• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 780
— 31.07.2020 12:25

Azərbaycan Ermənistanın şərtlərini zibil vedrəsinə atır

KepezTV Player

Azərbaycan Ordusu tam komplektləşdirilib və bu gün əlavə canlı qüvvəyə ehtiyac yoxdur. Ancaq qeydiyyata alınan 50 mindən çox insan Vətən uğrunda, torpaq uğrunda vuruşmağa hazırdır.Balakən regional “ASAN xidmət” mərkəzinin açılışından sonra ASAN könüllüləri ilə görüşən prezident İlham Əliyev son hadisələrin Ermənistanın faşist mahiyyətini, qorxaq xislətini bir daha göstərdiyinə diqqət çəkib. Döyüş meydanında məğlubiyyətə uğrayandan təcavüzkarın dinc əhalini hədəf alması bunu bir daha sübut edir. “Bilməliyik ki, hansı xislətə malik olan qonşu ilə üz-üzəyik. Heç vaxt bunu yaddan çıxarmamalıyıq!” – deyən dövlət başçısı Ermənistanın çirkin məqsədinə nail ola bilmədiyini vurğulayıb.

Məqsədsə dövlət sərhədində münaqişə yaratmaq, bunu Azərbaycanın üzərinə yıxmaq və KTMT-dan hərbi yardım istəmək idi. Amma təcavüzkarın istəyi alınmadı. Əksinə Ermənistanın çirkin təxribatını dünyanın əksər ölkələri ya fərdi qaydada, ya da təmsil olunduqları beynəlxalq təşkilatların adından verilən bəyanatlarla qınadı. Hətta bədnam qonşularımızın son ümid yeri olan KTMT da sərhəddəki təxribatına görə Ermənistan rəhbərliyini dəstəkləmədi.

İlham Əliyev - Azərbaycan Respublikasının Prezidenti: Heç kəs üçün sirr deyil ki, Ermənistanın bugünkü rəhbərliyi Soros fondunun təsiri altında olan adamlardan ibarətdir. Onların tərcümeyi-halına baxmaq kifayətdir. Bu gün Ermənistanda hökumətdə, parlamentdə, məhkəmə hakimiyyətində, digər önəmli vəzifələrdə çalışanların bir çoxu Soros fondunun və ona yaxın təşkilatların əməkdaşları olub.

Ermənistanda baş verən “inqilab”ı Sorosun və ona yaxın dairələrin növbəti təxribatı kimi dəyərləndirən dövlət başçısı koronavirus pandemiyası ilə əlaqədar Soros fondu tərəfindən düşmən ölkəyə 600 min dollar maliyyə yardımının göstərilməsini təsadüf hesab etmir. Diqqəti Ermənistanın indiki baş nazirinin sədri olduğu partiyanın adına yönəldən prezident İlham Əliyev Azərbaycan dilinə tərcümədə bunun “çıxış” anlamına gəldiyini bildirib.

İlham Əliyev - Azərbaycan Respublikasının Prezidenti: Sorosun tör-töküntüləri KTMT-nin müttəfiqləri ola bilməz. Bu, birmənalıdır. Ona görə indi Ermənistan elə vəziyyətdədir ki, özünü itirib, səhv addımlar atır. Sərhəddəki təxribat hesab edirəm ki, onlar tərəfindən bir sınama cəhdi idi ki, baxsınlar, görsünlər buna kim nə reaksiya verəcək. Gördülər ki, onların müttəfiq saydıqları bütün ölkələr ya bizi dəstəklədilər, ya da neytral qaldılar. Gördülər ki, Azərbaycanın beynəlxalq dəstəyi nə qədər güclüdür. Ona görə bu, onlar üçün dərs olmalıdır. Erməni xalqı nəhayət başa düşməlidir ki, əgər onlar normal ölkədə yaşamaq istəyirlərsə, erməni silahlı qüvvələri mütləq bizim torpaqlarımızdan çıxmalıdır.

Dövlət başçısı Ermənistanın baş nazirinın Azərbaycana yeddi şərt irəli sürməsinə də toxunub. Hansı ki, o şərtlərdən biri Azərbaycanın qondarma “Dağlıq Qarabağ respublikası” ilə danışıqlar aparmasını özündə ehtiva edir.

İlham Əliyev - Azərbaycan Respublikasının Prezidenti: Bu, mümkün deyil. Biz bunu dəfələrlə bildirmişik. Çünki “Dağlıq Qarabağ respublikası” yoxdur. Belə bir “respublikanı” heç kim tanımır. Ermənistanın hünəri varsa, tanısın “Dağlıq Qarabağ respublikası”nı. Bax, mən deyirəm, Ermənistan hakimiyyəti, tanıyın onu. Bu gün tanıyın, tanımırsınızsa, deməli qorxursunuz. Gedin, ağlınızı başınıza yığın! Amma bunların hikkəsinə baxın, yenə də bu şərti irəli sürürlər ki, Azərbaycan dırnaqarası “Dağlıq Qarabağ respublikası” ilə danışıqlar aparmalıdır. “Dağlıq Qarabağ respublikası” yoxdur. Qoy, erməni xalqı özünü aldatmasın. Biz bütün qalan şərtləri də rədd edirik, o kağızı da zibil vedrəsinə atırıq. Onlar başa düşməlidirlər ki, erməni silahlı qüvvələri bizim torpaqlarımızdan çıxmasa, sülh olmayacaq və onlar özləri peşman olacaqlar. Nə qədər ki, gec deyil, erməni silahlı qüvvələri bizim torpaqlarımızdan çıxmalıdır.

“Dağlıq Qarabağ Ermənistandır” – deməklə Ermənistanın baş nazirinin danışıqları məhv etdiyini vurğulayan ölkə rəhbəri Dağlıq Qarabağa müstəqilliyin verilməsinin heç vaxt danışıqlar mövzusu olmadığını bildirib.

İlham Əliyev - Azərbaycan Respublikasının Prezidenti: Mən 7 şərtin qarşısına bir şərt qoyuram, bir şərt - erməni silahlı qüvvələri işğal edilmiş bütün torpaqlardan çıxarılmalıdır, Azərbaycanın ərazi bütövlüyü bərpa edilməlidir, Azərbaycan vətəndaşları öz doğma dədə-baba torpaqlarına qayıtmalıdırlar! Budur, mənim şərtim və məsləhət görürəm ki, onlar bu şərti qəbul etsinlər.

Azərbaycan prezidenti işğal altında olan torpaqların mütləq azad ediləcəyini, erməni vandalları tərəfindən dağıdılan şəhərlərin, tarixi, dini abidələrin bərpa edəcəyini, yeni “ASAN xidmət” mərkəzlərinin yaradacağını deyib.

İlham Əliyev - Azərbaycan Respublikasının Prezidenti: Başqa ölkələrin torpağında bizim gözümüz yoxdur, öz torpağımızı da heç kimə verən deyilik.