• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 751
— 04.07.2020 19:23

Karantinin ilk günü

KepezTV Player

Nazirlər Kabineti yanında Operativ Qərargahın qərarına əsasən sərt karantin rejiminin tətbiq olunacağı ərazilərin siyahısı genişləndirilib. Onların içərisində qərb bölgəsinin şəhər və rayonları da var. Daha öncə narıncı zona elan edilən Gəncə şəhərinə Göygöl, Goranboy və Samux rayonları da əlavə edilib. Adıçəkilən rayonlardan sonuncusunda karantinin ilk günü nələrlə yadda qalıb? Daha ətraflı qarşıdakı süjetdə.

Ölkədə tətbiq edilən sərt karantin rejiminin aid olduğu 16 şəhər və rayona Samux da daxildir. Bu gündən etibarən burada ilk dəfə olaraq rayon sakinləri sms icazə vasitəsilə evlərini tərk edə biləcəklər.

Artıq bununla bağlı rayonda daxili polis postları qurulub, bütün nəqliyyat vasitələri yoxlanmağa başlanılıb. Həmçinin ərazidə xidmət aparan polis əməkdaşları tərəfindən piyadalar da maarifləndirilir, onlara sms icazə haqda məlumat verilir və yaşayış yerlərini mümkün olmadıqca tərk etməmələri tövsiyə olunur.

Sərt karantin rejiminin tətbiq edildiyi digər ərazilərdə olduğu kimi Samuxda da ərzaq mağazaları və apteklər, tikinti materialları və məişət xırdavatlarının satışı məntəqələri istisna olmaqla, bütün iaşə obyektlərinin fəaliyyəti dayandırılıb. Eləcə də, rayonun giriş-çıxışlarında nəzarət gücləndirilib. Rayonun 28 kənd və 6 qəsəbəsində 30-dan çox polis postu təşkil edilib ki, həmin postlara da 100-ə yaxın asayiş keşikçisi və daxili qoşunların hərbçiləri cəlb olunub.

Eşqin Qasımov DİN-nin Mətbuat Xidmətinin əməkdaşı:Qeyd etmək istəyirəm ki, Samux rayonunda da təkcə rayona giriş-çıxış, mərkəzdə deyil, eyni zamanda rayonun inzibati ərazisindəki bütün kəndlərdə və qəsəbələrdə də polislə daxili qoşunların əməkdaşları birlikdə xidmət aparır və koronavirusa qarşı mübarizə tədbirləri həmin ərazilərdə də həyata keçirilir. Vətəndaşlardan xahiş olunur ki, kənd, qəsəbə, rayon olmasından asılı olmayaraq zərurət olmadan evdən çıxmasınlar, evi tərk etdikdə isə aidiyyatı üzrə smslərdən istifadə etsinlər.

Samuxda sərt karantin rejimini iyul 20-si səhər saat 6-dək davam edəcək.