• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 2095
— 03.07.2020 20:15

Şəmkirdə buraxılış imtahanı keçirilib

KepezTV Player

Ölkədə 9 və 11-ci sinif şagirdlərinin növbəti buraxılış imtahanları keçirilib. Proses Şəmkirdə də reallaşıb.

Şəmkirin Çinarlı qəsəbəsində 2 nömrəli tam orta məktəbdə baş tutan imtahanda 9-cu sinif şagirdləri iştirak edib. Binadakı 17 zalda imtahana, 20 nəzarətçi və 3 imtahan rəhbəri nəzarət edib. Gələcəyin abituriyetləri 3 saat ərzində Azərbaycan dili, riyaziyyat və xarici dil fənlərindən ümumilikdə 90 suala cavab tapmağa çalışıblar.

Aytən Mustafayeva şagird: Mən Şəmkir rayonun Ağlavaşlı kəndindən gəlmişəm. İmtahan vaxtı hər şey mükəmməl oldu. Yalnız riyaziyyat fənnindən çətinlik çəkdim. Həndəsə bölməsində bir çətinliyim oldu. Azərbaycan dili və xarici dil ingilis dilini - hər ikisini yaxşı yazdım. Sualların hamısını cavablandırdım.

Rəmzi Abbaszadə şagird: İmtahan asan keçdi. Gözlədiyim kimi oldu. Rus dilində çətinliyim oldu. Amma onu da yaza bildim. Bütün sualları cavablandırdım. Burada hər şey yolunda getdi. Çox gözəl nəzarət edirdilər. Qaydalara uyğun nəzarət gedirdi.

İmtahanda şagirdlər 24 yerlik zallarda izolyasiya qaydalarına uyğun şəkildə ara məsafəsi gözlənilməklə 12 nəfər olmaqla yerləşdiriliblər. Ümumilikdə imtahan binasında müxtəlif ərazilərdən 199 abituriyentin iştirakı nəzərdə tutulsa da, gəlməyənlər də olub.

Elnur Hüseynzadə imtahan rəhbəri: Bu günkü imtahan 11:00-da başladı. Şagirdlər 09:00-dan binaya buraxıldılar. Daxili İşlər Nazirliyinin mühafizə xidməti tərəfindən abituriyentlər yoxlanılaraq və temperaturları ölçülərək binaya buraxılışları oldu. Proses boyu temperatur yüksəkliyi hələ ki, qeydə alınmayıb, hər kəsdə 37 dərəcədən aşağı olub. bu binada nəzərdə tutulan abituriyent sayından 10 nəfər iştirak etməyib.

Şəmkirdəki bu günkü imtahanda 2838 şagirdin, 12 binada, 232 zalda imtahan verməsi planlaşdırılmışdı.