• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 877
— 14.07.2020 19:17

Şəmkirdə selin yaratdığı fəsadlar aradan qaldırılır

KepezTV Player

Dünən qərb bölgəsinə yağan intensiv yağış nəticəsində Şəmkir rayonunda bir sıra problemlər yaranıb. Suvarma kanalları dağılıb, içməli suyun verilişində çətinliklər baş verib. Həmçinin bəzi kəndlərdə fərdi yaşayış evlərini su basıb. Artıq bütün fəsadların aradan qaldırılması istiqamətində işlərə başlanılıb.

Leysan xarakterli yağış əsasən rayonun dağətəyi ərazilərində yerləşən kəndlərə zərər verib. Sel suları nəticəsində Mehrili kəndində yol infrastrukturuna ciddi ziyan dəyib. Asfalt yola düşən iri qaya parçaları nəqliyyatın hərəkətinə maneələr yaradıb. Dünən axşam saatlarından etibarən əraziyə cəlb olunan texnika və canlı qüvvə sayəsində yolun təmizlənməsi yönündə işlər aparılıb və gediş-gəliş bərpa olunub. Bununla paralel olaraq.

Təbii fəlakət nəticəsində ərazidə əsas suvarma suyuna olan ehtiyacı ödəyən Kotançı kanalı da yarasız hala düşüb. Ərazidə kanalın bərpası istiqamətində işlər gedir və bu gün axşam saatlarınadək yekunlaşacağı planlaşdırılır.

Kanalların sıradan çıxması içməli suyun verilməsində də fasilələr yaradıb. Bir çox ərazini şirin su ilə təmin edən Şəmkir sukanal sahəsi və Şəmkirçay sutəmizləyici qurğular kompleksində işçi qüvvəsi problemin aradan qaldırılması ilə bağlı səfərbər olub və qısa vaxtda bütün məsələlər həllini tapacaq.

Dağlardan axıb gələn sel suları kəndlərdə də ciddi fəsadlar törədib. Şəmkirin Seyfəli kəndində həyatyanı sahələri və  fərdi yaşayış evlərinin zirzəmisini su basıb. Əraziyə cəlb olunan texnikaların köməkliyi ilə suçəkmə işləri görülür və digər təxirəsalınmaz tədbirlər həyata keçirilir.

Təbii fəlakət baş verən ərazilərdə hazırda işlər davam etdirilir.