• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 2364
— 24.06.2020 15:58

Hərarəti yüksək olan 2 şagird imtahana buraxılmadı

KepezTV Player

Dövlət İmtahan Mərkəzi ümumi və tam orta təhsil səviyyəsi üzrə buraxılış imtahanları keçirib. Pandemiya şəraitinin tələblərinə əsasən iştirakçıların yalnız tibbi maska ilə imtahan binasına daxil olmasına icazə verilib. Buraxılış rejimi yeni qaydalara uyğun şəkildə tənzimlənib, imtahan heyəti müvafiq qoruyucu vasitələrlə təmin olunub. İmtahanlar Qazax, Xızı, Zaqatala, Qax, Ucar, İsmayıllı, Sabirabad, Siyəzən, Xaçmazda olmaqla, ümumilikdə 9 şəhər və rayonda baş tutub. İlkin məlumatlara əsasən 2 şagirdin bədən hərarəti yüksək olduğu üçün binada olan təcili tibbi yardım üzrə həkimin rəyinə uyğun olaraq imtahana buraxılmayıb.

Bu arada Dövlət İmtahan Mərkəzi qəbul imtahanlarına hazırlaşan abituriyentlərə müraciət edib. COVID-19 ilə bağlı ölkədə tətbiq edilən xüsusi karantin rejimini nəzərə alaraq, abituriyentlərə dəstək məqsədilə Mərkəzin “Youtube” kanalında təcrübəli ekspertlərin bütün qəbul imtahanı fənləri üzrə mühazirələrini yerləşdirib. Portalda Azərbaycan dili, ədəbiyyat, tarix, coğrafiya, rus dili, riyaziyyat, fizika, kimya, biologiya fənləri üzrə ümumilikdə 111 videomühazirə var. Mühazirələr qəbul proqramlarını tam əhatə etməklə, təqdim olunmuş nəzəri materialların tətbiqinə dair test tapşırıqları ilə də təchiz edilib.