• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 717
— 24.06.2020 19:15

Erkən nikah Azərbaycanda aktual ailə problemlərindən biridir

KepezTV Player

“Erkən nikah və qohumlar arasında nikah halları Azərbaycanda aktual ailə problemlərindən biridir. Bu halların baş verməsi bir çox hallarda ailələrdə münaqişələrə, boşanmalara, anadangəlmə qüsurlu uşaqların dünyaya gəlməsinə və nəticədə sosial cəhətdən həssas qrupların sayının artmasına səbəb olur”. Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsindən APA-ya verilən xəbərə görə, ölkədə 18 yaşadək nikaha girən qızların sayının ən yüksək həddi 2011-ci ildə olub. Həmin dövrdə belə qızların sayı 5138 idisə, qanunvericillikdə qızlar üçün minimal nikah yaşının 17-dən 18-ə qaldırılması, habelə qadını nikaha məcbur etməyə görə cinayət məsuliyyətinin müəyyən edilməsi və maariflənmə işlərinin nəticəsində 2012-ci ildən bu göstəricinin azalması müşahidə olunur. Belə ki, 2018-ci ildə bu rəqəm 338 olub. Eyni zamanda, 15-17 yaşlı qadınlar tərəfindən doğulan uşaqların sayı da 2011-ci ildə 4392 idisə, 2018-ci ildə bu rəqəm azalaraq 2129 olub. Qohumlar arasında nikahlarla bağlı statistika mövcud deyil.