• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 2051
— 27.07.2020 20:11

Samuxlu kikboksinqçilər bu il yarışlara qatıla bilməyiblər

KepezTV Player

Koronavirus pandemiyası səbəbindən bütün dünyada olduğu kimi ölkəmizdə də kütləvi idman tədbirləri təxirə salınıb. Azərbaycanda keçirilməsi nəzərdə tutulan kikboksinq üzrə həm peşəkar döyüşlərdə, həm də ölkə birinciliyində iştirak etməli olan Samux kikboksinq klubunun üzvləri də koronavirusa görə yarışlardan kənarda qalıblar.

Klubun iki döyüşçüsü Elxan Əliyev və Nurlan Əliyev nüfuzlu turnirlərə qatıla bilməyiblər. 71 kq-da çıxış edən peşəkar döyüşçü Elxanın iki böyük yarışı təxirə düşüb. Bunlardan biri martda Böyük Britaniyanın paytaxtı Londonda baş tutmalı idi. Gənc idmançının digər turniri isə ölkəmizdə, Bakıda təşkil ediləcəkdi. Zabit Səmədovun da dəvətli olduğu nüfuzlu turnir də dünyanı cənginə alan xəstəlik səbəbindən reallaşmayıb. Samuxu təmsil edən digər kikboksinçi 57 kq-da vuruşan Nurlan Əliyev isə martda Bakıda Azərbaycan çempionatına yollanmalı idi. Ancaq koronavirus pandemiyası Nurlanı da yarışsız qoyub. Buna baxmayaraq idmançılar karantin dövründə formada qalmaq üçün məşqlərini ev şəraitində davam etdirirlər.

İdmançıların məşqçisi Elnur Salamov yarışların təxirə salınmasına çox heyfsləndiyini deyib. Əməkdar məşqçi bununla belə yetirmələrinin aravermədən gələcək döyüşlərə hazırlaşdıqlarını bildirib.

Hər iki kikboksinqçini payız aylarında bir sıra yarışlar gözləyir. Əgər təxirə salınmasa, Elxan Əliyev Avropa çempionatında, Nurlan Əliyev isə ölkə birinciliyində iştirak edəcək.