• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1065
— 10.07.2020 20:28

Biləsuvarda qızını zəncirləyən ata tutulub

KepezTV Player

Biləsuvarda qızını zəncirləyən ata tutulub. Belə ki, Zəhmətabad kənd sakini Adil Həbiyevin yaşadıqları evdə qızını zəncirlə bağlı vəziyyətdə saxlaması, habelə onu döyüb işgəncə verməsi barədə daxil olan məlumat əsasında prokurorluq və polis əməkdaşları tərəfindən dərhal Adil Həbiyevin yaşadığı evə baxış keçirilib. Bu zaman bədənində müxtəlif xəsarətlər olan Bağdagül Həbiyeva evin yataq otağında zəncirlə bağlı vəziyyətdə aşkar edilib. Məlumata görə, 50 yaşlı Adil Həbiyevin doğma qızı, 31 yaşlı Bağdagül Həbiyeva 2013-cü ildən ailəsindən boşanaraq onunla birlikdə yaşayıb. Ata qızının yüngül həyat tərzi keçirməsindən şübhələndiyinə görə aprelin 2-dən onu yaşadıqları evin yataq otağında zəncirlə bağlayıb qanunsuz azadlıqdan məhrum edərək sağlamlığı üçün təhlükəli olan zor tətbiq edib.

Faktla bağlı Biləsuvar rayon prokurorluğunda cinayət işi başlanıb.

Prokurorluq və polis əməkdaşları tərəfindən həyata keçirilən istintaq və əməliyyat-axtarış tədbirləri nəticəsində Adil Həbiyev qeyd olunan cinayət əməlini törətməkdə şübhəli şəxs qismində tutularaq istintaqa cəlb edilib.

İş üzrə hadisənin şahidləri müəyyənləşdirilərək dindirilib, müvafiq ekspertizalar təyin edilib və zəruri istintaq hərəkətləri keçirilib. İstintaq-əməliyyat tədbirləri davam etdirilir.