• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 726
— 24.07.2020 12:23

Qüsurlara yol verən vəzifəli şəxslər cəzalandırılacaq

KepezTV Player

İçməli su və meliorasiya layihələri sahəsində buraxılan səhvlər, mövcud çatışmazlıqlar bundan sonrakı illərdə aradan qaldırılmalıdır, vahid idarəetmə mexanizmi işlənib hazırlanmalı və planlı icrası nəticəsində Azərbaycanda içməli su və suvarma suyu ilə təminat 100 faiz olmalıdır. Prezident İlham Əliyevin yanında su təsərrüfatının vəziyyətinə həsr olunan videoformatda keçirilən Müşavirədə quraqlıq və bəzi hallarda aidiyyəti qurumların laqeyd münasibəti nəticəsində çox ciddi problemlər yarandığı, cavabdeh şəxslərin cəzalandırılacağına diqqət çəkilib.

Ölkədə içməli və suvarma suyu ilə bağlı diqqətəlayiq işlər görülsə də bəzi hallarda su mənbələrinin düzgün seçilməməsi, iqlim dəyişikliyi, o cümlədən son iki il ərzində yaşanan quraqlıq su qıtlığı yaradıb. Bəzi hallarda isə aidiyyəti qurumların laqeyd münasibəti ciddi problemlərə səbəb olub.

İlham Əliyev - Azərbaycan Respublikasının Prezidenti: Keçən il yaşanan quraqlıq onu göstərdi ki, biz bu böhranlı vəziyyətə hazır deyilik. Böhranlı vəziyyətdə nə etməyin lazım olduğunu aidiyyəti qurumlar düzgün müəyyən edə bilməyiblər. Ona görə keçən il biz vaxt itirmişik. Əgər aidiyyəti qurumlar keçən il fəal işləsəydilər, günahı bir-birinin üstünə yıxmasaydılar və təxirəsalınmaz tədbirlər görsəydilər, bu gün biz bu problemlərlə üzləşməyəcəkdik. Bu problemlər həm insanların sağlamlığına, həm də kənd təsərrüfatının inkişafına mənfi təsir göstərir. Çünki su həyat deməkdir. İlk növbədə, insanların sağlamlığı böyük dərəcədə təmiz içməli sudan asılıdır. ))

Su resursları ekoloji tarazlığa, kənd təsərrüfatının inkişafına təsir göstərdiyindən 40-50 faiz həddinə çatan itkilər əkin sahəsinə, torpaqlara ziyan vurur. Ələxsus da taxılçılıq və pambıqçılıq su olmadan inkişaf edə bilməz.

İlham Əliyev - Azərbaycan Respublikasının Prezidenti: Açıq deməliyəm, bu iş başlı-başına buraxılıb, heç kim bu məsələ ilə məşğul olmayıb. Aidiyyəti qurumların hər biri öz işləri ilə məşğul idi, koordinasiya aparılmamışdır. Azərsu, meliorasiya qurumları, sadəcə olaraq, dövlət investisiya proqramı müzakirə olunarkən fəallaşırdılar ki, onlara nə qədər dövlət büdcəsindən pay düşəcək. Bəzi hallarda onların təklif etdikləri layihələr, ümumiyyətlə, diqqətəlayiq deyildi. Sadəcə olaraq görürdüm ki, burada məqsəd dövlət vəsaiti götürüb ondan istifadə etməkdir. Amma ondan sonra bu layihələrin səmərəliliyinə kimsə baxıb? Kimsə bunu təhlil edib? Yox. Ona görə bəzi böyük həcmdə investisiya qoyulmuş layihələr faktiki olaraq heç bir səmərə verməyib. Necə ola bilər ki, suyun mənbəyi düzgün təhlil edilmir? O qədər böyük xərc çəkilir, boru xətləri çəkilir, vətəndaşlar buna sevinir. Sonradan min dənə bəhanə gətirirlər ki, belə oldu, elə oldu, su çatmadı, yeni mənbə axtarmalıyıq, yenə vəsait verin, yeni mənbə axtaracağıq. Buna son qoyulmalıdır. Ona görə mən bütün bu işləri mütəşəkkil qaydada tənzimləyəcəyəm. Aidiyyəti qurumlara göstərişlər verilib. Ciddi nəzarət mexanizmi olmalıdır. İlk növbədə, xərclərə ciddi nəzarət mexanizmi olmalıdır. Yoxsa Azərsudan, “Meliorasiya və Su Təsərrüfatı” Səhmdar Cəmiyyətindən sifariş gəlir, mənə bu qədər pul lazımdır ki, bunu edim. Amma sonra baxıb görürlər ki, bunun texniki-iqtisadi əsaslandırması yoxdur. Bu rəqəmlər haradan götürülüb? Havadan.

İnvestisiya proqramının icrasına ciddi nəzarət edilsəydi daha böyük səmərə əldə olunardı. Dövlət başçısı təəssüflə deyir ki, ölkədə su balansı tərtib edilmədiyindən yeraltı və yerüstü su ehtiyatları qiymətləndirməyib. Artezian quyularının qazılması zamanı da bunun yeraltı su mənbələrinə təsiri öyrənilməli, yerlər düzgün seçilməlidir.

İlham Əliyev - Azərbaycan Respublikasının Prezidenti: Dediyim kimi, indi mənə hər gün 10-dan çox məktub gəlir. Mən Prezident Administrasiyasına, Nazirlər Kabinetinə tapşırıq verirəm. Onlar baxırlar, operativ şəkildə həll edirlər. Axı, bu, onların demək olar ki, əsas işi deyil. Bunu aidiyyəti qurumlar etməlidirlər. Nə üçün bu məktublar mənə yazılır? Ona görə ki, aidiyyəti qurumlara yazılanda onlar əhəmiyyət vermirlər, başdan edirlər. Nə qədər belə faktlar var. Biz nə qədər buna dözməliyik?

Dövlət başçısı bu sahədə mövcud vəziyyətin tam təhlili üçün yaradılan xüsusi komissiyanın dəyərli və əhəmiyyətli nəticə hasil etdiyini vurğulayıb.

İlham Əliyev - Azərbaycan Respublikasının Prezidenti: Necə ola bilər ki, üç ay ərzində işləyən komissiya bəlkə də son 20 il ərzində görülən, təhlil və təklif baxımından daha Deməli, bunu etmək mümkündür. Sadəcə olaraq, heç kimin vecinə deyildi, biri-birinin üstünə yıxırdı. Ortalıqda da nə - quraqlıq. Bu problem iki ildir var və gələn il də ola bilər. İndi iqlim dəyişikliyi elə məsələdir ki, bunu bütün dünya müzakirə edir. Bəzi hesablamalara görə, əgər operativ tədbirlər görülməsə, 2030-cu ildə ölkəmizdə səhralaşma prosesi sürətlə gedəcək. Nədir, siz istəyirsiniz Azərbaycan səhraya dönsün? Ona görə bu münasibətə son qoyulmalıdır. Qüsurlara yol verən, bu məsələyə laqeyd yanaşan bütün vəzifəli şəxslər cəzalandırılmalıdır.

Prezident İlham Əliyev bu sahədə işlərə adiyyatı qurumların nümayəndələri ilə yanaşı qeyri-hökumət təşkilatları, vətəndaş cəmiyyəti və media nümayəndələrinin cəlb edilməsini məqsədə uyğun hesab edib. Bütün dövlət qurumlarına mətbuatla sıx əlaqədə olmağı və görülən işlər haqqında müntəzəm olaraq məlumat vermələrini tapşırıb.