ərazisində aparılan əməliyyat-axtarış tədbirləri nəticəsində narkotik vasitələrin kultivasiyası ilə məşğul olmaqda şübhəli bilinən kənd sakini, əvvəllər məhkum olunmuş Rizvan İsayev saxlanılıb. Onun yaşadığı evin həyətyanı sahəsində bostan bitkilərinin becərildiyi ərazidə ümumi çəkisi 7 kiloqramdan artıq 54 ədəd xüsusi aqrotexniki qaydada qulluq göstərilməklə yetişdirilən narkotik tərkibli çətənə bitkiləri aşkar edilib.

İstintaqın gedişi zamanı məlum olub ki, Rizvan İsayev həbsdə olarkən tanış olduğu rayonun Mahamalar kənd sakini Xalid Novruzov və onun tanışı “Baron Eyvaz” ləqəbi ilə tanınan Eyvaz Qocayevlə qabaqcadan əlbir olaraq, may ayında 400 ədəd çətənə bitkisinin şitillərini həmin şəxslərdən alıb, evinin həyətyanı sahəsində becərib. Balakən Rayon Polis Şöbəsi əməkdaşlarının iyun ayında keçirdikləri əməliyyat tədbirləri nəticəsində narkotik vasitələrin qanunsuz dövriyyəsi və kultivasiyası ilə məşğul olduğuna görə, Xalid Novruzov saxlanılıb. “İş ortağı”nın tutulmasından sonra qorxuya düşən Rizvan İsayev becərdiyi 400 ədəd çətənə kolunun xeyli hissəsini kökündən çıxararaq yandırıb.

Polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində Eyvaz Qocayev və Vüsal Gözəlov da şübhəli şəxs qismində saxlanılıb.Faktla bağlı Balakən Rayon Polis Şöbəsində Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanılıb, saxlanılan şəxslər təqsirləndirilən şəxs qismində istintaqa cəlb olunublar. Əməliyyat-istintaq tədbirləri davam etdirilir.