• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1524
— 25.06.2020 11:55

"Qabaqlayıcı tədbirlər bizi böyük fəlakətdən qorudu"

KepezTV Player

“Qısa müddət ərzində 200 çarpayılıq, müasir texnologiyalar əsasında quraşdırılan xəstəxana artıq istifadəyə verilir. Nəzərə alsaq ki, koronavirusla mübarizə davam edir, bu xəstəxananın çox böyük əhəmiyyəti var”. Bunu 1 saylı Gəncə Şəhər Xəstəxanasının modul tipli infeksion xəstəliklər korpusunun açılışında iştirak edən Prezident İlham Əliyev bir qrup tibb işçisi ilə görüşündə deyib. Bu, ölkədə sayca 5-ci modul tipli xəstəxanadır. Dövlət başçısının sözlərinə görə, yaxın həftələrdə digər şəhərlərdə də bu tipli xəstəxanalar istifadəyə veriləcək və bununla da belə xəstəxanaların sayı 10-a çatacaq. Bu da əlavə 2 min çarpayı deməkdir.

Prezident İlham Əliyev vurğulayıb ki, koronavirusla əlaqədar ilkin mərhələdə qabaqlayıcı tədbirlər bizi böyük fəlakətdən qorudu. Çünki Azərbaycanda yoluxanların sayı əhalinin ümumi sayı ilə müqayisədə çox aşağıdır. Cəmi 13 min insan yoluxub, onların da böyük əksəriyyəti sağalıb və xəstəxanalardan çıxıb. COVİD xəstələrinin sayının kəskin artmasının bir çox ölkələrin səhiyyə sisteminə böyük zərbə vurduğuna diqqət çəkən dövlət başçısı qeyd edib ki, əslində, heç bir ölkənin səhiyyə sistemi belə sürətlə artan xəstələrin müalicəsinə hazır deyildi. Eyni zamanda, digər problem xəstələrə xidmət edən həkimlərin sayı ilə bağlıdır. Bu da bir çox ölkələr, o cümlədən Azərbaycan üçün böyük problemə çevrilib. Odur ki, məhdudlaşdırıcı tədbirlərin görülməsi böyük fayda verib.

İlham Əliyev Azərbaycan Respublikasının Prezidenti:Ancaq son müddətin dinamikası göstərir ki, bizim bütün tələblərimizə baxmayaraq, bəzi insanlar məsuliyyətsizlik göstərərək elementar qaydalara əməl etmirlər. Bu qaydalar haqqında artıq bəlkə min dəfə deyilib. Həm mən demişəm, həkimlər deyib, tibb mütəxəssisləri deyib, müxtəlif insanlar deyib. Təkcə Azərbaycanda yox, bütün dünyada bu qaydalar çox sadədir və onlara əməl etmək o qədər də böyük əziyyət tələb etmir - maska, məsafə və dezinfeksiya. Bu üç əsas amil insanları qoruyur. Əgər bu üç amilə əməl olunarsa, onda yoluxmanın sayı kəskin azalacaq. Ancaq biz nəyi görürük? Onu görürük ki, yumşalma tədbirlərindən sonra Azərbaycanda bu qaydalar kütləvi surətdə pozulur və məhz buna görə biz yenidən məhdudlaşdırıcı tədbirləri tətbiq etdik.

"Kütləvi surətdə yeni davranış qaydaları tətbiq edilməlidir"

“Hər kəs yaxşı başa düşür ki, koronavirus yoxa çıxmayıb və yoxa çıxmayacaq. Biz bu xəstəliklə yaşamağa məcburuq və artıq kütləvi surətdə yeni davranış qaydaları tətbiq edilməlidir”. Prezident İlham Əliyev diqqətə çatdırıb ki, ona görə bütün ölkələrin əsas səyləri odur ki, yoluxmanın sürəti azalsın, az insan xəstələnsin və ölkələrin səhiyyə sistemi imkan versin ki, bütün xəstələr lazımi müalicə alsınlar.

İlham Əliyev Azərbaycan Respublikasının Prezidenti: Çünki bir daha demək istəyirəm, - mən bunu demişəm, - mənim üçün insanların sağlamlığı əsas prioritetdir. Əlbəttə, iqtisadiyyat tənəzzülə uğrayır və hələ bəlli deyil ki, ilin sonuna qədər bizi hansı problemlər gözləyir. Hər kəs bunu bilməlidir. Eyni zamanda, dünya bazarlarında neftin qiyməti hələ də sabitləşməyib. Əlbəttə, o böyük çökmənin qarşısı alınıb və neftin qiyməti tədricən bərpa edilib. Ancaq Azərbaycan büdcəsi neftin qiymətinin 55 dollarına hesablanıb və beş ayın nəticəsində neftin orta qiyməti 41 dollardır. Ona görə bizim gəlirlərimiz azalır. Bir neçə önəmli iqtisadi sahə demək olar ki, fəaliyyətsiz qalıb. Onların biri turizm sahəsidir. Biz son 4-5 il ərzində turizm sahəsini çox güclü və təkanverici sektor kimi formalaşdırmışdıq və ildən-ilə Azərbaycana gələn turistlərin sayı artırdı. Keçən il rekord həddə çatmışdır, ölkəmizə 3 milyon xarici vətəndaş gəlmişdir. Müxtəlif hesablamalara görə, onlar Azərbaycanda təqribən bir yarım – iki milyard dollar pul xərcləyiblər. Bu, ölkəmizə gələn valyutanın artması deməkdir. Yəni, biz bundan məhrum olduq.

"İqtisadi problemlər kəskinləşsə də, insanların həyat tərzinə böyük təsiri olmayacaq"

Bir neçə sektor artıq uzun müddətdir fəaliyyətsizdir. İşini itirmiş, yaxud aztəminatlı təbəqəyə aid olan, hətta qeyri-rəsmi şəkildə işləyən insanlar faktiki olaraq çətin vəziyyətdə qalıblar. Amma Azərbaycan dövləti hər zaman vətəndaşının yanındadır. Dövlət başçısı vurğulayıb ki, Azərbaycan son illər ərzində görülən işlər, aparılan islahatlar nəticəsində iqtisadi gücünü böyük dərəcədə artırıb. İlin sonuna qədər iqtisadi sahədə problemlər kəskinləşsə də, insanların həyat tərzinə bunun böyük təsiri olmayacaq.

İlham Əliyev Azərbaycan Respublikasının Prezidenti:;Heç bir sosial layihə ixtisar edilməyib. Bu gün mənim Gəncəyə səfərim çərçivəsində açılan və açılacaq obyektlərin sayı onu göstərir. Heç bir sosial layihə ixtisar edilməyib, əksinə, biz 10 modul tipli xəstəxananın tikintisini təmin edirik. Biz məcburi köçkünlər üçün yeni şəhərciklər salırıq. Onlardan biri də Samux rayonundadır. Yeni məktəblər tikilir. Bu gün Gəncədə Mənzil İnşaatı Dövlət Agentliyinin xətti ilə yeni yaşayış kompleksinin tikintisi ilə tanış olmuşam. Orada da məktəb, bağça tikilir. Bütün bunlar dövlət büdcəsi hesabına təmin edilib. Mən demişəm ki, sosial sahədə heç bir ixtisar olmayacaq. Hesab edirəm ki, koronavirus pandemiyasının miqyasından asılı olmayaraq, ilin sonuna qədər insanların yaşayış səviyyəsi dəyişməz olaraq qalmalıdır.

"İctimaiyyət dövlətin addımlarını dəstəkləməsə, bunun xeyri olmayacaq"

Hazırda Azərbaycanda koronaviruslu xəstələrin aşkarlanması üçün 23 laboratoriya var. Amma problem ondadır ki, artıq fevral, mart aylarında sifariş edilmiş avadanlığı almaq olmur. Çünki istehsalçı ölkələr onu satmır, özləri üçün saxlayırlar. İlham Əliyev onu da nəzərə çatdırıb ki, dövlət tərəfindən atılan addımlar kütləvi surətdə ictimaiyyət tərəfindən dəstəklənməsə, bunun xeyri olmayacaq. Dəstək isə üç adi qaydanı gözləmək, buna əməl etmək və məsuliyyət, nizam-intizam göstərməkdir.

İlham Əliyev Azərbaycan Respublikasının Prezidenti:Mən maska ilə gəzirəm. Göstərmişəm, bir daha göstərirəm. Bütün qapalı yerlərdə maska taxıram. Yaxşı, indi Prezident bunu edirsə, niyə başqası edə bilməz? Nə çətin şeydi bu? Heç bir əziyyət vermir, heç bir problem yaratmır. Sadəcə olaraq, məsuliyyətsizlik və deyə bilərəm ki, eqoizm və biganəlik. Gənc nəslin nümayəndələri üçün bu xəstəlik o qədər də təhlükəli deyil və hesab edir ki, xəstələnərəm, sağalaram. Axı, yaxşı sən sağalarsan, amma sən yaşlı insanı da yoluxdurarsan. Sən onun həyatını təhlükə altına atırsan. Biz bu məsuliyyətsizliyə dözməliyikmi? Çünki bu, cinayətdir. Ona görə ictimai qınaq və çox ciddi dövlət nəzarəti olmalıdır.

"Belə davam edərsə, cərimələrin həcmi artırılacaq"

Dövlət başçısı deyib ki, idarə rəhbərləri maska taxmayan işçiləri barədə tədbir görməlidirlər. Əgər belə davam edərsə, cərimələrin həcmi artırılacaq.

İlham Əliyev Azərbaycan Respublikasının Prezidenti:Çünki indi böyük imkanlara sahib olan adamlar nə üçün 50 manat, 100 manat cərimə verirlər. O çıxır, maşınına oturur, hara istəyir gedir. Tutaq ki, onu saxladılar, saxlamadılar, onu da hələ bilmək olmur. Çünki hər kəsi saxlamaq da mümkün deyil. Cəriməni verir gedir, sonra istədiyini edir. Ona görə mən tapşırıq vermişəm ki, dövlət orqanları, yerli icra orqanları, hüquq mühafizə orqanları tərəfindən bu məsələyə daha ciddi nəzarət olmalıdır. Çünki bu, milli təhlükəsizlik məsələsidir.

Gəncədə bir sıra problemlər həllini tapacaq

Gəncədə yeni obyektlərin açılışı, şəhərin tarixi abidələrinin bərpasından danışan Prezident İlham Əliyev deyib ki, ölkədə birinci “Yaşıl şəhər” layihəsi məhz Gəncədə həyata keçiriləcək. Bu məqsədlə Avropa Yenidənqurma və İnkişaf Bankından təqribən 70 milyon avro dəyərində kredit götürülür. “Yaşıl şəhər” layihəsi ictimai nəqliyyatı əhatə edəcək. Ondan sonra küçələrin işıqlandırılması, bərk məişət tullantılarının utilizasiyası problem həllini tapacaq.

İlham Əliyev Azərbaycan Respublikasının Prezidenti: Mən Gəncə şəhərinə müntəzəm olaraq gəlirəm. Bu səfərim prezident kimi 16-cı səfərdir. Yəni, orta hesabla ən azı ildə bir dəfə mən Gəncədə oluram. Gəncə bu gün ölkəmizin həm sənaye mərkəzinə çevrilir, həm mədəniyyət mərkəzidir, həm də böyük tarixi var. Əlbəttə ki, tarixin qorunması hər birimizin işidir. Eyni zamanda, çox şadam ki, son vaxtlar kənd təsərrüfatının sürətli inkişafı və kənd təsərrüfatı ilə məşğul olan insanların maliyyə vəziyyətinin yaxşılaşdırılması nəticəsində bu sahəyə böyük maraq var. Dövlət Aqrar Universitetinə müraciətlərin sayı artır. Artıq yeni korpusun tikintisi başa çatır, bu gün tanış olacağam. Ölkəmiz üçün lazım olan mütəxəssislər Gəncədə yetişdiriləcək.

Dövlət başçısı vurğulayıb ki, bütün lazımi işlər görülür, amma gündəlikdə koronavirusla mübarizə birinci plandadır. Həkimlərin fəaliyyətini yüksək qiymətləndirdiyini deyən İlham Əliyev onları bu yaxınlarda qeyd etdikləri peşə bayramı münasibətilə təbrik edib.