• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 2090
— 21.08.2020 20:11

Qəhrəmanlığı dastan olan İlham Əliyev

KepezTV Player

Torpağı Vətən edən şəhidlər unudulmur, xatirələri əbədi qəlblərdə yaşayır. Belə oğullardan biri də İlham Müzəffər oğlu Əliyevdir. Azərbaycanın bütövlüyü uğrunda canından keçən Milli qəhrəmanın ölümündən 30 il ötür.

Şücayəti ilə ad çıxaran, canını, qanını Vətən üçün fəda edən İlham Əliyev 5 may 1961-ci ildə Gədəbəy rayonunda anadan olub. Orta məktəbi bitirdikdən sonra hərbi xidmətə yollanıb. Ordudan tərxis olunduqdan sonra bir müddət fərqli sahələrdə çalışıb. Hüquq-mühafizə oqranlarına olan rəğbəti onun yolunu daxili işlər nazirliyi sisteminə salır. Hər zaman haqqın, ədalətin tərəfdarı olan İlham Əliyev 1985-ci ildə Bryansk Xüsusi Orta Milis Məktəbinə daxil olur. 1987-ci ildən Gədəbəy rayonunda sahə müvəkkili, Gəncə şəhərində sahə müfəttişi, cinayət-axtarış bölməsində əməliyyatçı vəzifələrində çalışıb. Nümunəvi xidmətinə görə dəfələrlə mükafatlandırılıb, “Milis əlaçısı” döş nişanı ilə təltif olunub. Ermənilərin Azərbaycan torpaqlarına hücumları zamanı baş leytenant Vətənin müdafiəsi uğrunda gedən mübarizəyə qoşulur. İlham Əliyev 1990-cı ildə Ermənistanla həmsərhəd olan Qazax rayonunun Aşağı Əskipara kəndi uğrunda gedən döyüşlərdə qəhrəmancasına həlak olub. Doğulduğu Gədəbəy rayonunda uğrunda ömrünü verdiyi toprağa əmanət edilib. İlham Əliyev rəşadətli döyüş yoluna, nümunəvi xidmətinə görə “Qırmızı Ulduz“ ordeninə və ölümündən sonra “Azərbaycanın Milli Qəhrəmanı” adına layiq görülüb.

Xatirəsi daim qəlblərdə yaşayan Milli Qəhrəmanın adı hər zaman uca tutulur. Hazırda təmirə dayanan 1 saylı orta məktəb İlham Əliyevin adını daşıyır. Məktəbin önündə büstü qoyulub. Gədəbəydə doğulub boya-başa çatdığı küçəyə adı verilib. Azərbaycanın qəhrəmanlıq tarixinə öz adını qanı ilə yazan Milli Qəhrəman hər zaman fəxrlə xatırlanır.

İlham Əliyev və Gədəbəy rayonunun digər üç Milli Qəhrəmanı - İsgəndər Aznaurov, Məzahir Rüstəmov və Aytəkin Məmmədovun adının əbədiləşdirilməsi istiqamətində onların həyat, döyüş yollarından bəhs edən "Alınmaz qalanın qəhrəmanları" adlı bədii-sənədli film də çəkilib.