• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 808
— 16.07.2020 20:41

İnkişaf üçün bütün məsələlər diqqətdə saxlanılır

KepezTV Player

Prezident İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin iclasında ölkə iqtisadiyyatının vəziyyəti, perspektivdə duran işlərə geniş nəzər yetirilib. Aqrar sahənin tərəqqisi üçün mühüm olan məqamlar önə çəkilib. Prezident İlham Əliyev keçən il və hazırda mövcud olan quraqlıq probleminə də toxunub.

Dövlət başçısı su ilə bağlı narahatlığını ifadə edərək deyib ki, bəzi ekspertlərin rəyinə görə, Azərbaycanda lazımi addımlar atılmasa, 2030-cu ilə qədər bəzi ərazilərdə səhralaşma prosesi gedə bilər. Buna qətiyyən yol vermək olmaz. Ona görə vahid idarəetmə mexanizminin yaradılması əsas məsələdir.

İlham Əliyev Azərbaycan Respublikasının Prezidenti: Bizdə, əgər belə demək mümkündürsə, su məsələləri ilə məşğul olan bir neçə dövlət qurumu var və onların arasında koordinasiya lazımi səviyyədə deyil. Buna görə bəzi təsərrüfat obyektləri, infrastruktur obyektləri nəzarətsiz qalıb. Mənə, məsələn, Şahin Mustafayev məlumat verir ki, bəzi su anbarlarından çıxan boru xətlərində, yaxud da su anbarlarına digər su anbarlarından daxil olan boru xətləri boyunca qanunsuz qoşmalar var. Yəni, bu indi aşkar olunubdur. Çünki heç kimin vecinə deyildi, heç kimin məsuliyyətinə aid deyildi. Ona görə bu qanunsuz qoşmalar, əlbəttə, suyun ədalətli bölgüsünə də ziyan vurur. Aydın məsələdir ki, təsərrüfat sahibləri bu sudan istifadə edir. Amma o birilərinə çatmır, bir də ki, israfçılığa yol verilir. Bəzi əkin sahələrində o qədər su verilir ki, buna ehtiyac yoxdur. Ona görə burada vahid idarəetmə mexanizmi işlənməlidir, mənə təkliflər veriləcək. Eyni zamanda, koordinasiya məsələləri, itkilərin azaldılması, sudan səmərəli şəkildə istifadə edilməsi - əgər biz buna nail olarıqsa, hətta mövcud su ehtiyatlarımızla məsələni həll edə bilərik.

Bu il ölkə üzrə taxıl biçininə 1700-dən artıq kombayn cəlb olunub. Sahələrdən ilkin olaraq 2,7 milyon tondan artıq məhsul toplanılıb. Buğda üzrə orta məhsuldarlıq 32,3, arpa üzrə isə 30,1 sentnerdir. Kənd təsərrüfatı naziri İnam Kərimov su çatışmazlığının bir sıra Aran rayonlarında problemlər yaratdığına diqqət çəkib. Nazir məhsuldarlığa təsir edə biləcək əsas risklərdən birini quraqlıqla bağlayıb.

İnam Kərimov Kənd Təsərrüfatı naziri: Ümumiyyətlə bu il məhsuldarlığa təsir edə biləcək ən böyük risk quraqlıq və su çatışmazlığıdır. Bu konteksdə heyvandarlığın yem bazasının yaxşılaşdırılması məqsədilə təkrar qarğıdalı əkinlərinin aparılmasına başlanılıb. İlkin olaraq 35 rayon üzrə 50 min hektar sahədə qarğıdalı əkini nəzərdə tutulub. Artıq 32,6 min hektar sahədə şum və digər səpinqabağı işlər aparılıb, 27,5 min hektar sahədə səpin işləri həyata keçirilib. Digər yazlıq əkinlər üzrə, o cümlədən çəltik, tütün, şəkər çuğunduru, bostan, tərəvəz əkinləri üzrə tədbirlər davam etdirilir. 2020-ci ilin yanvar ayından fermerlərə subsidiyaların ödənilməsi elektron kənd təsərrüfatı informasiya sistemi üzərindən həyata keçirilir. Bu günədək 506 mindən çox fermer qeydiyyatdan keçib, 415 mindən artıq fermer payızlıq, yazlıq və çoxillik əkinlərini bəyan edib. Cari tarixə 418 mindən artıq “fermer kartı” hazırlanıb, 404 min fermer öz kartlarından istifadə etməyə başlayıb. Müraciətləri təsdiqlənmiş 388 mindən çox fermerin kart hesabına 213,8 milyon manat əkin subsidiyası üçün vəsait köçürülüb.

Ərzaq təhlükəsizliyinin təmin edilməsində önəmli addımlar atılır və bu məsələ ilə bağlı göstəriş verilib. Əgər indi buğda istehsalını istisna etsək, bütün digər əsas ərzaq qida məhsulları ilə özümüzü böyük dərəcədə təmin edirik deyən dövlət başçısı vuğulayıb ki, bu, ixrac imkanlarımıza maneçilik törətməməlidir. Gələn ilin büdcəsində də sosial sahəyə xüsusi diqqət göstərilməlidir. Pandemiyadan zərər çəkən sahələrə maliyyə dəstəyi, işini itirənlərin sosial müdafiəsi öz həllini tapmalıdır. Strateji əhəmiyyət daşıyan sahələrə xarici kreditlər cəlb edilə bilər. Bu, xarici dövlət borcunu lazımi səviyyədə saxlamağa imkan verəcək. 

Samir Şərifov Maliyyə naziri: Cari ilin altı ayında xam neftin orta aylıq qiymətinin 38 ABŞ dolları təşkil etməsi, OPEC+ sazişi çərçivəsində satış üzrə neft xərclərinin azalması və koronavirus pandemiyası ilə mübarizə çərçivəsində tətbiq olunması qaçılmaz olan karantin və digər məhdudlaşdırıcı tədbirlərin iqtisadiyyata mənfi təsirləri ilin sonuna həm neft gəlirlərinin, həm də qeyri-neft sektoruna daxilolmaların azalmasını şərtləndirir. Bu ilin altı ayında vergi, gömrük və məcburi dövlət sosial sığorta ödənişləri üzrə daxilolmalar proqnozlarının artırılması ilə yerinə yetirilməsi nəticəsində formalaşan ehtiyat ilin sonuna kimi xərclər və gəlirlər arasında gözlənilən natarazlığın aradan qaldırılması üçün kifayət etməyəcək. Qeyd olunmalıdır ki, dövlət büdcəsində mövcud ehtiyatlar da Sizin müvafiq Sərəncamınıza uyğun olaraq pandemiya ilə mübarizə tədbirləri və iqtisadiyyata mənfi təzyiqin azaldılması tədbirlərinə xərclərin optimallaşdırılması yolu ilə yönəldilib.

Prezident İlham Əliyev bildirib ki, neftin qiymətindən asılı olmayaraq büdcə tam icra edilməlidir.

İlham Əliyev Azərbaycan Respublikasının Prezidenti: Neftin qiyməti bizdə 55 dollar nəzərdə tutulmuşdu. İndi hazırda, altı ayda bu 40 dollardan aşağıdır. Ona görə bütün bu məsələlər təbii ki, nəzərə alınmalıdır. Əminəm ki, bu ilin büdcəsi ilə bağlı hər hansı bir problem olmayacaq. O ki qaldı, gələn ilin büdcəsi, ilk növbədə, neftin qiyməti gərək düzgün müəyyən edilsin. Hələ ki, vaxt var. Biz neft bazarlarında vəziyyətə baxıb, bunu müəyyən edəcəyik. Elə etməliyik ki, əsas sosial məsələlərdən başqa digər strateji infrastruktur layihələrinin icrası təmin edilsin. Bir daha demək istəyirəm ki, onların arasında, ilk növbədə, su təchizatı ön plandadır - həm içməli su, eyni zamanda, suvarma suyunun təmin edilməsi.

Mərkəzi Bankın sədri Elman Rüstəmov bütövlükdə banklarda situasiyanın bir qədər pisləşdiyini, ancaq vəziyyətin nəzarətdə saxlanıldığını diqqətə çatdırıb. Bankların 23 faiz səviyyəsində, yəni, müvafiq normadan iki dəfədən artıq kapital buferi bu gün gözlənilən itkiləri qarşılamağa imkan verir.

Elman Rüstəmov Mərkəzi Bankın sədri: İkinci rübdə ölkədə maliyyə sağlamlığının gücləndirilməsi istiqamətində radikal addımlar atdıq. Dörd bankın, bir tibbi sığorta şirkətinin lisenziyaları geri çağırıldı. Bütövlükdə bu addımlar operativ olaraq bir ayın içində - aprelin sonunda və may ayının ortalarında atılmışdı. Bütün bu problemləri operativ həll etdik. İyunun 1-dən artıq əmanətçilərin əmanətləri qaytarılmağa başlandı. Hazırda hər dörd bank üzrə əmanətlər “Kapital Bank” və Beynəlxalq Bank vasitəsilə qaytarılır. Bugünkü tarixə 13 min 500 nəfər əmanətçiyə 245 milyon manatdan çox vəsait qaytarılmışdır. Bu məsələ çox ciddi diqqətdədir, nəzarətdədir. Ortaya çıxan məsələləri, problemləri hökumətin də aktiv dəstəyi, köməyi ilə operativ həll edirik. Bankların nağdsız ödənişlər üzrə xidmət haqlarını biz 50 faizə qədər aşağı salmışıq. Cənab Prezident, insanların hərəkət imkanları məhdud olduğuna görə müddəti başa çatan təqaüd kartlarının müddətini onların müraciətlərinə əsasən sentyabrın sonuna qədər uzatmışıq. Lazım gəlsə, situasiyadan asılı olaraq bu tədbiri davam etdirəcəyik.

Dövlət başçısı ölkədə dörd ay ərzində iqtisadi artımın müşahidə edildiyini, ancaq may-iyun aylarında tənəzzül olduğunu deyib. Ümumi daxili məhsul bu ilin 6 ayında 2,7 faiz azalıb. Dünya iqtisadiyyatı pandemiyadan çıxmağa başlayan kimi, bu sahədə vəziyyət bərpa olunacaq. Bu arada, karantin rejimi bitdikdən sonra şəhid ailələrinə və müharibə əlillərinə daha 200 mənzil və 100 avtomobil təqdim olunacaq. Ümumilikdə ilin sonunadək 1500 mənzil və fərdi ev və 400 avtomobilin verilməsi planlaşdırılır. Ölkədə koronavirusla mübarizəyə gəlicə, əsas məsələnin həkimlərin sayı ilə bağlı olduğu vurğulanıb.

Əli Əsədov Baş Nazir: 200-ə qədər həkim bu gün xarici ölkələrdən burada iştirak edirlər. Ən çox kontrakt Kubadan gələn şəxslərlə üçaylıq müddətinə imzalanıb. Türkiyədən gələn heyət - 47 nəfər "Yeni klinika"da çalışır. Onlar iki ay müddətinə çalışacaqlar. Bundan əlavə, Rusiyanın 20-dən artıq həkim və mütəxəssisi Bakıda və Sumqayıtda çalışırlar. Cənab Prezident, Çin hökuməti ilə aparılan danışıqlar üzrə kontrakt səviyyəsində müəyyənləşdiririk ki, Sizin tapşırığınızla gəlmiş qruplar gedəndən sonra Çindən həkimlər gəlib onları əvəz edəcək, bu, ardıcıllıqla olacaq. O cümlədən cənab Prezident, öz həkimlərimiz - xaricdə təhsil alan tələbələrimiz, Tibb Universitetində olan həkimlər ilk günlərdən Sizin tapşırığınızla və Heydər Əliyev Fondunun təşəbbüsü ilə bu proseslərə cəlb olunub. Bu proseslər davam etdiriləcək..