• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1650
— 04.09.2020 20:18

Sahələrdə bol məhsul var

KepezTV Player

Goranboy rayonunda günəbaxan yığımı davam edir. Fermerlər sahələrdən yığdıqları məhsuldan çox razıdırlar. Qiymət və satış fermerlərin ürəyincədir.

Günəbaxanın ən çox əkildiyi rayonlardan biri də Goranboydur. Bu il 700-ə yaxın torpaq mülkiyyətçisi təxminən 2700 hektar sahəyə günəbaxan əkib. Biçinə avqustun əvvəlindən başlanıb və 2510 hektardan 6777 ton məhsul yığılıb. Ötən il günəbaxanın 1 kq-nı 45-50 qəpiyə satırdılarsa, bu il qiymət 70-80 qəpikdir.

Ramiz İsgəndərov - torpaq mülkiyyətçisi: Goranboy rayonun Şadılı kəndində yaşayıram. Bu il 10 ha sahədə günəbaxan tumu əkmişəm. Şirkətlər var, onlarla müqavilə bağlamışıq. Gəlirlər, sahədə qurudulmuş halda baxıb faizi götürürlər, ona görə də satırıq. Yaxşıdı, norma götürmək olur.

Sahələrdə aqrotexniki tədbirlər vaxtında aparılıb. Hər hektardan orta hesabla 25-27 sentner məhsul götülür.

Elçin İsgəndərov - Goranboy Dövlət Aqrar İnkişaf Mərkəzinin baş məsləhətçisi: Hansısa bir çətinliklə qarşılaşanda bizə müraciət edirlər, gedib yerində sahədə kömək edirik. Yaxşı məhsul götürsələr, çox gəlirli sahədir. Əvvəl fəhlə işləyirdi, indi kombaynlar biçir. Əl əməyi azalıb. Əvvəl xərc çox çıxırdı, indi az çıxır, xeyri var. Satış yeri olduğuna görə maraq da çoxdu.

Həsənağa İsmayılov - mexanizator: Texnikalarımız təzədir, Almaniyadan gətirilib. Məqsədimiz məhsulu keyfiyyətli, itkisiz biçib təhvil verməkdir. Günəbaxan tumu elə məhsuldur ki, qurumalıdır. Quruyandan sonra bunu çəkirlər 1 ton. Fermerdən çox şey asılıdır. Kim yaxşı gübrəliyirsə, aqrotexniki qaydalarla yaxşı qulluq edirsə onlar yaxşı məhsul götürürlər.

Hazırda Goranboyda günəbaxanın yığımı davam edir və proses sentyabrın ortalarına kimi davam edəcək. Biçin başa çatdıqdan sonra sahədə taxıl və digər dənli bitkiləri əkiləcək.

 

Elnur Vahidoğlu