• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1390
— 13.08.2020 20:19

Pandemiyada hazırlıq keçən futbolçular

KepezTV Player

Koronavirus pandemiyasından zərər görən idman növləri arasında futbol ilk sıradadır. Dünyanın ən populyar oyunu üzrə turnirlərin bəziləri ləğv olundu, bəziləri təxirə salındı. Düzdü, müəyyən ölkə çempionatları bəlli fasilədən sonra bərpa olunub başa çatdırıldı. Çempionlar Liqası və Avroliqa kimi yarışlar hələ davam edir. Azərbaycanda isə ötən mövsüm yarımçıq dayandırıldı. Bununla belə yeni çempionatın startı avqustun 21-nə təyin olunub. Vaxtilə “Kəpəz”in şərəfini qoruyan bir sıra futbolçular ayrı-ayrı klubların heyətində Premyer Liqa adlanan yarışda iştirak edəcəklər. Belə oyunçulardan biri Şəhriyar Əliyevdir.

Gəncə klubunun 3 il heyətində çıxış edərək komandanın vitse-kapitanlarından olmuş təcrübəli müdafiəçi pandemiya dövründə məşq etməyin çətinliyindən danışıb.

Elita səviyyəsində çıxış edən Azərbaycan klubları bir qayda olaraq yay və qış fasilə dövründə hazırlıq proseslərini ölkə xaricində əsasən də Türkiyədə keçiriblər. Amma bu dəfə mövcud vəziyyətə görə ölkəni tərk etmək mümkün olmayıb.

Mövsümlərarası fasilə dövründə Şəhriyar Əliyev komandasını dəyişib. O, “Sumqayıt”dan “Keşlə”yə keçib. Bakı klubu yarımçıq dayandırılan ötən mövsümün yekunlarına əsasən Avroliqada mübarizə aparmaq imkanı qazanıb. Əliyevin və komanda yoldaşlarının I təsnifat mərhələsində rəqibi  Albaniyanın "Laçi” klubu olacaq. Bu oyun avqustun 27-də Bakıda keçiriləcək.

“Kəpəz” və “Keşlə” ilə yanaşı, Şəhriyar “Bakı” və “Qarabağ” klublarında da çıxış edib. 27 yaşlı futbolçu karyerası dövründə əksər yaş qrupları üzrə yığmalara o cümlədən əsas milliyə də dəvət alıb.