• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1327
— 25.06.2020 21:15

Basketbolçular Göygöldə toplanışa başlayıb

KepezTV Player

Basketbol üzrə kişilərdən ibarət Azərbaycan milli komandası Göygöldə hazırlıqlara start verib. Yığmamız yerli Olimpiya İdman Kompleksində məşq keçir. Basketbolçularımız iyunun 19-dan təlim-məşq toplanışına başlayıb. Hazırlıq prosesi iki həftə çəkəcək və iyulun 2-də toplanış başa çatacaq. Hazırda komanda baş məşqçi Samit Nuruzadənin rəhbərliyi altında məşq keçir. Onun türkiyəli köməkçisi Evren Alkaya koronavirusla bağlı məlum vəziyyətdən ölkəmizə gələ bilmir. Bu səbəbdən ona müvəqqəti olaraq “Gəncə” komandasının baş məşqçisi Rizvan Səfərov köməklik edir. Səfərovun rəhbərliyi altında yarımçıq qalan sonuncu mövsümdə Nizami yurdunun təmsilçisi çempionatın bürünc medallarını qazanıb. “Gəncə” komandasının kapitanı Amil Həmzəyev də yığmanın düşərgəsindədir. Qeyd edək ki, federasiyalar tərəfindən Gənclər və İdman Nazirliyinə edilən sifarişlər nəzərə alınaraq, idman növləri üzrə yığma komandaların qapalı şəraitdə müxtəlif Olimpiya İdman Komplekslərində məşqlərinə icazə verilib. Bu, Nazirlər Kabineti yanında Operativ Qərargahın razılığı əsasında idmançıların yoxlanılması, onların xüsusi karantin qaydalarına əməl etmələri və federasiyalar tərəfindən nazirliyə gündəlik hesabatların verilməsi şərti ilə reallaşıb.